İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransanın xarici ticarət məsləhətçisi olan türkə qarşı erməni məkri

755 29.11.2022 08:20 Gündəm A A

İş adamı Mehmet Şahan məhkəmədə ilginc açıqlama verib

Bakı Ağır Cinayətlər Məhkəməsində “Thales İnternational Western Counties B.V” şirkətinin büdcəsindən 8 milyon 860 min manat talamaqda ittiham olunan, həmin şirkətin Azərbaycandakı nümayəndəliyinin sabiq rəhbəri, Türkiyə vətəndaşı Mehmet Şahanın məhkəməsi davam edir. Mehmet Şahan ittiham üzrə özünü təqsirli bilmir. Bu ilin fevralında həbs olunan Mehmet Şahana qarşı Cinayət Məcəlləsinin külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə saxtakarlığı maddələri ilə ittihamlar irəli sürülüb. İttiham aktında göstərilib ki, türkiyəli Mehmet Şahan 2014-2021-ci illər ərzində “Thales İnternational Western Counties B.V” transmilli korporasiyasının Azərbaycandakı nümayəndəliyinin direktoru olub. Vəzifə səlahiyyətlərindən sui-istifadə edərək nümayəndəliyin  fəaliyyəti üçün ayrılmış 9 milyon manata yaxın pulu mənimsəyib. O, bunu nümayəndəliyin bank hesabından həm nağd, həm də başqa şirkətlərə xidmətlərin göstərilməsi adı altında köçürülərək nağdlaşdırılması yolu ilə edib. Başqa ittihama görə, Mehmet Şahan rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı da törədib.

Hazırda məhkəmə qarşısına çıxarılan türkiyəli M.Şahan isə ittihamları rədd edir. O, məhkəməyə bildirib ki, “Thales Group” aviakosmik, müdafiə və informasiya texnologiyaları ilə məşğul olan elektronika qrupdur. 80 min nəfərdən ibarət işçi heyəti var. Dünyanın 68 ölkəsində əməliyyat fəaliyyəti həyata keçirir. Bütün dünyada insanların, infrastrukturun, dövlətlərin təhlükəsizliyi sahəsində əsas oyunçu hesab olunur. Azərbaycandakı nümayəndəliyi naviqasiya sistemləri, mühafizə sistemləri və digər sahələr üzrə konsultasiya xidməti göstərir. Şirkətin əsas müştəriləri arasında “Azərbaycan Hava Yolları” QSC, Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, Azərbaycan Dəmir Yolları QSC, Bakı Metropoliteni QSC və sair qurumlar var.

Təqsirləndirilən şəxsin ifadəsindən:

“Baş ofis tərəfindən seçilən partnyor şirkət "Modern Constraction Group" MMC tərəfindən əməkdaşlıq etdiyimiz bir neçə MMC-lərlə işləmişik. Həmin MMC-lər partnyor şirkət “MCG” MMC tərəfindən tapılıb və onlarla əməkdaşlıq etmişik. Həmin şirkətləri tanımıram. O şirkətlərə pul vəsaiti marketinq işləri aparılması (bazar araşdırılması) üçün köçürülüb. O şirkətləri “MCG” MMC-nin əməkdaşı Arif Quliyev tapmışdı. Məlumat üçün bildirim ki, “MCG” Thales-in Azərbaycandakı lokal partnyorudur. Bildiyimə görə, o şirkətlər bazar araşdırmaları barədə məlumatları “MCG” MMC-yə təqdim edirdilər. “MCG” MMC də öz növbəsində həmin məlumatları şifahi və görülmüş işlər barədə akt şəklində təqdim edirdi. Beləliklə, bazar araşdırmalarının nəticələri hazır olanda Arif Quliyev məni çağırırdı və onunla birlikdə məlumatları baş ofisə təqdim edirdik. Bununla bağlı bütün sənədlər ofisdə idi. Həmin şirkətlərlə imzalanan müqavilələr, şirkətlərə verilən sifarişlər, qiymət təklifləri və s. ofisdə idi. Məndə heç bir sənəd yoxdur. Həmin şirkətlərlə görülən işlərlə bağlı Arif Quliyevlə birgə baş ofisdən təsdiq almışdım. O şirkətlər bazar araşdırmaları ilə bağlı məlumatları təqdim etmişdilər".

M.Şahan ifadəsinə davam edərək bildirib ki, şirkətlərə vəsait köçürülmələri baş ofisin təlimatları əsasında həyata keçirilib. O, öz şəxsi xərclərini heç vaxt hesabatlara daxil etməyib: “Yalnız uşaqlarımın məktəb xərclərini və məktəbdən kənar müəllimlərə ödədiyim pulları baş ofis ödəyirdi, uşaqlarıma görə ödənilən pullar da əvvəlcədən baş ofislə razılaşdırılırdı. Bakıda - Nərimanov rayonunda ailəmlə kirayədə yaşayırdım. Aylıq 5000 avro kirayəhaqqı ödəyirdim. Baş ofisin bütün xərclərdən xəbəri var idi. Pul mənimsəməsi olmayıb. Xərclərlə əlaqədar hər ay hesabat tərtib olunurdu. Həmin hesabatlar ofisdə idi. Hazırda harada olması barədə xəbərim yoxdur. THALES ildə 4 dəfə yoxlama keçirirdi. Bundan başqa, hər həftə rəhbərimlə görüntülü danışırdıq. 7 il ərzində baş ofisin nəzarəti və razılığını alaraq işləmişəm. Sizcə, belə bir şirkətdən gizli 7 il işləyib və 7 il pul mənimsəmək mümkündürmü?”

Mehmet Şahan başına gələnləri ermənilərlə əlaqələndirir: “Bunlar hamısı erməni  lobbisinin və Ermənistan prezidentinin dostu  Pier Matyunun işləridir. Məni qanunsuz olaraq işdən çıxartdırdı, buna görə Fransada məhkəməyə müraciət etdim. Əvəzində şirkətin rəhbərliyi həm kompensasiya ödəməmək, həm də bir türk olaraq açıq qərəz nümayiş etdirərək mənə qarşı qondarma cinayət işi açılmasına nail oldu. Şikayəti verəndə bütün sənədləri gizlətdilər ki, mən təqsirsizliyimi sübut edə bilməyim. Baş ofis məni hələ işdən çıxarmamışdan əvvəl bütün planları qurmuşdu. Məni prezentasiyaya dəvət bəhanəsi ilə Madridə çağırdılar. Orada kompüterimi, telefonumu əlimdən aldılar ki, əlimdə heç bir sübutum qalmasın. Çünki kompüterimdə və telefonumda təqsirsizliyimi sübut edən bütün dəlillər vardı. Kompüterimin və telefonumun əlimdən alınmasını baş ofisin rəhbər işçiləri öz ifadələrində təsdiq edib. Özümü təqsirsiz hesab edirəm. Müstəntiq mənə qarşı qərəzli davranıb, indiyədək həbsdə saxlanmağımı da qanunsuz hesab edirəm”. 

Məhkəmə iclası davam edir.

2016-cı ilin oktyabrında Fransanın Azərbaycandakı səfiri Orelia Buşez Mehmet Şahanı xidmətlərinə görə milli kavaler ordeni ilə təltif edib. Fransanın Azərbaycandakı səfirliyinin həmin vaxt yaydığı məlumatda qeyd edilirdi ki, Fransanın xarici ticarət məsləhətçisi olan Mehmet Şahan Azərbaycanda fəaliyyət göstərən fransız işgüzar dairələrinin görkəmli nümayəndəsidir.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR