İnsanlara hürriyət, millətlərə istiqlal!

Gömrükdə YENI dövr: “Rəqəmsal dəyər” insan amilini əvəz edə biləcəkmi?

572 19.06.2026 18:55 İqtisadiyyat A A

Azərbaycanın gömrük sistemi son illərdə rəqəmsallaşma istiqamətində ən çox dəyişikliklərə məruz qalan dövlət institutlarından biridir. Dövlət Gömrük Komitəsinin təşkil etdiyi son mediatur da məhz bu transformasiyanın nümayişinə həsr olunmuşdu.

Musavat.com xəbər verir ki, jurnalistlər Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində aparılan işlərlə tanış olublar. Gömrük rəsmiləşdirilməsi proseslərini yerində izləməklə “Rəqəmsal Gömrük Dəyəri Sistemi” barədə ətraflı məlumat alıblar. Söhbət dövlətlə vətəndaş, dövlətlə sahibkar münasibətlərində illərdir müzakirə olunan gömrük dəyərinin müəyyənləşdirilməsi zamanı subyektiv yanaşmaların minimuma endirilməsindən gedir.

Gömrük sistemində ən həssas məsələlərdən biri idxal olunan məhsulun dəyərinin müəyyən edilməsidir. Çünki məhz həmin rəqəm əsasında vergi və gömrük ödənişləri hesablanır.

İllər boyu müxtəlif ölkələrdə olduğu kimi, Azərbaycanda da sahibkarlar bəzi hallarda malların gömrük dəyərinin müəyyən edilməsindən narazılıq ediblər. Dövlət isə büdcə itkilərinin qarşısını almaq üçün daha ciddi nəzarət mexanizmləri tətbiq etməyə çalışıb. Bu iki marağın kəsişdiyi nöqtədə rəqəmsal texnologiyalar problemin həlli üçün çıxış yolu kimi təqdim olunur.

Gömrük Komitəsinin məlumatına görə, yeni sistem dəyərin rəqəmsal həllər əsasında hesablanmasına, məlumatların vahid bazada toplanmasına və emalına imkan verəcək. Məqsəd insan amilinin təsirini minimuma endirmək, qərarların daha standart qaydada qəbul edilməsini təmin etməkdir.

Mediatur zamanı nümayəndələr bəyanetmə prosesini, nəqliyyat vasitələrinə texniki eyniləşdirmə şəhadətnamələrinin verilməsini, ödəniş mexanizmlərini və digər əməliyyatları əyani izləmək imkanı əldə etdilər. Diqqət çəkən məqamlardan biri xidmətlərin əhəmiyyətli hissəsinin elektronlaşdırılmasıdır. Gömrük ödənişlərinin nağdsız formada həyata keçirilməsi, müraciətlərin operativ emalı və elektron xidmətlərin genişləndirilməsi artıq sistemin əsas xəttinə çevrilib.

Bu yanaşma təkcə vətəndaş rahatlığı üçün deyil. Dövlət qurumları üçün də rəqəmsal izlərin yaranması sonradan yoxlama və audit imkanlarını genişləndirir.

Dünyada trend nədir?

Son onillikdə bir çox ölkələrdə gömrük xidmətləri ənənəvi “sənəd masası” modelindən uzaqlaşaraq data əsaslı idarəetməyə keçir. Məqsəd qərarların qəbulunda insan amilindən asılılığı mümkün qədər azaltmaqdır.

Çünki rəqəmsal sistemlər korrupsiya risklərini azaltmaqla yanaşı, eyni zamanda, sahibkarın vaxt itkisini minimuma endirir. İdxalçılar üçün günlərlə davam edən prosedurlar saatlara, bəzi hallarda isə dəqiqələrə qədər qısalır.

Azərbaycanın tətbiq etməyə başladığı “Rəqəmsal Gömrük Dəyəri Sistemi” də məhz bu qlobal tendensiyanın tərkib hissəsi kimi qiymətləndirilə bilər.

Gömrük tarifləri dəyişdiriləcək - Komitə rəhbərliyi - SAHİBKARLARLA GÖRÜŞÜB  - FED.az

Sistem necə işləyəcək?

Hər bir rəqəmsal layihənin uğuru real tətbiqindən asılıdır. Sahibkarları maraqlandıran yeni sistemin konkret məhsulun dəyərini hansı meyarlarla müəyyən etməsi, bazaların necə formalaşdırılacağıdır. Mübahisəli hallarda qərarın yenidən nəzərdən keçirilməsi mexanizmi necə olacaq?

Bu sualın cavabı gələcəkdə sistemə olan etimadın səviyyəsini müəyyən edəcək. Çünki rəqəmsallaşma özlüyündə məqsəd deyil. Məqsəd daha ədalətli, daha sürətli və daha şəffaf idarəetmə modelinin qurulmasıdır.

Yeni mərhələnin başlanğıcı

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində keçirilən təqdimat göstərir ki, Dövlət Gömrük Komitəsi gömrük idarəçiliyini klassik nəzarət modelindən məlumat texnologiyaları üzərində qurulan yeni idarəetmə mərhələsinə keçirməyə çalışır.

Bu keçid uğurlu olarsa, qazanan yalnız dövlət büdcəsi olmayacaq. Ən böyük qazancı vaxtına və vəsaitinə qənaət edən sahibkarlar, daha operativ xidmət alan vətəndaşlar əldə edəcəklər.

Azərbaycanın gömrük sistemində aksizli malların dövriyyəsinə nəzarət istiqamətində aparılan yoxlamalar da maraqlı statistik mənzərə ortaya çıxarıb. Rəqəmlər göstərir ki, bu sahədə həm qanun pozuntuları, həm də ölkəyə idxal olunan aksizli məhsulların həcmi kifayət qədər böyükdür.

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin əməkdaşı Orxan Sultanovun sözlərinə görə, 2026-cı il yanvarın 1-dən bu günədək həyata keçirilən nəzarət tədbirləri nəticəsində ümumilikdə 1072 hüquqpozma faktı aşkarlanıb. Bu faktlardan 4-ü cinayət xarakterli, 1068-i isə inzibati xəta xarakterli olub.

Açıqlanan məlumatlar arasında ən diqqətçəkən məqamlar qanunsuz siqaret dövriyyəsi və bəyan edilməyən qiymətli daşlarla bağlıdır. Belə ki, cinayət xarakterli faktların üçündə üzərində məcburi nişanlama aparılmalı olduğu halda nişanlanmamış siqaretlərin qanunsuz dövriyyəsi müəyyən edilib. Digər cinayət faktı isə gömrük nəzarətindən gizlədilməyə çalışılan 308,30 karat çəkidə brilyant qaşlarla bağlı olub.

Gömrük əməkdaşlarının apardığı araşdırmalar nəticəsində əlavə olaraq üç fakt üzrə məcburi nişanlanmalı olduğu halda dövriyyədə olan 73 min 840 ədəd nişansız siqaret də aşkarlanıb.

Bu rəqəmlər aksiz markalarının yalnız vergi aləti deyil, həm də kölgə iqtisadiyyatına qarşı mühüm nəzarət mexanizmi olduğunu bir daha göstərir. Çünki aksiz markası olmayan məhsulların dövriyyəsi həm dövlət büdcəsinə ziyan vurur, həm də istehlakçıların təhlükəsizliyi baxımından risk yaradır.

Minlərlə inzibati iş, on minlərlə manat cərimə

Aşkarlanan qanun pozuntuları üzrə inzibati tədbirlər də görülüb. Gömrük qaydalarının pozulmasına görə baxılmış inzibati işlər üzrə tətbiq edilən cərimələrin ümumi məbləği 97 min 169 manat 80 qəpik təşkil edib.

Bu məbləğin 81 min 146 manat 35 qəpiyinin artıq dövlət büdcəsinə ödənilməsi təmin olunub. Bundan başqa, 64 fakt üzrə materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti məhkəmələrə göndərilib.

Milyonlarla litr içki, on milyonlarla siqaret

Mediatur zamanı açıqlanan statistika aksizli məhsullar bazarının miqyasını da ortaya qoyub.

Hesabat dövründə gömrük orqanları tərəfindən:

- 3 milyon 499 min 860 litr energetik içki;
- 4 milyon 440 min 750 litr spirtli içki;
- 59 milyon 449 min 68 ədəd tütün məmulatı;
- 18 min 928 kiloqram qəlyan tütünü;
- tərkibində tütün olan və ya bərpa edilmiş tütün çubuqlarından 141 milyon 385 min ədəd məhsul rəsmiləşdirilib.

Bu rəqəmlər aksizli məhsullar bazarının ölkə iqtisadiyyatında nə qədər böyük paya malik olduğunu göstərir. Eyni zamanda həmin məhsullar üzərində nəzarətin gücləndirilməsinin dövlət gəlirləri baxımından da strateji əhəmiyyət daşıdığını ortaya qoyur.

Azərbaycan bazarında hansı avtomobillər üstünlük təşkil edir?

Mediatur zamanı açıqlanan digər statistik göstəricilər avtomobil bazarındakı tendensiyaları da üzə çıxarıb.

2026-cı ilin ötən dövründə ümumilikdə 24 min 783 ədəd minik avtomobili gömrük rəsmiləşdirilməsindən keçib.

Onlardan:

- 14 min 960 ədəd benzin mühərrikli;
- 6 min 815 ədəd hibrid;
- 2 min 526 ədəd dizel;
- 482 ədəd isə tam elektrikli avtomobil olub.

Statistika göstərir ki, Azərbaycan bazarında hələ də benzin mühərrikli avtomobillər üstünlük təşkil etsə də, hibrid nəqliyyat vasitələrinin payı sürətlə artır. Tam elektrikli avtomobillər isə hələlik idxalın nisbətən kiçik hissəsini təşkil edir.

Bununla yanaşı, hesabat dövründə 2 min 641 yük avtomobili, 723 yəhərli dartıcı, 590 qoşqu və yarımqoşqu, eləcə də 1960 digər nəqliyyat vasitəsi də gömrük rəsmiləşdirilməsindən keçib.

Rəqəmlərin arxasındakı mənzərə

Açıqlanan göstəricilər bir tərəfdən ölkəyə idxal olunan aksizli məhsulların və nəqliyyat vasitələrinin həcmini göstərirsə, digər tərəfdən gömrük nəzarətinin hansı istiqamətlərdə daha çox cəmləşdiyini ortaya qoyur.

Nişansız siqaretlərin dövriyyəsi, bəyan edilməyən qiymətli daşlar və digər qanun pozuntuları göstərir ki, gömrük orqanları üçün əsas çağırışlardan biri qanunsuz ticarət kanallarının qarşısının alınması olaraq qalır.

Eyni zamanda, milyonlarla litr içki, yüz milyonlarla tütün məhsulu və on minlərlə avtomobilin rəsmiləşdirilməsi Azərbaycanın xarici ticarət dövriyyəsinin miqyasını və gömrük sisteminin ölkə iqtisadiyyatındakı mühüm rolunu bir daha nümayiş etdirir. Bu baxımdan Dövlət Gömrük Komitəsinin son dövrlər tətbiq etdiyi rəqəmsallaşma layihələri və nəzarət mexanizmləri qarşıdakı illərdə gömrük sisteminin daha şəffaf, çevik və effektiv fəaliyyət göstərməsində həlledici rol oynayacaq.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR