İnsanlara hürriyət, millətlərə istiqlal!

“Fransanın təsiri altına düşmüş Avropa İttifaqında beynəlxalq hüquq və ədalət tapdalanır” -Millət vəkili  

388 19.10.2023 15:59 Siyasət A A

 

 

“ABŞ və Avropa İttifaqının  harada əli  olursa, orada müharibələr və münaqişələr baş verir, qırğınlar daha da böyüyür. Angela Merkelin hakimiyyəti dövründə Avropa İttifaqı ədalətə söykənən müstəqil siyasət yürüdürdüsə, indi Fransanın təsiri altında qərəzli qərarlar qəbul etməkdədir.  Almaniyanın kansleri Olaff Şolts da Makronun əl altısına çevrilib, onun tapşırıqlarının icraçısı olub. Ona görə də   kolonial siyasətini davam etdirən və xalqların hüquqlarını istismar edən Fransanın təsiri altına düşmüş Avropa İttifaqında beynəlxalq hüquq və ədalət tapdalanır”.

Bu fikirləri Musavat.com-a millət vəkili Azər Badamov deyib. O vurğulayıb ki, dünya nizamında tənzimləyici təşkilat kimi qlobal məsələlərə ədalətli yanaşaraq beynəlxalq hüququn aliliyini təmin etməli olduğu halda son illərdə hadisələrin inkişafı BMT-nin deqradasiyaya uğradığını və ABŞ-la Aİ-nin sifarişlərinin icraçısına çevrildiyini sübut edir:

“BMT orda təmsil olunan 200-ə yaxın dövlətin hüquqlarını bərabər şəkildə beynəlxalq normalara uyğun qorumalı idi. Təəssüf ki, dünyanın nizamı pozulub. Dünya 5-dən böyükdür və baş verən münaqişələrə ədalətli mövqedən yanaşaraq qərarlar qəbul edilməsə, bəşəriyyəti böyük faciələr gözləyir. Dünya əhalisinin təxminən 1/3 müsəlman olduğu halda BMT TŞ-da niyə bir müsəlman ölkəsi təmsil olunmur? Bütün ədalətsizliklər buradan başlayır.  Amma reallıqda  BMT-nin qəbul etdiyi qətnamələr ABŞ-la Aİ-nın istəyinə uyğun olduqda dərhal icra olunur. Digər hallarda tarixin arxivinə göndərilmiş kağız parçasına çevrilir”.

Millət vəkili xatırladıb ki, BMT TŞ-nın ədalətsiz münasibəti Azərbaycan ərazisi ilə bağlı qəbul olunmuş 4 qətnamənin icra etdirilməməsi ilə aydın göründü: “Azərbaycanla bağlı qəbul olunmuş qətnamələrdə Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən qeyd-şərtsiz çıxarılması tələb olunurdu. Bu qətnamələrin icrasını təmin etmək üçün ATƏT-in Minsk Qrupuna mandat da verilmişdi. Nəticədə gördük ki, BMT və ATƏT Azərbaycanı şirin sözlərlə sakitləşdirməklə torpaqlarımızdakı Ermənistan işğalını əbədiləşdirmək istəyir. Ona görə biz hərəkətə keçdik və  məcburən ərazilərimizi güc yolu ilə işğaldan azad edərək tarixi missiyanı yerinə yetirdik. Azərbaycan TŞ-nın qətnamələrini öz gücü ilə icra edərək pozulmuş beynəlxalq hüququn tələblərini bərpa etdi. Buna baxmayaraq yenidən beynəlxalq hüququ ayaq altına ataraq uzun illər tapdalayan Ermənistanı birtərəfli dəstəkləməyə çalışırlar. O cümlədən Avropa parlamentində və AŞPA-da Azərbaycana qarşı qərəzli qətnamələr qəbul edilir. Torpaqlarımız işğal altında olduğu dövrdə Azərbaycan ərazilərində dini, milli mədəni abidələrin təhqir olunmasının, yaşayış məntəqələrinin yerlə-yeksan edilməsinin qarşısını almaq üçün müşahidə missiyalarının göndərilməsi bağlı BMT-ə dəfələrlə müraciətlər olunmuşdu. Amma BMT susqunluğa üstünlük verdi və Ermənistanın torpaqlarımızda törətdikləri vandalizmə və barbarlığa göz yumdular. Azərbaycan öz tarixi vəzifəsini beynəlxalq hüquqa uyğun həll etdikdə onlar açıq şəkildə riyakarlıq edərək  Ermənistana dəstək verməyə və birtərəfli ədalətsiz, qərəzli qərarlar qəbul etməyə başladılar. Necə olur ki, torpaqlarımız işğal altında olduğu dövrdə çağırışlarımıza uyğun monitorinq missiyasını regiona göndərmək istəməyən BMT və Aİ indi missiyaların göndərilməsindən danışır? BMT beynəlxalq təşkilat olduğundan münaqişələrə münasibətdə dini mənsubiyyətə üstünlük verməməlidir. Hüquq  bütün dövlətlərlə münasibətdə ali olmalı və qəbul olunan qərarar ədalətə söykənməlidir. Məhz belə olan halda dünyada müharibələrə və münaqişələrə son qoyular, humanitar problemlər öz həllini tapar”.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR