İnsanlara hürriyət, millətlərə istiqlal!

“Gürcü arzusu” niyə geri çəkildi?..

727 14.03.2023 12:14 Yazarlar A A

Əsl sayıq cəmiyyət belə olur. Bir anın içində küçə və meydanlar etirazçılarla doldu. Hökumət məcbur olub “Xarici agentlər” haqqındakı qanun layihəsini Venesiya komitəsindən və parlamentdən geri çağırdı və beləcə, proses başa çatmış oldu: 1938-ci ildə ABŞ-da qəbul olunmuş qanunun analoqu olduğu deyilən gürcü layihəsi yoxluğa qərq oldu. Bizi daha çox elə bu məqam düşündürürdü. ABŞ-da belə bir qanunun olub-olmadığını bilmirik. Bildiyimiz budur ki, bu ölkədə leqal lobbizim fəaliyyəti hökm sürür, ayrı-ayrı təşkilatlar və insanlar maddi yardımın müqabilində bu və ya digər dövlətlərin və təşkilatların maraqlarını qoruyur və onlara dəstək olurlar. Amma bir daha deyirik ki, “xarici agent” haqqında qanunun bu ölkədə olub-olmamsı bizə məlum deyil. Bu qanun ABŞ-da vardısa, niyə görə amerikalılar Gürcüstanda qanunun geri çağırılmasından məmnun olduqlarını dedilər?..

Bildiyimiz budur ki, qonşu Rusiyada belə qanun var və özü də bir neçə ildir ki, qüvvədədir. Nəzərə alsaq ki, Ukraynada müharibə başlayandan sonra Gürcüstan Rusiyaya “xüsusi münasibət” sərgiləməyə çalışır, belə  qanunun Tiflisdə də meydana çıxmasını başa düşmək olar. Bəli, “Gürcü arzusu” xeyli xofludur. Bir tərəfdən, Ukrayna və Moldova kimi Gürcüstanın da Rusiyanın “qara siyahısı”na düşə biləcəyindən ehtiyat edir, digər tərəfdən də hakim siyasi koalisiya hakimiyyəti itirə biləcəyindən təşviş keçirir.

Amma belə də ehtimal vardı ki, qeyd olunan qanunu gündəmə gətirməklə rəsmi Tiflis Avropa İttifaqına təzyiq etməyə çalışırdı. Bunun da iki istiqaməti və səbəbi göstərilir. Bir ehtimala görə, Tiflis Avropanın Ukrayna və Moldova kimi ona da namizəd-dövlət statusu verməməsindən acıqlıdır. Digər bir ehtimala görə, Ukraynaya müharibə elan edəndən sonra Tiflisin Moskvaya münasibəti xeyli mülayimləşib və iş hətta o yerə çatıbdır ki, Avropa İttifaqı son vaxtlarda Tiflis qarşısında daha bir tələb qoyub: Rusiyaya münasibətdə müəyyənləşsin...

Bizə elə gəlir ki, ikinci ehtimal həqiqətə daha yaxındır. Rəsmi Tiflis də həm bunun əvəzini çıxmaq üçün, həm də özünü sığortalamq üçün məhz “xarici agent”lər haqqındakı qanunu ortaya atdı. Amma yaman uğursuz oldu bu: gürcü cəmiyyəti öz hökumətindən güclü çıxdı. Həm də hökumət içində dərhal parçalanma baş verdi: prezident Solome Zurabişvili ilk gündən bəyan etdi ki, qanun qəbul olunarsa, o, özünün veto hüququndan istifadə edəcək. Qeyd edək ki, gürcü prezidenti xeyli dərəcədə qərbpərəst siyasi xadimdir və biz dəfələrlə bunun şahidi olmuşuq.

Amma bizi burada başqa bir sual düşündürür. Gürcü cəmiyyəti xeyli dərəcədə ayıq-sayıq, güclü cəmiyyətdir. Özü də belə etirazlar birinci dəfə deyil ki, baş vetir. Bir-iki il bundan əvvəl rusiyalı deputatın gürcü parlament spikerinin yerində oturması gürcü cəmiyyətini əməlli-başlı çalxalamışdı və hətta, səhv etmiriksə, buna görə gürcü parlamentariləri gürcü cəmiyyətindən üzr də istəməli oldu.

Fəqət, bizi başqa sual düşündürür. Bəs niyə cəmiyyət eks-prezident Saakaşvilinin müdafiəsinə qalxmır? Axı gürcü hakimiyyəti onu sözün əsl mənasında incidir!

Demokratik ölkələr və təşkilatlar dəfələrlə Saakaşvili ilə bağlı bəyanatlar veriblər. Yox, demək olmaz ki, bu xüsusda Tiflisdə hansısa aksiya keçirilməyib. Yox, keçirilib. Amma onlar davamlı və ən başlıcası, nəticəli olmadı. Əslində isə olmalı idi. Birincisi, ona görə ki, Saakaşvili çox tanınan adamdır və əsl qərbçi-demokrat imici var. İkincisi, onun bir vaxt liderlik və rəhbərlik etdiyi “Vahid milli cəbhə” partiyası bu gün də ölkənin əsas müxalifət təşkilatıdır. Bəs onda problem nədədir? Niyə görə gürcü cəmiyyəti öz keçmiş prezidentinin müdafiəsinə qalxmır? Axı məhz eks-prezident Mixeil Saakaşvili Gürcüstanda bir neçə təşəbbüsün müəllifi olmuşdu!..

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR