İnsanlara hürriyət, millətlərə istiqlal!

Güloğlan üçün rekviyem

1652 20.03.2023 09:00 Yazarlar A A

Saatlının Azadkənd obasında vaxtilə Güloğlan adlı bir nəfər yaşayırmış, indi rəhmətə gedibdir, Allah rəhmət eləsin, yeri behişt olsun, kosmos daim köməyində dursun. Güloğlan müəllimi yada salmağımızın səbəbi isə onun tarixi izahatıdır.

Güloğlan uşaqlığında məktəbə az-az gedirmiş, o vaxtlar da indiki kimi deyildi, bütün təhsil ocaqları ciddi dövlət nəzarəti altındaydı, hər uşaq mütləq məktəbə getməliydi. İstəyirsən oxu, istəyirsən oxuma. Məcburi təhsil idi. Guya adı batmış Sovet hökuməti bu yolla yüksək savadlı kommunizm qurucuları yetişdirəcəkdi, lakin axırda qarpız da yetişdirə bilməyən nəsil yaratdı, həmin iqtisadi-siyasi problemlər üzündən dövlət dağılıb cəhənnəmə vasil oldu.

Nəsə, bu günkü mövzumuzun SSRİ-nin dağılmağına dəxli yoxdur. Biri də yadıma düşdü, onu da yazım. Bir gün Rasiyanın müdiri Putindən SSRİ haqda soruşmuşdular, demişdi ki, SSRİ-nin dağılmasına sevinənlərin qəlbi, SSRİ-nin bərpa olunmasını arzulayanların isə ağlı yoxdur. Hərçənd, axırda özü də başladı SSRİ-ni bərpa etmək üçün qurdalanmağa. Hətta bir dəfə balaca rus uşağının qarnını “maç” eləyib (bunun da belə əcaib həvəskarlığı var, balaca uşaq görəndə tutub zorla qarnından öpür) soruşdu ki, Rusiyanın sərhədi hara qədərdir, uşaq coğrafi yerlərin adını saymaq istəyəndə isə onu saxladı, söylədi: “Yadda saxla, Rusiyanın sərhədi heç yerdə qurtarmır”. Belə işğalçı düşüncəli adamdır. İnşallah, bunun kimi şeylərə görə Putini dama basıb 15-20 il verərlər, hazırda Beynəlxalq Məhkəmədə cinayət işi açılıbdır.

Vaxtilə Ağsu məhkəməsinin hakimi işləyən Tahir Kərimli SSRİ prezidenti Qorbaçova ölüm cəzası kəsmişdi, bu da yadda qalan hadisədir. Düzdür, Tahir müəllim sonrakı illərdə çox qışqırdı, bağırdı, hökmünü eşidən olmadı. Şükür, nəhayət keçən ilin avqustunda Qorbaçov yıxdığı dövlətin vasil olduğu yerə yollandı. Belə demək mümkünsə, həzrəti Əzrayıl 33 il sonra Tahir müəllimin qətnaməsini yerinə yetirdi, hökm qəti olaraq qüvvəyə mindi, vəsatətlər baxılmadan saxlanıldı və sairə. Biz isə Tahir müəllimi deputat qoymuşuq, Allah hamıya xidmətlərinin əvəzində yaxşı kreslo qismət eləsin. İlahi, amin, uzaqdan-yaxından bu yazını oxuyanlar üçün bir salavat zikr eləyək.

Bu arada Dövlət İmtahan Mərkəzinin müdirəsi Məleykə xanımın başı üzərində qara buludlar sıxlaşır. Haqqında demaqoqiyalar artmaqdadır. Biri yazır ki, niyə penisiyaya çıxmır, 70 yaşı var. Hətta qərəz üçün 70 yaşında, təzəlikcə penisiyaya göndərilən Ali Məhkəmənin sədri Ramiz müəllim yada salınır. Başqası deyir imtahanlarda suallar çox çətinləşibdir, uşaq kəsilir, bəs biz qızı ərə verəndə cehizin üstündə hansı diplomu qoyacağıq. Məsələn, bugünlərdə mən bir şagirddən çox qəribə tənqid eşitdim. Deyir imtahana düşən sualın biri əslində ikinci imtahanda olmalıydı. Axı nə dəxli var? Sən iki imtahan üçün hazırlaşmısansa, bunun suallarının hansı günə düşməyinin cavaba nə təsiri ola bilər? Müftəxor gənclik yetişir. Bunların həyat devizi “Allahdan buyruq, ağzıma quyruq”dur.

Hərçənd, Məleykə xanım da bəzən mistik-dini açıqlamalar verir, başa düşmürsən onu rəhmətə gedən mollanın yerinə təyin ediblər, yoxsa həqiqətən dövlətin elmi imtahan işlərinə baxır. Məsələn, bu açıqlamasına diqqət edin: “Sağ əlim mənə qibtə edənlərin başına olsun”. Belə söhbət olarmı? Bu nə deməkdir, sən Tanrı? Sabah da deyəcək imtahana gələnlər qoluna dəvə qığı ilə əncir budağı bağlasın, qara pişik miyoldasa testi doldurmadan otaqdan çıxın, nə bilim, on üçüncü sual nəhsdir və sairə. Qarğış, bəddua, dua, cadu, piti eləyəndə gərək dövlətin sisteminə aid olan qarğış və sairədən istifadə olunsun. Elmi bəddua lazımdır. Yoxsa sağ əlim... Hələ mən onu yazmıram ki, gərək sağ əlin elədiyini sol əl bilməsin.

Güloğlanın əhvalatı isə belədir, bir gün məktəbin direktoru uşağı kəndin içində ələ keçirir, deyir, a bala, məktəbə niyə gəlmirsən. Güloğlan deyir: “Müəllim, məktəb mənim tərbiyəmi pozur”.

Hamınızın bayramı mübarək, o cümlədən bu əhvalatı mənə yazan Azadkənd sakini Günel xanım Hacıbəylinin.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR