İnsanlara hürriyət, millətlərə istiqlal!

Güclənən Qərb-Rusiya savaşı və Azərbaycanın uğurlu gedişləri - təhlil

3023 07.10.2022 21:01 Siyasət A A


“Yeni dünya düzəni” prosesində, Qərb-Rusiya toqquşmasında Azərbaycanın milli maraqlarımıza uyğun, tərəfsizlik strategiyası

 

Rusiya nəhəng gücdürmü? Tarixən belə olub. İndi də belədirmi? Bu sual ətrafında isə xeyli danışmaq, mübahisə etmək də olar.
Obyektiv yanaşmada, soyuq təhlildə reallıq budur ki, Rusiya xeyli zəiflədilsə də, çökməyib. Qərblə savaşdan bir addım da geri çəkilmir, dirənir, üstəlik Ukrayna ərazilərini də özünə ilhaq etməyə çalışır. Son illərdə saysız-hesabsız sanksiyalara məruz qalıb. İqtisadiyyatında, strateji hədəflərində ciddi problemlər olsa da, məhv olmayıb. Sanksiyalardan və Ukraynaya hücumundan dolayı Avropa onun neftini, qazını almaqdan imtina edir. Ancaq hələlik bundan daha çox Avropa əziyyət çəkir. Təbii, bir müddət sonra Rusiya daha acı nəticələrini görəcək.

Mənəvi-psixoloji baxımdan Rusiya cəmiyyətinin vəziyyəti daha çox maraq doğurur. Putin qismən səfərbərlik edəndən sonra rusların kütləvi şəkildə ölkədən qaçışı göstərdi ki, Rusiya əhalisinin təfəkkürü, “za rodinu” deyib özünü imperiya üçün qurban vermək düşüncəsi kifayət qədər dəyişib. Daha 1941-45 deyil...
Bəli, aydındır ki, Rusiya iqtisadi, siyasi, hərbi, mənəvi-psixoloji durum baxımdan əvvəlki mifik əzəmətini, yenilməz, “dişbatmaz” imicini, imkanlarını itirib.
Ancaq bu heç də o demək deyil ki, Rusiyanın artıq kürəyi yerdədir, asanlıqla Qərbə, onun şərtlərinə təslim olacaq.

                     ***

Kollektiv Qərb uzun illərdir Rusiya Federasiyasının parçalanması, çökməsi üçün çalışır. “Rusiyasız dünya düzəni” projesi haqda çoxdan danışılır. Ancaq bu nə dərəcədə realdır? Tezliklə mümkün görünürmü? Nəticə və fəsadları nə ola bilər? Kreml bunun baş tutmaması üçün ən qəddar metodlara, kütləvi qırğınlara əl ata bilərmi?
Rusiyanın tam neytrallaşdırılması, uzun əsrlərdir bölgədə həyata keçirdiyi “kontrolçu”luğuna son qoyulmasını arzulayanlar çoxluq təşkil edir. Çünki ABŞ kimi, Rusiyanın da ayaq basdığı yerdə sabitlik olmur, ancaq qan-qada olur...

                                  ***

“Rusiyasız dünya nizamı”, yaxud “Rusiyanın iştirakı olmadan təhlükəsizlik sistemi” formalaşdırmaq kimi strateji bir kurs seçilib.
Oktyabrın 6-da Praqada baş tutan Avropa Siyasi Birliyinin (ASB) sammiti ərəfəsində Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel elan etdi ki, sammit çərçivəsində dünya liderləri Moskvaya Rusiyasız yeni dünya nizamının axtarışı barədə siqnal göndərəcəklər.
Sitat: “Bu görüşdə Rusiyasız yeni dünya nizamı axtarılır”.

Moskvanın cavabı ənənəvi şəkildə qaba olub: Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, “NATO və Avropa Ukraynanın çaldığına oynayır. Borrel qürurla elan etdi ki, Rusiyanın iştirakı olmadan təhlükəsizlik sisteminin formalaşdırılması prosesi gedir. Ümumiyyətlə, onlar sadəcə olaraq Kiyevin çaldığına oynayırlar və orada hələ də hakimiyyətdə olanların sərsəm fantaziyalarını təşviq edirlər”.
Lavrov həmçinin, "ABŞ Ukraynadakı müharibəyə müdaxilə edərsə, Vaşinqtonu münaqişə tərəfi kimi qiymətləndirəcəyik" deyib.
O, hazırda dünyanı təlaşda saxlayan kütləvi qırğın silahlarından istifadə məsələsi haqda qızışdırıcılıq, eyni zamanda bu varianta əl atacaqları halda məsuliyyəti üzərlərindən atmağa hesablanmış açıqlama da verib.
Moskvanın nüvə silahı təhdidi fonunda Zelenskinin “Rusiyaya qarşı qabaqlayıcı tədbirlər görmək lazımdır” fikrini Sergey Lavrov Ukraynanın kütləvi qırğın silahlarından istifadə niyyəti kimi təqdim edib. Yəni Rusiya indidən özünü sığortalamağa çalışır ki, gələcəkdə kütləvi qırğın silahlarından istifadə edəndə, bunu Ukraynaya cavab kimi qələmə versinlər.
Artıq bütün kartlar açılmış sayılır.

Mənzərə belədir: Kollektiv Qərb Rusiyanı elə bir duruma gətirməyi hədəfləyib ki, hər hansı bir dünyəvi, regional prosesdə onunla hesablaşmağa ehtiyac qalmasın.
Rusiya isə onunla hesablaşılmayan dünyanı dağıtmağa belə hazırdır. Məsələn, Putin bir neçə il öncə “Rusiyasız dünya nəyimizə lazımdır” söyləmişdi.
Deməli, dünyanı qarşıda daha ağır sınaqlar gözləyir. Qərb-Rusiya savaşı şiddətlənəcək. Rusiya öz formatını, qüdrətini, imkanlarını qoruyub saxlamaq, hətta artırmaq üçün ən qəddar, qəzəbli addımlar ata bilər.
ABŞ prezidenti Co Baydenin bu kontekstdə bəyanatı da təsadüfi sayıla bilməz. Sitat: “1962-ci ildəki Kuba böhranından bəri “nüvə qiyaməti” riski ən yüksək səviyyədədir”.
O deyib ki, Rusiya prezidenti Putini “kifayət qədər yaxşı tanıyır” və o “taktiki nüvə silahından istifadə edəcəyini deyərkən zarafat etmirdi. Biz Kennedi zamanından bu yana nüvə silahı perspketivi ilə üzləşməmişdik. Putin tərəfindən nüvə silahı ilə bağlı hədə-qorxu realdır. Ona görə ki, onun silahlı qüvvələri əhəmiyyətli dərəcədə geri qalır”.

                                         ***

Rusiyanın bölgə və dünya üçün davamlı olaraq yaratdığı gərginlikləri, təhdidləri, təhlükələri nəzərə alanda könül istər ki, RF tezliklə tamamilə dizi üstə qoyulsun və heç bir prosesə təsir imkanı qalmasın. Lakin bunu etmək asandırmı? Dəhşətli fəsadları ola bilər axı.
Əlbəttə, ABŞ, Fransa, Britaniya üçün elə də ciddi bir fəsadı olmayacaq. Rusiya görəndə ki, onu dizi üstə qoymaq istəyirlər, postsovet ölkələrinə, qonşularına, Şərqi Avropaya bombalar yağdıracaq. Kütləvi qırğın silahı da ABŞ-da yox, MDB məkanında işə salınacaq. Rusiyanın qəzəbi indi yaralı ayı qəzəbi kimidir. Gələcəkdə bəlkə də RF parçalanacaq, Rusiyasız bir nizam qurulacaq, “təkqütblü dinc dünya” projesi də baş tutacaq.
Ancaq buna qədər Rusiya ilə onun qonşuluğundakı kiçik dövlətlər maksimum ehtiyatlı olmalı, qurbana çevrilməməlidir. Kremlin ona qarşı Qərbin planlarında yer alan hər hansı bir postsovet ölkəsində təxribatlar törətməsi çox asan bir işdir, bu təcrübələri və imkanları danılmazdır.

                                   ***

Şükürlər olsun ki, bu kontekstdə Azərbaycan doğru siyasət həyata keçirir. Tərəflərlə balansı qorumaq, Qoşulmama Hərəkatının prinsiplərinə sadiqlik olduqca mühümdür və Azərbaycanın strateji hədəflərinə uyğundur.
Azərbaycan Rusiya ilə strateji müttəfiqliyə dair saziş imzalayanda biriləri korazehincəsinə bunu tənqid edirdi. Amma zaman sübut edir ki, bu, doğru addımdır, milli və dövlət maraqlarımıza, təhlükəsizliyimizə hesablanıb.
Nə qədər ki, Rusiya qonşuluğumuzdakı ən böyük gücdür, nə qədər ki, onun bölgədə təsir imkanları genişdir, Azərbaycanın onunla əməkdaşlığı, dostluğu vacibdir və şərtdir. Sabah, birigün, 1 il, 5 il... sonra isə Azərbaycanın dövlət və millət maraqları nəyi tələb edəcək, ona da uyğun qərarlar verilməsi doğru prioritetdir.
Hələlik prioritet və doğru olan tərəfsizlikdir, yalnız öz dövlətinin maraqlarını nəzərə almaqdır.
Məsələn, tərəfsizliyə daha bir nümunə: Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 6-da Avropa Siyasi Birliyinin (ASB) sammitində iştirak etdi. Dövlətimiz üçün çox mühüm idi - sülh gündəliyi üzrə ciddi qərarlar, anlaşmalar, razılaşmalar oldu. Başqa platformada bu mümkün deyildi...

praqa esas.jpg (733 KB)
Oktyabrın 7-də isə Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib.

moskva.jpg (866 KB)

Burada da iştirak Azərbaycan üçün mühümdür, habelə tərəfsizlikdir, praqmatiklikdir və realistlikdir.

                                 ***

Dünyanın hazırkı gedişatında xüsusi qeyd etməli, diqqət yetirməli və fəxr etməli olduğumuz digər bir məqam da var: Qardaş Türkiyə hazırda dünyada əvəzsiz bir ölkədir. Sayın Rəcəb Tayyib Ərdoğanın timsalında Türkiyənin dünyada yeri və çəkisi o qədər artıb ki, onunla hesablaşmadan heç bir proses həyata keçirməyi düşünən belə yoxdur. Türkiyə nə qədər güclüdürsə, Azərbaycan da bir o qədər güclüdür, arxalıdır və təhlükəsizlikdədir!
Yeri gəlmişkən, Türkiyənin bu mövqedə yer alması Rusiyanın ona ehtiyacını maksimuma çatdırıb. Türkiyə isə bundan sui-istifadə etmir, mərdliklə, səmimiyyətlə Rusiya ilə əməkdaşlıq edir. Çünki Ərdoğan realistdir, Rusiyanın imkanlarını, şərtləri, dəngələri doğru qiymətləndirə bilən müdrik siyasətçidir.

                              ***

Bütün qeyd edilənlərin fonunda – qısa desək, “yeni dünya düzəni” prosesində, Qərb-Rusiya toqquşmasında Azərbaycan Prezidenti İlham Əliyev çox uğurlu gedişatlar edir, dövlət, xalq maraqlarımıza söykənən siyasət yürüdür. Ölkəmizi, milli maraqlarımızı qorumaqdan, mövqelərimizi möhkəmləndirməkdən, dünyada çəkimizi, rolumuzu artırmaqdan vacib heç nə yoxdur və ola bilməz. Bu məqsədlə qalib Azərbaycan bütün platformalardan, tərəflərdən, imkanlardan və vasitələrdən istifadə edərək, yalnız sülh sazişinə, Qarabağın bərpasına, yenidən qurulmasına və sürətli inkişafa hədəflənib.
Doğru siyasətdir...

Elşad MƏMMƏDLİ
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR