İnsanlara hürriyət, millətlərə istiqlal!

Gələcəyin logistik mərkəzi - Naxçıvanla bağlı islahatlar nə vəd edir?

1712 29.12.2022 11:07 Gündəm A A

“Vasif Talıbovdan o qədər problem qalıb ki, bir neçə ilə həll etmək qeyri-mümkündür”

Vasif Talıbovun istefasından sonra Naxçıvanda böyük islahatlar başlanıb. Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli açıqlama verərək bildirib ki, qanundan və onun müəyyənləşdirdiyi çərçivədən kənar hansısa şəxsi və ya keyfi qərarlar varsa, əlbəttə ki, ləğv olunmalıdır: “Lakin qadağalar qanun çərçivəsindədirsə, buna qadağa demək düzgün deyil. Bu, qanunun tələbləridir və icra olunmalıdır”, - deyə F.Nəcəfli vurğulayıb.

Təyinatdan sonra keçirilən görüşlərdən birində maraqlı olay yaşanıb. Belə ki,  “xan ənənəsi”nə sadiq qalaraq, vətəndaşlar Fuad Nəcəfliyə “bəy tərifi” deməyə çalışıblar. O isə “bəy tərifi” eşitmək üçün toplantı keçirmədiyini diqqətə çatdırıb və qonaqları şikayətlərini dilə gətirməyə çağırıb.

Fuad Nəcəfli qeyd edib ki, Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən, xalqla yaxından işləmək, həmçinin indiyə qədər olan problemləri kökündən həll etmək onun əsas məqsədlərindəndir: “Naxçıvanın blokadası başlayan ilk illərdə vəziyyət olduqca çətin idi, lakin sonradan ölkə rəhbərliyinin - ulu öndər Heydər Əliyevin gördüyü tədbirlər nəticəsində Naxçıvan qismən də olsa, blokadanı yara bilib. Nəqliyyat məsələlərində problem yaşansa da, Naxçıvanda qazlaşdırılma aparılıb, əhali elektrik enerjisi ilə tam təmin olunub. Prezident İlham Əliyevlə görüşdə onun Zəngəzur dəhlizinin açılması ilə bağlı qətiyyətini hiss etdim. Zəngəzur dəhlizi həm lokal, həm regional, həm də kontinental şəkildə xidmət göstərəcək ki,  bu, Naxçıvanın tamamilə blokadadan çıxarılması deməkdir”.

 

Jurnalist Tural Səfərov “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, Naxçıvan əhalisi dəyişiklikləri çoxdan gözləyirdi. O bildirdi ki, Naxçıvan 27 illik despotik rejimdən xilas olub: “Vasif Talıbov istefa verəndə naxçıvanlılar ziyarətgaha gedib, qurbanlar kəsiblər, məscidlərdə şərbətlər paylanıb. Naxçıvan Azərbaycandan qoparılmışdı. Talıbov bununla bağlı kifayət qədər iş görmüşdü. Naxçıvanda müstəqil dövlət üçün lazım olan bütün təsisatlar yaradılmışdı. Muxtar respublikanın ombudsmanı da var idi. Hətta bütün yazışmalardan Azərbaycan Respublikası sözləri çıxarılmışdı. Bunu yazmaq qadağan edilmişdi. Bütün bu faktlar onu göstərir ki, Vasif Talıbov Naxçıvanı müstəqil dövlətə çevirmək istəyirdi. Sevindirici haldır ki, Azərbaycan dövləti zamanında müdaxilə etdi. Naxçıvanda ciddi islahatlar aparılır: Dövlət Təhlükəsizlik Xidmətinin Naxçıvan Baş İdarəsi, Gömrük Komitəsinin Naxçıvan Baş İdarəsi yaradılıb. Bugünlərdə Naxçıvanın Daxili İşlər Nazirliyinin ləğvinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan Baş İdarəsinin yaradılması nəzərdə tutulur. Məlumata görə, idarənin rəisi Suraxanı Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Süleyman Nemətov olacaq. Bu struktur islahatları davam edəcək. Mərkəzi icra hakimiyyəti orqanlarının hamısı ləğv edilməli və Azərbaycanın mərkəzi icra hakimiyyəti orqanlarına birləşdirilməlidir. Naxçıvan Azərbaycanın digər bölgələri kimi idarə edilməlidir”.

Tural Səfərov qeyd etdi ki, Naxçıvan əhalisinin Prezidentin NMR üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin həyata keçirəcəyi islahatlarla bağlı ümidi böyükdür: “Fuad Nəcəfli işə yaxşı başlayıb-əhali ilə görüşür, problemləri araşdırır. Vasif Talıbovdan o qədər problem qalıb ki, bir neçə ilə həll etmək qeyri-mümkündür. Naxçıvanlılar səbrli olmalıdırlar. Bu problemlərin aradan qaldırılması üçün zaman lazımdır. Ən vacib məsələlərdən biri Naxçıvanı tərk edənlərin geri qaytarılmasıdır. Naxçıvan Vasif Talıbovun yanlış siyasəti nəticəsində, despot rejim səbəbilə boşalmışdı. Rəsmi statistikada 500 min vətəndaşı olan NMR-də bu gün təxminən 200 min nəfər yaşayır. Ümid edirəm ki, Fuad Nəcəfli bu istiqamətdə müvafiq işlər görəcək”.

Naxçıvana prezidentin xüsusi nümayəndəsi TƏYİN EDİLMƏLİDİR, yoxsa.." - Tural  Səfərovdan TƏKLİF

Tural Səfərov həmçinin, Vasif Talıbovun əmlakları ilə bağlı məsələyə də aydınlıq gətirdi: “Vasif Talıbov və övladlarının, yaxın adamlarının şirkətləri əlindən alınıb. Naxçıvanda bütün şirkətlər bu ailəyə məxsus idi. Bu onların gücünü daha da zəiflədir, sabotajla məşğul olma imkanlarını məhdudlaşdırır. Bu şirkətlər Naxçıvandakı iş adamlarından qəsb edilmişdi. İndi həmin şirkətlər gerçək sahiblərinə qaytarılır. Naxçıvanın iqtisadiyyatı dirçələcək. Zəngəzur dəhlizi açıldıqdan sonra Naxçıvan logistik mərkəzə çevriləcək. Biz indidən Naxçıvanı o mərhələyə hazırlamalıyıq. İqtisadiyyat naziri Mikayıl Cabbarov açıqlama verib ki, gələn il Naxçıvanda sahibkarlarla görüş keçiriləcək. Naxçıvana investorların cəlb edilməsi önəmlidir. Hesab edirəm ki, gələcəkdə muxtariyyət statusuna ehtiyac olmayacaq. Zəngəzur dəhlizi açıldıqdan sonra quru yolla əlaqə bərpa olunacaq. Qars müqaviləsinə görə, Türkiyə Naxçıvanın qarantıdır. Bəzi ekspertlər bunu əsas götürərək bildirirlər ki, Naxçıvanın muxtariyyət statusu qorunmalıdır, amma müqavilənin imzalanmasından 100 il zaman keçib. Şuşa Bəyannaməsi imzalanıb. Artıq Türkiyə bütövlükdə Azərbaycanın qarantıdır”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR