İnsanlara hürriyət, millətlərə istiqlal!

Güllü general

1586 16.07.2024 09:51 Yazarlar A A

Keçmiş deputat, Hadı Rəcəblinin uşaqlıq dostu Hüseynbala Mirələmovun oğlu su pulunu vermirmiş. İdarə övladı məhkəməyə çəkibdir. Mənə maraqlıdır, görəsən, onun suyunu kəsmək çətindirmi? Sadə vətəndaşın 5-10 manat borcu yarananda dərhal kəsirlər, borunun ağzına elə tıxac vururlar, dəniz allahı Neptun gəlsə, dartıb çıxara bilməz. Deputat və oliqarxın oğlu maddi sərvətləri israf edəndə isə uzağı məhkəməyə verilir. 

Başqa israfçılıq hadisəsi keçmiş qərargah rəisimiz, general Nəcməddin müəllim ətrafında ortaya çıxıbdır. Vəzifədə olarkən çiçək dükanından 60 min manatlıq gül-çiçək, 14 min manatlıq dibçək alıbdır. Sitat: “21 min manata 6 dəst (cəmi 36 ədəd) armudu stəkan, 8 min manata isə 80 butulka (biri 100 manat) çaxır alınıb. Sadıkovun şəxsi istifadəsinə verilən 29 min manatlıq armudu stəkan və çaxırın pulu dövlət hesabına ödənilib”. Ümumilikdə Nəcməddin müəllim 800 min manata yaxın pulu 4 ildə tədbirlərə-zada əridibdir. 

Əlbəttə, yeyib-içən oğlan yaman olmaz və Nəcməddin müəllimin belə fəaliyyətlərinin canlı şahidiyəm. Mən əsgərlikdə olanda Göygöldə “Mircəfər Bağırovun daçası” adlı obyekt vardı, ordumuzun aktivində idi və vaxtaşırı Nəcməddin müəllim orada yeyib-içməyə gələrdi. Üstəlik, tək olmazdı - kollektivə yelbeyin xanımlar da cəlb edilirdi. 

Eyni zamanda biz generalın sülh quşu olmasını görmüşük, nə qədər ki, o, vəzifədə idi, biz cəbhədə heç zad əldə edə bilmirdik. Bax, həmin 60 min manatlıq çiçəklər də atəşkəsin təmini üçün sərf olunmuşdur: Nəcməddin müəllim minamyota gül qoyub ermənilər tərəfə atırdı (eynilə Benksi-nin məhşur personajı kimi). Lakin alçaq düşmənlər onun bu sülhsevərliyini qiymətləndirməkdə çətinlik çəkirdi. Bu zaman general qəmlənir, 100 manatlıq çaxırı 21 min manatlıq armudu stəkana töküb başına çəkirdi. Getsin o günlər gəlməsin, çox əziyyət çəkdi. Axırıncı dəfə Dubayda görmüşdülər, yaman sınıxmışdı, hirsindən özünü günə verirdi. 

Mən eşitdiyimə görə Nəcməddin müəllim asudə vaxtlarında şeir yazırmış: “Vətən mənə oğul desə nə dərdim, 14 mini dibçəklərə verərdim!”

Bəli. Bəzən gülün həll elədiyi problemi güllə həll eləmir. Bu mahnının sözləri də Nəcməddin müəllimə məxsusdur: “Gül ki, gül ki, ürəyim gülsün”. 

Sözgəlişi, ötən yazılarımızda Filarmoniyada aparılan əməliyyatın ucundan-qulağından xəbər vermişdik. Sonrakı günlərdə bir az da aydınlıq gəldi, deyir, özgə əmlakını talama və külli miqdarda rüşvət alma da daxil olmaqla bir neçə maddə ilə cinayət işi başlanıb, Filarmoniyanın əməkdaşı Rəşad Məmmədov haqqında iyulun 5-də məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Vallah, vurun məni öldürün, bəzi şeyləri dərk edə bilmirəm. Məsələn, bax bu yoldaş Filarmoniyada külli miqdarda rüşvəti kimdən alıb, necə alıb, nə üçün alıb? Filarmoniya, adından göründüyü kimi, musiqi tədbirləri keçirilən, musiqini təbliğ edən bir obyektdir. Əsasən də klassik musiqi konsertləri olur. O şeylər ki, uca millətimizə pulsuz konsertini verirsən, gedib baxan olmur. Havadan yazmıram, dəfələrlə Muğam Mərkəzində-filanda müşahidə eləmişəm (buradan “Cadenza” orkestrinin heyətinə salam göndərirəm). 

Dirijordan külli miqdarda rüşvət almaq mümkündürmü? Yaxud skripkaçını aldadıb əmlakını talan edirsən. Nə bilim, pianino satıb yerinə sintezator qoyursan... Hər halda, burada Nəcməddin müəllim kimi yeyinti eləmək imkanları kasaddır axı. Ya mən avam adamam və səhv edirəm? Oxuculardan xahiş edirəm, əgər Filarmoniyada külli miqdarda rüşvətin, həmçinin əmlakın talanı  mexanizmləri barədə nəsə bilgiləri, versiyaları varsa, mənə yazsınlar. Əməllicə marağımı oyadıb. 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR