Bu, Braziliya millisinin forvardı Neymardır, uduzub, ağlayır.
O, adi, klublararası turnirdə uduzmayb, 4 ildən bir keçirilən mundialda uduzub, ona görə kövrəlib və göz yaşlarını saxlaya bilməyib.
Adətən, futbolçular adi çempionat oyunlarında uduzanda ağlamırlar, çünki bir həftədən sonra başqa bir oyuna çıxacaqlar. Mundialda uduzanlar isə ölkələrinə qayıdır. Onlar üçün yarışma bitir, çempion olmaq şansı sıfırlanır, uyğun arzu ürəklərində qalır.
İndi Neymar ona görə ağlayır ki, o, müasiri olan futbolçular qədər bacarıqlı, səriştəli olsa da, bu mundialda çempion olmaq imkanını itirib. O, həm də karyerası boyunca hər zaman Messi və Ronaldonun kölgəsində qaldığı, onlardan yaxşı olduğunu təsdiqləyə bilmədiyi üçün ağlayır.
Mundialda, finalın iki addımlığında uduzmaq çox ağırdır. Yarımfinalda və finalda uduzmaq isə daha dözülməzdir. Neymar o mərhələlərdə uduzsaydı, daha bərk ağlayar, hönkürərdi.
Təkcə Neymar deyil, 1990-cı ildə baş tutan dünya çempionatında alman Matteusa uduzan Maradona da ağlamışdı. 1994-cü ildə Roberto Badcio kövrəlmişdi. Ondan sonrakı mundiallarda mütləq yarımfinal və finallarda uduzub ağlayanlar olub.
2022-ci ildə Qətərdə keçirilən müvafiq yarışmada Mbappe elə bir emosional ovqata qapıldı ki, ölkəsinin prezidenti Makron belə onu ovuda bilmədi. İndilikdə isə onun və komandasının işi yaxşı gedir, düşünür ki, finalda gülən tərəf o olacaq. Amma bilmək olmaz. Hansısa komanda Mbappenin özünü və anasını bu dəfə də ağlada bilər.
Necə ki Norveç vikinqləri dünən gecə Neymarla bərabər milyonlarla braziliyalını ağlatdılar.
İndi Neymara yaraşan odur ki, əlini elə bu cür də üzünə tutub getsin. O, 41 yaşına çatsa da, iddiasından geri durmayan Ronaldo, 39 yaşını tamam edən və formasından düşməyən Messi ola bilmədi. Adam maestro idi, top oynatmağı, driblinq etməyi heç kəs onun kimi bacarmırdı. Amma onda nəsə çatışmadı və axırda bu cür, ağlar günə qaldı.
Musavat.com






