İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransanın Laçın yoluna “səlib yürüşü” - Paris reallıq hissini itirib, yoxsa...

1365 29.08.2023 11:24 Siyasət A A

Politoloq: “Unudurlar ki, bir müddət öncə də Ermənistanda ”Xaçlar” adlanan terrorçu birlik Azərbaycana qarşı “yürüş” həyata keçirmək istəyirdi, amma o plan elə yerindəcə məhv edildi”

Fransa BMT Təhlükəsizlik Şurasına təqdim etmək üçün “Azərbaycanın blokadası səbəbindən "aclıqdan ölmək" ərəfəsində olan Dağlıq Qarabağın 120 min sakininə yardım haqqında" adlı qətnamə layihəsi hazırlayır.

Bu, Fransanın riyakar, saxtakar siyasətinin davamı olmaqla yanaşı, anti-Azərbaycan güclərin Qarabağda davamlı sülh, reinteqrasiyanın baş tutmaması üçün maksimum səylə çalışdığının göstəricisidir.

Nəzərə çatdıraq ki, Ermənistan avqustun 16-da Təhlükəsizlik Şurasında bu yöndə müzakirələrə nail olsa da, yekunda heç bir sənəd qəbul edilməmişdi. İrəvanın biabırçı məğlubiyyəti, görünür, onun böyük bacısı Fransanın da maraqlarına uyğun gəlmədiyi üçün bu dəfə Paris özü qətnamə layihəsi hazırlamağa qərar verib.

Bu arada ABŞ-dakı erməni lobbisi də hərəkətlənib və faktiki olaraq Ağ Evi şantaj etməyə başlayıblar: “907-ci düzəlişin” tətbiqinə, Azərbaycan məmurlarına sanksiya tətbiq etməyə çağırırlar.

Buna paralel olaraq Fransa Laçın yolu ilə bağlı növbəti bir təxribat da planlaşdırıb. Belə ki, Paris, Marsel və Strasburq merləri Fransanın Qarabağa yeni humanitar yükünü müşayiət edəcək.

“Fransadan 10 ağır yük maşınından ibarət humanitar karvan avqustun 30-da Kornidzora - Ermənistan Artsaxının girişində yola düşəcək”. Fransanın “Le Figaro” jurnalının direktor müavini Jan-Kristof Buisson bu barədə öz Twitter hesabında yazıb.

O qeyd edib ki, yük Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının (CCAF) köməyi ilə yığılıb. Yükü Fransanın bir sıra regionlarının nümayəndələri müşayiət edəcək. Parisin meri Anna Hidalqonun rəhbərlik edəcəyi nümayəndə heyətinə Marsel və Strasburq merləri, həmçinin Fransanın bir sıra regionlarının rəhbərləri də daxildir.

Faktiki olaraq Fransa Laçın yolu ilə bağlı “səlib yürüşü”nə çıxıb. Təbii, bütün prizmalardan yanaşdıqda Parisin bu davranışı beynəlxalq normalara, siyasi əxlaqa ziddir. Ancaq fakt budur ki, Fransa bu siyasətini, davranışını dəyişmir.

Fransa reallıq hissini itiribmi? Regiondakı tendensiyanı nəzərə almamaqla Paris nəyə nail olmaq istəyir? Separatçı rejimi faktiki olaraq növbəti dəfə revanşa sövq etmək yekunda hansı nəticələrə gətirib çıxara bilər?

Sülhməramlılar Rusiya prezidentinin imzasına hörmət etməlidirlər -  politoloq Anar Əliyev

Anar Əliyev

Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, Fransa neoimperialist maraqlarını həyata keçirmək üçün Cənubi Qafqazda formalaşmış reallıqların şərtlərinə təsir etmək, onu dəyişdirmək istiqamətində cəhdlərini davam etdirməkdədir: "Xüsusilə BMT Təhlükəsizlik Şurasında məlum müzakirələrdə Fransa və Ermənistanın istəkləri həyata keçmədikdən sonra çox təəssüf ki, Fransa baş verənlərdən düzgün nəticə çıxarmaq əvəzinə Azərbaycana qarşı təxribat istiqamətli, eyni zamanda beynəlxalq müstəvidə heç bir fakta, reaqllıqlara əsaslanmayan yanlış məlumatlar əsasında informasiya müharibəsini davam etdirməyə çalışır. Mən xüsusilə Fransanın BMT Təhlükəsizlik Şurasına təqdim etməyə çalışdığı şikayəti qeyd etmək istəyirəm. Fransa beynəlxalq hüququn prinsiplərinə kobud şəkildə müdaxilə edərək Azərbaycanın daxili işlərinə qarışmaq kimi qiymətləndirilən addımlarını açıq-aşkar, dünya ictimaiyyətinin gözü qarşısında reallaşdırmağa çalışır. Çox təəssüf ki, beynəlxalq güclər, Avropa institutları, ABŞ-dan buna əks-reaksiya görmürük. Əvvəla, Fransa belə bir qətnamə layihəsi ilə çıxış etmək istəyi ilə müstəqil Azərbaycan dövlətinin daxili işlərinə müdaxilə etmiş olur, ikincisi, heç bir halda Azərbaycan ərazisində mövcud olmayan inzibati ərazi vahidi haqqında "Dağlıq Qarabağ" termini işlətməklə beynəlxalq hüququn dövlətlərin daxili işlərinə müdaxilə etməmə prinsipinə kobud şəkildə etmiş olur. Eyni zamanda “120 min erməni sakin” qeyd edərək absurd rəqəmlər səsləndirir. Hansı ki, Azərbaycanın əlində Qarabağda təxminən 20 minə yaxın erməni sakinin məskunlaşdığı barədə dəqiq məlumatlar var. Eyni zamanda guya onların acından ölmək ərəfəsində olmaqla bağlı absurd iddialar səsləndirməkə Fransa dünya ictimaiyyətini aldadır. Bununla Fransa Azərbaycanın irqi ayrıseçkilikdə ittiham edilməsinə, Azərbaycana qarşı beynəlxalq təzyiq mexanizmi formalaşdırmağa çalışır. Amma unudurlar ki, Azərbaycan “humanitar böhran” şousu ilə bağlı ilk addımlar atılmağa başlayandan Ağdam-Xankəndi yolunu təklif edib. Lakin ermənilər Azərbaycanın bu humanist təklifini qəbul etmək əvəzinə yola beton bloklar düzüblər. Sual yaranır ki, əgər ermənilər humanitar böhran içərisindədirlərsə niyə onlara təklif olunan yolu qəbul etmirlər. Deməli, heç bir halda humanitar böhrandan, ərzaq problemindən söhbət gedə bilməz. Bütün bunlar hamısı Azərbaycana qarşı beynəlxalq təzyiq kampaniyasının formalaşdırılmasına xidmət eləyən təxribat xarakterli absurd iddialardır. Fransa isə belə təxribat xarakterli addımlarını davam elətdirir. Parisin, Marselin və Strasburqun merlərinin Fransanın Qarabağdakı ermənilərə humanitar yardım adı altında göndərdikləri nəqliyyat vasitələrini müşayiət edəcəkləri haqqında məlumatlar yayılıb. Eyni zamanda Fransanın bir sıra rəsmi şəxsləri, KİV-ləri Azərbaycana qarşı səlib yürüşünə çıxıblar. Amma undurlar ki, bir neçə müddət öncə də Ermənistanda “Xaçlar” adlanan bir terrorçu birlik Azərbaycana qarşı “səlib yürüşü” həyata keçirmək istəyirdi, amma o plan elə yerindəcə məhv edildi. Onlar unudurlar ki, Azərbaycanı ucuz şoularla, əsassız ittihamlarla geri çəkilməyə məcbur etmək mümkün deyil. Azərbaycan özünün haqq bildiyi, beynəlxalq hüququn prinsiplərinə əsaslanan yolla gedir".

Politoloq qeyd etdi ki, eyni zamanda Fransanın bu davranışları bölgə xalqlarının, hətta Ermənistanın özünün belə maraqlarına uyğun deyil: “Fransanın bu davranışları Ermənistanda revanşist əhval-ruhiyyənin qızışdırılması və yenidən yanlış xülyaların yaranmasına gətirib çıxara bilər. Bu isə Ermənistan dövləti və cəmiyyəti üçün böyük itkilərlə yekunlaşacaq. Ermənistanın Fransa kimi dövlətlərə arxalanaraq törədə biləcəyi istənilən təxribata Azərbaycan ən sərt şəkildə cavab vermək qüdrətindədir və bu addım atılacaq. Ona görə də hesab edirəm Fransanın addımları heç də Qarabağdakı ermənilərin və Ermənistanın maraqlarının təmin olunmasına xidmət eləmir. Fransa yenə də erməniləri alət etməklə özünün Cənubi Qafqazda neoimperialist maraqlarını həyata keçirmək istəyir. Fransanın Azərbaycana qarşı BMT Təhlükəsizlik Şurasında qətnamə qəbul etdirmək istəyinin reallaşması gözlənilən deyil. Təhlükəsizlik Şurasının daimi üzvlərindən və qeyri-daimi üzvlərindən Azərbaycanın haqlı mövqeyini müdafiə edənlər var. Rusiya Fransanın qəbul etdirmək istədiyi qətnaməyə veto qoymaqla özünün Cənubi Qafqaz maraqlarını qoruyub saxlamağa çalışacaq. Bunu Fransa da, Ermənistan da bilir. Amma belə uğursuz addımlar atmaqla Cənubi Qafqazda baş verən prosesləri beynəlxalq gündəliyə daşımaq və bununla da Azərbaycana qarşı təzyiq kampaniyasını genişləndirməyə çalışırlar. Lakin ciddi real nəticələr əldə edə biləcəkləri gözlənilmir”.   

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR