İnsanlara hürriyət, millətlərə istiqlal!

“Freedom House” yenə anti-Azərbaycan sənədi yaydı

1109 17.05.2023 14:02 Siyasət A A

Bakıdan sərt reaksiya: “Bütün qırmızı xətlər keçilib və beynəlxalq ictimaiyyət aldadılır”

“Freedom House” Azərbaycanı hədəf alan hesabat yayıb. Sənəddə deyilir ki, dünya diqqətini Ukraynaya yönəltdiyi halda, guya “Dağlıq Qarabağda mülki əhali avtoritar mühasirə ilə üz-üzədir və demokratik ölkələrin təcili yardımına ehtiyacı var”.

Ekoloji fəalların 100 gündən artıq davam edən haqlı tələblərini görməzdən gələn “Freedom Hause”  Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaratmasına etiraz edib. “Laçın dəhlizi Dağlıq Qarabağın etnik erməni əhalisinin yaşaması üçün vacibdir. Son bir neçə ay ərzində ona maneə törədilməsi həyati əhəmiyyətli mal və xidmətlərə çıxışın olmaması ilə nəticələnib. Eyni zamanda Azərbaycanın nəzarətində olan ərazidən keçən boru kəmərindən Dağlıq Qarabağa təbii qaz axını tamamilə bağlanıb. Artıq dünyanın müxtəlif ölkələrində demokratik dövlətlər Bakının hərəkətləri nəticəsində insan haqlarının pozulması ilə bağlı narahatlıqlarını ifadə ediblər və beynəlxalq institutlar prosesə getdikcə daha çox müdaxilə edirlər. Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycana Laçın dəhlizi ilə hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətini təmin etmək üçün "bütün lazımi tədbirləri görməyi" tapşırıb. Lakin Azərbaycan hökuməti blokadanı nəinki saxladı, hətta onu rəsmiləşdirdi".

Bədnam təşkilatın hesabatında Azərbaycan Prezidenti İlham Əliyevi də hədəf alan fikirlər yer alıb.  “Avropa Şurasının Venesiya Komissiyasının rəyi kimi məcburi olmayan siyasi tövsiyələrin Əliyev hökuməti üçün heç bir dəyəri yoxdur. Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını mütəmadi olaraq icra etmir və bu baxılmamış işlərin təxminən 40 faizi münaqişə ilə bağlıdır”.

Qurum anti-Azərbaycan çağırışı da edib: “Qısa müddətdə demokratik dövlətlər Dağlıq Qarabağın blokadasının praktiki olaraq başa çatmasını təmin edərək Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının icrasına kömək etmək üçün Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və ya BMT Təhlükəsizlik Şurası kimi beynəlxalq qurumlardan istifadə etməlidirlər. Güclü addım həm də Bakını Vaşinqton və Brüsselin köməkliyi ilə İrəvanla danışıqlarda ərazi güzəştlərini təmin etmək üçün Ermənistanla sərhəddə hərbi eskalasiyadan istifadə etməkdən çəkindirə bilər. Eyni zamanda münaqişədən zərərçəkmiş əhaliyə onların əzablarını yüngülləşdirmək üçün birbaşa humanitar yardım göstərməlidir”.

Göründüyü kimi, hesabatda erməni təxribatları nəticəsində Azərbaycan hərbçilərinin öldürülməsi, yüzlərlə mülki əhalinin mina qurbanı olması haqda bir kəlmə də yoxdur. Bu isə adı azadlıq evi qoymuş bir təşkilatın ermənipərəst mövqeyini bir daha təsdiqləyir. “Freedom House” öz imicini korlamış, heç bir beynəlxalq standartlara, qayda-qanunlara məhəl qoymayan bir quruma çevrilib. Bu, eyni zamanda onu göstərir ki, beynəlxalq qurumlar Azərbaycana qarşı  qərəzli yanaşmada davam edirlər. “Freedom House” qeyri-obyektiv və saxta rəylərə güvənərək qərəzli hesabatlar hazırlaması bu təşkilatın çirkli siyasi oyunlarda iştirakını göstərir. “Freedom House” insan hüquqlarından, ölkələrin azadlığından danışarkən, ilk növbədə, Ermənistana diqqət etməlidir.  “Freedom House” təşkilatının sənədlərində göstərilir ki, onun əsas məqsədi demokratik dəyişiklikləri təşviq etmək, dünyada azadlığın vəziyyətini müşahidə etmək və insan haqlarını qorumaqdır. Lakin illərdir ki, “Freedom House” anti-Azərbaycan şəbəkənin sifarişlərini yerinə yetirir, ölkəmizi beynəlxalq aləmdə nüfuzdan salmaq və bu cür şər-böhtan kampaniyaları aparır.

Bu təşkilatın Azərbaycana qarşı uzun illərdir qərəzli olduğu bəllidir. Belə bir hesabatın açıqlanmasında orada işləyən ermənilərin rolu varmı? Onun hesabatına və çağırışına ciddi əhəmiyyət verən olacaqmı?

Çingiz Qənizadə: Xalq öz Prezidentinə inanır və güvənir - AZƏRTAC

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, “Freedom House” birinci dəfə deyil ki, Azərbaycana qarşı qərəzli mövqe ortaya qoyur. Bu təşkilat Azərbaycana qarşı münasibətlərində bəzi dövlətlərin və ermənipərəst qrupların təsiri altında hesabatlar hazırlayır: “Sadəcə, qeyd etmək istəyirəm ki, indiki hesabat qeyri-obyektivliyinə, böhtan dolu fikirlərinə görə özündən əvvəkiləri kölgədə qoyub. Görünən budur ki, "Freedom House" bütün qırmızı xətləri keçib və beynəlxalq ictimaiyyət aldadılır. Onların hesabatı insan hüquqlarının qorunmasına yox, sırf Azərbaycana qarşı şər-böhtana həsr edilib. Bu böhtançı təşkilatda erməni mənşəli şəxslər işləyir. Hesabatlarının qərəzli hazırlanmasında bu amil də rol oynayır. “Freedom House” erməni əhalinin hüquqlarını qorumaq istəyirsə, Xankəndidəki separatçı quldur rejimin erməni əhalini faktiki girovluğunda saxladığını hesabatlarına daxil etməli idi. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Qarabağdakı erməni əhali bizim vətəndaşlarımızdır və biz öz vətəndaşlarımızı quldur separatçı rejimdən xilas etmək istəyirik. Laçın yolu Şuşadan keçən nöqtədə uzun müddət ekofəalların aksiyası zamanı da indi də qapadılmayıb. Bu yol humanitar məqsədlər üçün daim açıqdır. Laçın yolunun Ermənistanla sərhəd hissəsində sərhəd nəzarət-buraxılış məntəqəsi qoyması Azərbaycanın hüququdur. Beynəlxalq hüquq da Azərbaycana bu haqqı tanıyır. Laçın yolunda nəzarət-buraxılış məntəqəsindən erməni əhali sənədlərini təqdim edir və onlar yoxlandıqdan sonra heç bir maneəsiz gediş-gəlişinə şərait yaradılır. Bu faktdır və bu faktı görməmək üçün kor olmalısan, qərəzli olmalısan. Məgər Azərbaycan öz ərazisinə qanunsuz silah daşınmasına şərait yaratmalıdır? “Freedom House” bunu istəyir?! İnsan azadlığı qanunsuzluq demək deyil. Qarabağda heç bir humanitar böhran hökm sürmür. Humanitar böhran yaşandığı barədə iddialar cəfəngdir, tamamilə böhtandır. Odur ki, “Freedom House”un belə bir hesabat yayması beynəlxalq hüquqa ziddir. Dünyanı öz yalanları ilə aldatmaq cəhdi hüquqi məsuliyyət yaradır. Azərbaycan bu böhtançı təşkilata qarşı iddia da qaldıra bilər".

Ç.Qənizadə vurğuladı ki, dünya erməniliyi və erməni diasporundan qidalananlar Azərbaycan Prezidenti İlham Əliyevi hədəfə alıblar: “Çünki onlar Prezident İlham Əliyevin qətiyyətinin qarşısında Ermənistanın, dünya erməniliyinin on illərlə apardığı siyasətin çökdüyünü həzm edə bilmirlər. Ona görə də İlham Əliyevə qarşı xüsusi kampaniya aparırlar. Prezident İlham Əliyevin anti-Azərbaycan qüvvələrin qarşısında ölkəmizin maraqlarını məharətlə qoruması, milli maraqlarımızdan bir addım ad olsun geri addım atmaması erməniləri, ermənilərə bağlı qüvvələri qəzəbləndirir. "Freedom House"un hesabatındakı bəzi məqamlar da bunu bir daha təsdiq edir. Lakin Azərbaycan dövləti və onun lideri haqq yolundadır, beynəlxalq hüquqa əsaslandığı üçün hansısa qondarma hesabatlar və böhtanların heç bir əhəmiyyəti, təsiri olmayacağı bəllidir. Beynəlxalq Ədalət Məhkəməsinin tövsiyəsini qabardan “Freedom House” bilməlidir ki, məhkəmə insanların və humanitar yüklərin maneəsiz hərəkətinin təmin edilməsi ilə bağlı tövsiyə verib. Azərbaycan da bu tövsiyə olmadan da humanitar yüklərin və sakinlərin maneəsiz hərəkətinə şərait yaradıb və yaradır. Bu baxımdan da böhtanla dolu çağırışların əhəmiyyəti yoxdur".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR