İnsanlara hürriyət, millətlərə istiqlal!

Gənc yazarlar AYB sədrinə üsyan etdi

1658 08.10.2022 10:10 Mədəniyyət A A

30 ildən sonra yenə sədr o olarsa...; Əsəd Cahangir: “İndiki şəraitdə Anarın alternativi yoxdur”

Gənc yazarlar Azərbaycan Yazıçılar Birliyi (AYB) ilə bağlı bəyanat imzalayıblar. Bəyanatda deyilir:

“Məlum olduğu kimi, bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyinin (bundan sonra AYB) qurultayı keçiriləcək. Qurultayın tarixi naməlum səbəblərdən uzadılır və AYB rəsmilərinin son çıxışlarından məlum olur ki, Anar Rzayev bu il də sədr seçiləcək. Biz gənc yazarlar olaraq budəfəki qurultayda səsimizi Anar Rzayevə yox, tənqidçi-ədəbiyyatşünas Əsəd Cahangirə veririk. Anar Rzayev 30 ildən çoxdur ki, qurumu idarə edir. Artıq Anar müəllim dincəlməli və sədrlik postunu gənc, perspektivli və enerjili tənqidçi Əsəd Cahangirə təhvil verməlidir.

Əsəd Cahangir gənclərin sevimlisi və dəyərli ziyalıdır. Biz ümid edirik ki, o, sədrlik postunu məmnuniyyətlə təhvil alacaq, yazarları layiqincə təmsil edəcək, ümidlərimizi puç etməyəcək. Kitablarımız tərcümə ediləcək, ölkə daxilində yüksək tirajla nəşr olunacaq, təqaüdlər ədalətli şəkildə bölünəcək və yazıçılıqla dolana biləcəyik. Əsəd müəllim əsl ədəbiyyat eşqi olan adamdır. Onun alovlu ədəbiyyat sevdası təkcə AYB üzvlərini yox, eyni zamanda, bütün Azərbaycan yazıçı və şairlərini irəli aparacaq, yazmaq üçün stimul verəcək. Əgər bu qurultayda da 30 ildən çox sədr olan Anar Rzayev sədr olacaqsa, biz gənc yazarlar AYB-ni boykot edəcəyik. Səsimizi Əsəd Cahangirə veririk. Xilasımız Əsəddir. Yeganə namizəddir.

Bəyənnaməni imzaladılar:

Vüqar Babazadə

Orxan Saffari

Mehdi Dostəlizadə

Ələsgər Əhməd

Nihat Pir

Akşin Xəyal

Nazlı Çələbi

Yusif Yusifzadə"

Qeyd edək ki, yazar olmayan şəxslər də bu bəyanata dəstək veriblər".

Saytdan bu səbəblərə görə getdim – Şərif Ağayar

Şərif Ağayar 

Yazıçı Şərif Ağayar “Yeni Müsavat”a bildirdi ki, bəyanata ciddi yanaşmır: “Nə AYB-yə, nə Anara, nə də Əsəd Cahangirə ciddi yanaşıram. Ona görə də avtomatik olaraq bu bəyanatı da qeyri-ciddi, daha doğrusu, gənclərin postmodern istehzası hesab edirəm. Avtoritar düşüncəli, kinli bir qocaya onun özünə və ailə üzvlərinə mədhiyyələr yazan onurğasız bir tənqidçini alternativ namizəd göstərmək, etiraf edirəm, yaxşı yumordur. Gülüb keçdim. Siz də belə edin. AYB və Anar yalnız lətifə mövzusudur”.

Otuz il söz meydanında

Əsəd Cahangir 

Tənqidçi-ədəbiyyatşünas Əsəd Cahangir isə təklifə belə reaksiya verib: “Mənə etimad göstərən bütün gənclərə öz minnətdarlığımı bildirirəm. Çox sağ olsunlar verdikləri qiymətə görə. Amma mən gənclərin sədri olmadan da, onlara qayğı göstərmişəm, kömək etmişəm və bundan sonra sədr olmadan da bu qayğını, diqqəti göstərə bilərəm. Bunun üçün sədr olmaq vacib deyil. Ona görə də məni dəstəkləyən, etimad göstərən gəncləri Anar müəllimə səs verməyə çağırıram. Çünki mən də qarşıdan gələn qurultayda Anar müəllimə səs verəcəm.

Mənə elə gəlir ki, indiki şəraitdə sədr kimi Anarın alternativi yoxdur. Çünki o çoxillik iş təcrübəsinə, böyük nüfuza malikdir. Biz onun təcrübəsindən və nüfuzundan həm ədəbiyyatımızın inkişafı, həm də şair, yazıçılarımızın bir sıra maddi-məişət problemlərinin həlli baxımından istifadə etməliyik. Əgər Anar müəllim özü Yazıçılar Birliyinin sədri olmaq istəməsə və seçkilərə qatılmasa, bu artıq tamamilə başqa məsələ olar. Bu barədə isə mənim heç bir məlumatım yoxdur. Bunu yalnız Anar müəllim özü bilər.

Anar müəllim öz istəyi ilə, könüllü surətdə sədrlik postunu tərk etmək istəsə, tam səmimi deyirəm ki, mən yenə də sədr olmaq istəmərəm. Bu çox məsuliyyətli və çətin vəzifədir. İyirmi ildən çoxdur ki, AYB-də işləyirəm. Bu illər ərzində Anar müəllimin nə qədər çətinliklər çəkdiyinə özüm şahid olmuşam. Həm psixoloji, həm mənəvi çətinliklər, həm təzyiqlər, sıxıntılar, haqsız ittihamlara tuş gəlmək... Ona görə də hesab edirəm ki, mənim sədr olmağım, ilk növbədə özümə ziyan olacaq. Ədəbi prosesdə fəal şəkildə iştirak etmək istəyirəm və bundan sonra da istəyəcəm. Sədr olmaq çox ağırdır mənim üçün. AYB-nin 2400 nəfər üzvü var və hamısına kömək etmək fantastik dərəcədə çətin bir şeydir. Birini razı salırsan, 2399 nəfər səndən narazı qalır. İstənilən halda, kimsə sədrdən razı olmur".

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR