İnsanlara hürriyət, millətlərə istiqlal!

Gənclərə travma yaşadan çətin imtahanlar - abituriyentlərin ikinci cəhd ümidi

1909 13.06.2024 08:55 Təhsil A A

Ekspert: “Dünyada ən çətin imtahanlar Azərbaycanda keçirilir”

Hər il yay aylarında 11-ci sinif şagirdləri həyatlarının ən gərgin dövrünü yaşayır. Buraxılış və qəbul imtahanlarının ilbəil çətinləşdirilməsi, blok imtahanlarında orta məktəb dəsrliklərində epizodik tədris olunan sualların çoxluq təşkil etməsi, üstəlik, imtahan cavablarını gözlədikləri dövrdə yaşadıqları həyəcan onların psixoloji durumunda dərin izlər buraxır. Müşahidələr göstərir ki, abituriyentlərin əksəriyyətinin əsəb sistemi pozulub. Valideynlər təsdiqləyir ki, övladlarını qəbul imtahanları zamanı, imtahandan sonra müalicə etdirməyə məcbur olurlar. Qəbul zamanı balların yüksək olması da başqa problemlər yaradır...

Hazırda 11-cilər buraxılış imtahanını və ali məktəblərə qəbul imtahanının birinci cəhdini geridə qoyublar. Aparılan təhlillər onu deməyə əsas verir ki, birinci cəhd imtahanları həddən artıq çətin olub və xeyli abituriyent psixoloji gərginlik içərisindədir. Onlar öz potensiallarına əmin olsalar da, imtahanda tədris boyunca rast gəlmədikləri suallarla üzləşiblər. 

İndi onların ümidi ikinci cəhd imtahanınadır. Cəmiyyətşünaslar, təhsil ekspertləri bildirir, çağırış edir ki, heç olmasa ikinci cəhd imtahanları asan keçirilsin, keçid balları yüksəldilməsin, məntiqli olsun, abituriyentlər depressiyaya düşməsinlər, silinməz travmalar alıb cəmiyyətdə aqressiv fərd kimi yetişməsinlər, valideynlər övladlarının hansısa qorxunc addımlar ata biləcəyi xofu, qorxusu ilə yaşamasınlar. 

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə may ayında jurnalistlərə açıqlamasında demişdi ki, keçid balları imtahanların nəticələri, ixtisaslar üzrə ayrılan yerlərin sayı və həmin ixtisası seçən uşaqların sayı əsasında formalaşır:  “Məsələn, bizdə kənd təsərrüfatı ilə bağlı ixtisaslar var ki, həmin ixtisasları seçənlər azdır. Bu il keçid ballarının artmasına uşaqların imtahan nəticələrinin artması təsir edəcək. Ola bilsin, balların artması yüksək prestijli olan ixtisaslara daha az təsir göstərsin. Ola bilsin ki, müəyyən ixtisaslarda orta bal 1-2 bal artsın. Bunu tam dəqiq olaraq blok imtahanının nəticəsindən sonra deyə bilərik”, - deyə Məleykə Abbaszadə bildirib.

Həmişə demişəm ki, təhsil eksperti deyiləm, bu iddiam da olmayıb” – Kamran  Əsədov - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, hazırda Azərbaycanın ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanları formatına görə dünyada ən  çətin imtahanlar hesab oluna bilər: "Çünki imtahanın fənləri kifayət qədər çoxdur. Xüsusən IV ixtisas qrupunda 6 fəndən imtahan verilməlidir. Bundan başqa, məzmununa görə də imtahanlar çətindir. Yəni şagird 11-ci sinifdə oxuyanda 5, 6, 7-ci sinifdə əldə olunan biliklərdən imtahan verir. Bu, doğru yanaşma deyil. Hesab edirəm ki, ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında yalnız 10-11-ci sinif materiallarından suallar salınmalıdır. Ona görə ki, uşaqlar 9-cu sinfi bitirəndə attestat alırlar və onların ümumi təhsil bazası başa çatır. Ən vacib məqamlardan biri builki ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanları ilə bağlıdır. Yaxşı xəbər ondan ibarətdir ki, bu il plan yerləri artıb, yəni 60 mindən çox olacaq. Düzdür, bu il ali təhsil müəssisələrinə qəbul olmaq istəyənlərin sayında da artım var. Belə ki, bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün 85 mindən çox şəxs elektron ərizə verib. Ballarda elə ciddi fərq olmayacaq. Mart ayının 3-də və 10-da keçirilən imtahanlarda 54 nəfər maksimum bal toplamışdı. 700 bal toplayanlar olacaq, amma onlar I və IV qrupdan olacaqlar”. 

Ekspert əlavə edib ki, sualların asanlaşdırılması nəticələrə o qədər də ciddi təsir göstərməyəcək: “Əgər suallar sadə olarsa, o zaman yüksək bal toplayanların sayı çox olacaq. Bu da müsabiqə vəziyyətini gərginləşdirəcək və yüksək bal toplayan abituriyentlərin kənarda qalmasına gətirib çıxaracaq. Hesab edirəm ki, ikinci cəhd imtahanlara gənclər daha yaxşı hazırlaşmalıdırlar. Qəbul zamanı 1-ci cəhddə onlar başa düşdülər ki, hansı mövzulardan, hansı siniflərdən çətinlikləri var.  Bəzən təhsil ekspertləri, cəmiyyətşünaslar yanlış çağırışlar edirlər, bəzən ixtisas seçimi ilə bağlı bəsit bilgiyə malik olmaları nəticəsində abituriyentlər ya qəbul ola bilmirlər, ya da yanlış ixtisas seçirlər. Təhsil çox çətin bir sahədir, hesab edirəm ki, burada sualların sadələşdirilməsi süni şəkildə balların qaldırılmasına gətirib çıxaracaq. Keçən il 300 balla kimsə qəbul ola bilirdisə, indi 500 balla imtahandan kəsilə də bilərlər. Sualların asanlaşmasını tələb etmək yerinə, gələcəkdə qəbul imtahanlarında 10-11-ci siniflərin olmasını tələb etmək daha düzgün olardı. İkinci ixtisas qrupunda tarix fənninə ehtiyac yoxdur. Digər bir tərəfdən, hesab edirəm ki, imtahan nəticələrinə görə valideynlərin uşaqlarla pis rəftar etməsi doğru olmaz. Bu, imtahandır, həyatın sonu deyil”. 

Qeyd edək ki, I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat 17 iyun saat 23:59-dək aparılacaq. İmtahanın 2-ci cəhdində iştirak etmək istəyənlər şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/0tqdk_xdm=133) daxil olaraq yenidən imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçirlər və müvafiq qaydada ödəniş (sistem tərəfindən avtomatik istifadəçiyə məlumat verilir) edirlər. 2-ci cəhd üzrə qeydiyyat zamanı I və ya III ixtisas qrupunu seçən abituriyentlər 1-ci cəhd üzrə olduğu qaydada öz istəklərinə uyğun olaraq müvafiq ixtisas qrupu üzrə altqruplardan birini, yaxud hər ikisini seçə bilərlər. 12 iyun saat 09:00-a olan məlumata əsasən, I ixtisas qrupu üzrə 11178, II ixtisas qrupu üzrə 10420, III ixtisas qrupu üzrə 12043, IV ixtisas qrupu üzrə isə 3253 abituriyent qeydiyyatdan keçib.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR