İnsanlara hürriyət, millətlərə istiqlal!

Güney Qafqazda sülh niyə uzunömürlü olmur? - tarixə baxış

968 02.12.2023 09:23 Siyasət A A

Azərbaycanlı tarixçi erməni “alimi” susdurdu; Musa Qasımlı: “Sülhdən danışan bu ”tarixçi” ilk növbədə...”

Artıq heç kəsə sirr deyil ki, bölgədə qalıcı sülh və əməkdaşlıq atmosferinin bərqərar olması kapitulyant Ermənistanın nə dərəcədə tarixdən dərs götürüb Azərbaycan və Türkiyə ilə əlaqələri qaydaya salmaq istəyindən asılı olacaq. Əfsus ki, bu yöndə hələ də İrəvan rəsmilərinin dilindən yalnız quru bəyanatlar eşidirik. Ermənistan üç ildir sülhün imitasiyası ilə məşğuldur. Üstəlik, heyrətamiz həyasızlıqla Bakı və Ankaranı qeyri-konstruktiv mövqe tutmaqla suçlamaqda, “müdafiə” adı ilə Qərb tərəfindən silahlandırılmaqdadır.

“Dünyanın kəsişməsi” (“Sülh qovşağı”) layihəsi hamıya vacib siqnaldır ki, biz regionda qarşıdurmaya son qoymaq üçün sülh və münaqişələrin həlli tərəfdarıyıq. Lakin təəssüf ki, Cənubi Qafqaz sülhün adətən çox uzun sürdüyü region deyil".

Bunu İrəvandakı elmi-analitik fondunun direktoru, tarixçi Robert Kazaryan deyib.

O xatırladıb ki, bölgə, ilk növbədə “sivilizasiyaların və xalqların qovşağında yerləşən Ermənistan”ın “dağlıq ərazisi” həmişə müharibələrin episentrində olub, nəticədə erməni xalqı ağrılı itkilər verib: “Biz sülh arzulamaya bilmərik, lakin bu cür layihələr Ermənistanın milli maraqlarına əsaslanmalıdır və bu, birtərəfli ola bilməz. Qonşuların da bunda maraqlı olması lazımdır”.

Məsələ də ondadır ki, iki əsrdir Güney Qafqazı qarışdıran elə köçmən ermənilər deyilmi? Hamı bilir ki, Ermənistan, ümumən erməni toplumu məhz böyük güclərin əlində maşa olduğu, xaricdəki havadarlara güvənərək qonşu xalqlara qarşı əsassız ərazi iddiası ilə yaşadığı üçün bölgədə qanlı toqquşmalar səngimir. Arada müvəqqəti sönsə də bir müddət sonra yenə alovlanır. 

Yəni ermənilərin bu xislətdən əl çəkməsi yetər ki, regionda bir daha qırğınlar, müharibə-münaqişə olmasın, bölgəyə əbədi sülh gəlsin. Bu bəlkə də onlar üçün sonuncu şansıdır. Əl çəkəcəklərmi? Ermənistan Azərbaycanla daimi sülhün əsasını təşkil edəcək ədalətli sülh müqaviləsi imzalayacaqmı, yoxsa yenə vaxtı növbəti müharibəyədək uzatmağa çapışacaq?

Musa Qasımlı: 65 yaşına çatan müəllimlərin müqavilələrinin müddətinin  artırılmasında fayda var

Musa Qasımlı 

AMEA-nın müxbir üzvü, tarixçi professor, millət vəkili Musa Qasımlı bu fikirlərə sərt reaksiya verdi: “Hansısa erməni ”tarixçisi"nin səsləndirdiyi bu fikirlər gerçəkliyi qətiyyən əks etdirmir. Bu, erməni riyakarlığının növbəti təzahüridir. Sülhdən danışan bu “tarixçi” ilk növbədə özünə belə bir sual verməli idi: Cənubi Qafqazda nifaqı, kin-küdurəti, münaqişəni kim yaradır? Cənubi Qafqaza terroru kim gətirib? İndi Cənubi Qafqazda sülhün əldə olunmasına mane olan hansı ölkədir? Həmin “tarixçi”yə xatırladıram. Cənubi Qafqazda nifaq, kin-küdurət, münaqişə yaradan, bu regiona gəlməli olan ermənilərdir. Aborigen olmayan ermənilər, Azərbaycan torpaqlarında yerləşərək özlərinə qurama dövlət quranlar bu regionu qarışdırmaqla məşğuldurlar. Cənubi Qafqazda Ermənistan adlı dövlət olmayıb. Bu dövlət 1918-ci ildə Azərbaycan torpaqlarında yaradılıb, Azərbaycan şəhəri olan İrəvan da paytaxt olaraq güzəştə gedilib. Bunun sənədləri var. Həqiqəti əgər həmin “tarixçi” bilmək istəyirsə, götürüb Erməni Milli Şurasının Azərbaycan Milli Şurasına müraciətini arxivlərdən oxusun. Ermənistan çox təəssüf ki, dünyanın qovşağı, birləşdiyi məntəqə deyil. Bu ölkə münaqişə yaradan, müharibələrə yol açan bir dövlətdir. Bu gün münaqişə, müharibə, terror deyiləndə ilk növbədə, göz önünə Ermənistan gəlir. Beynəlxalq hüququ pozaraq, başqa bir ölkənin ərazisini işğal etmək, Xocalı soyqırımını həyata keçirmək, tarix və mədəniyyət abidələrini yerlə yeksan etmək erməni “tarixçi”nin baxışlarına görə sülhdürmü? Sivilzasiyalararası əməkdaşlıqdırmı? Qətiyyən yox. Azərbaycan 44 günlük Vətən müharibəsində və lokal xarakterli antiterror tədbirlərində özünün dünya birliyi tərəfindən tanınmış ərazilərində dövlət suverenliyini bərpa etdi. Bu, beynəlxalq hüququn aliliyinin təmin olunması demək idi. Belə olan şəraitdə Ermənistan nə üçün sülhə gəlmir?  Azərbaycan sülh əlini Ermənistana uzadıb, nə üçün 3 ildir Ermənistan ona uzanan sülh əlini tutmur? Nə üçün indiyə qədər Türkiyə və Azərbaycana qarşı ərazi iddialarından əl çəkmir? Nə üçün Ermənistanın rəsmi dövlət saytlarında Azərbaycan və Türkiyə ərazilərinə iddialar hələ də qalır? Bu, erməni “tarixçisi”nin baxışlarına görə sülhdürmü? Necə olur ki, Ermənistan rəhbərliyi bu gün bir söz, sabah digər bir söz deyir? İmzasına bir sözlə hörmət etmir. Əlbəttə, bu barədə çox danışmaq olar. Düşünürəm ki, bu “tarixçi”, hər hansı bir sözü deyərkən, özlərinə baxmalıdır. Qafqazda uzunmüddətli sülh nəyə görə yoxdur? Bunun səbəbkarı kimdir? Aynada özlərinə baxsalar, özlərini görəcəklər. Qafqazda sülhün qurulmasına mane olan başlıca amil Ermənistan və onun siyasətidir".   

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR