İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa Prezidentinin “qarınağrısı” nədir? - ekspertdən ilginc açıqlama

1389 18.10.2022 10:30 İqtisadiyyat A A

İlham Şaban: “Fransa şirkətləri Azərbaycanın neft-qaz sektorundan yüz milyonlarla dollar qazanırlar”

Fransa prezidenti Emmanuel Makron məlum müsahibəsində Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu da görməzdən gəlib. O iddia edib ki, Fransa Azərbaycandan neft-qaz almır, alsaydı belə, işğalçıya güzəştə getməzdi...

Münaqişənin tarixini saxtalaşdırmağı yetmirmiş kimi, Fransa Prezidenti iqtisadi əlaqələri də saxtalaşdırır. Çünki Fransa Azərbaycandan neft alır. Azərbaycan Dövlət Gömrük Komitəsinin statistikasına əsasən, 2021-ci ildə Fransa Azərbaycandan 62 milyon 204.84 min dollar dəyərində 118 min 183.97 ton, bu ilin yanvar-avqustunda isə 43 milyon  447.48 min dollar dəyərində 46 300.13 ton neft alıb. Qaza gəlincə, Fransa Azərbaycan qazının alıcısı deyil, lakin bu ölkənin enerji şirkətləri Azərbaycan neft-qaz sektorunda çalışır və böyük həcmdə gəlirlər əldə edirlər.

Enerji məsələləri üzrə ekspert İlham Şabanın sözlərinə görə, Fransa şirkətləri Azərbaycan neftinin iyini 90-cı illərdən alıb özlərini yetiriblər: “90-cı illərin ortasından başlayaraq Azərbaycanın neft-qaz layihələrinə Fransanın "Total", “Elf Atiken”, “GDF Suez” şirkətləri qoşulub. Onlar həm kəşfiyyat, həm də hasilat layihələrinin iştirakçıları olub.

Total” son 10 ildə ilk dəfə maliyyə itkisilə üzləşdi - 7,2 milyard dollar |  marja.az

Fransanın xidmət şirkətləri həmçinin Azərbaycanın neft-qaz sənayesindən yetərincə qazanc əldə ediblər. Sonradan Azərbaycanda lövbər salmış ən iri enerji şirkəti “Total” oldu. Hansı ki, 2016-cı ildə Bakıda özünün fəaliyyətə başlamasının 20 illiyini qeyd edirdi.Və bu yubiley münasibəti ilə də Azərbaycan Dövlət Neft Şirkəti ilə 21 noyabr 2016-cı il il tarixində “Abşeron” qaz-kondensat yatağının işlənməsi üzrə I mərhələnin əsas müqavilə və kommersiya şərtlərinin müəyyən edilməsi haqqında saziş imzalamışdı".

Ekspert maraqlı faktlar açıqlayır: “2016-cı ildən bu yana Fransanın saylı neft-qaz şirkətinin nümayəndələri Azərbaycan Prezidenti tərəfindən 7 dəfə qəbul edilib.  Ona görə ki, "Şahdəniz"dən sonra Azərbaycanın ən böyük qaz yatağı olan “Abşeron” həm artan daxili tələbatın ödənilməsində, həm də xarici bazarlara Azərbaycanın çıxartmaq istədiyi əlavə qaz həcmlərinin əsasını təşkil edən resursdur. “Abşeron” layihəsi üzrə Hasilatın Pay Bölgüsü sazişi  27 fevral 2009-cu ildə imzalanıb. 2011-ci ilin sentyabrın əvvəlində isə ilk kəşfiyyat quyusu ilə Xəzərin 500 metrdən çox dərinliyində yeni qaz-kondensat yatağının açılması baş verib. Yataq açılandan sonra aradan 11 ildən çox bir vaxt keçib və hələ də ilk qaz hasil edilməyib. Bilirsiniz niyə? Çünki Fransa şirkəti yataq açılandan sonra Azərbaycan tərəfi ilə layihənin necə işlənəcəyinə dair uzun-uzadı mübahisələrə baş vurub. Halbuki buna ehtiyac da yox idi, çünki SOCAR-ın gətirdiyi məntiqi dəlillər inandırıcı və kommersiya risklərinin minimuma endirilməsi baxımından tutarlı idi. “Total” isə qaz vurub qazan doldurmaq prinsipini göz altına almışdı. Mübahisə predmeti isə ondan ibarət idi ki, Fransa şirkəti “Abşeron” yatağının ilk mərhələsində çıxarılacaq qazın Azərbaycanın daxili bazarında nisbətən ucuz satılmasına heç meylli deyildi, onunku Avropa bazarına uyğun qiymətlər idi.

Soruşa bilərsiniz ki, bəs necə oldu sonda kommersiya sazişini imzaladı? Siz tarixə fikir verin - düz 5 il bir layihənin şərtləri üzərində mübahisə edən şirkət 2016-da ona, necə deyərlər, can-başla qolunu qoymaq qərarına gəlir. Niyəsi isə ondan qaynaqlanırdı ki, dünya bazarlarında həmin il neft 30 dollardan ucuz qiymətə ticarət edilməyə başladı və təbii ki, qaz qiymətləri də beynəlxalq bazarlarda kifayət qədər ucuzlaşdı. Vəziyyətin dumanlı olduğunu görən “Total” Azərbaycan tərəfinin təkliflərinə razılığını verdi. Bu təkliflər isə həqiqətən cəlbedici idi. Çünki çıxardığı qazı faktiki olaraq quyu ağzındaca SOCAR-a fiksasiya edilmiş qiymətə satacaq. Avropada istər qazın qiyməti hətta 10 dollara düşdüyü halda belə, o öz qazına “Abşeron”un ilkin mərhələsi üçün nəzərdə tutulan kapital qoyuluşunu çıxartmaq və müəyyən mənfəətə nail olmaq şərtlərinə əməl olunması ilə gəlir əldə edəcək. Yəni yatırımları tam sığortalanıb. İkinci bir tərəfdən, onun gəliri təkcə qazla məhdudlaşmır axı? Hasil ediləcək kondensat həcmləri Bakı-Tiflis-Ceyhan boru kəməri ilə qlobal bazara çıxarılacaq və dünya qiymətləri ilə satılacaq. Təbii ki, bundan “Total” da mənfəətdə olacaq. Və bundan Pransa Prezidentinin guya xəbəri yoxdur! Və hətta bilmir ki, onun ölkəsini təmsil edən şirkət Bakı-Tiflis-Ceyhan boru kəmərinin 5 faiz səhmlərinə sahib kimi illik milyonlarla divident də əldə edir. Təbii ki, hər şeyi Yelisey Sarayında gözəl bilirlər, amma özlərini o yerə qoymaq istəmirlər".

interview.az - Neft-Qaz sahəsi üzrə ekspert İlham Şaban: "Azərbaycan  müddəti 2050-ci ilədək nəzərdə tutulan yeni neft müqavilələri imzalamağa  hazırlaşır"

İlham Şaban

Artıq hamıya məlumdur ki, Fransız şirkəti “Abşeron”dan ilk qazı yubadır. İ.Şaban bunun maraqlı səbəblərini açıqlayır: “Demək, 2016-cı ildə imzalanan sazişin kommersiya şərtlərinə görə, ilk qaz 2019-cu ilin 3-4-cü rüblərində hasil edilməli idi. Amma "Total" hüquqi müstəvidə verdiyi vədə əməl etmədi. Çünki bir qədər keçəndən sonra dünya bazarlarında enerjidaşıyıcılarının qiyməti yenidən artmağa başladı və Fransa şirkətinin qarınağrısı da bundan sonra hiss edildi. Müxtəlif səviyyələrdə yuxarılara elçi göndərib kommersiya şərtlərinin ağır olduğunu bəyan edir, onların yumşaldılmasına çalışırdı.

Bakıda, Parisdə, Davosda Fransa şirkətinin rəhbərliyinin Azərbaycan Prezidenti ilə görüşlərə can atmasının səbəbi budur. Amma ona başa salındı ki, Azərbaycan nadir ölkələrdən biridir ki, hələ indiyə qədər imzaladığı neft və qaz sazişlərinin bircə maddəsini belə dəyişməyib. Yəni verdiyi sözə daim əməl edib. Verdiyi söz də imzası kimi keçərli olub həmişə. Bunun Azərbaycan üçün prinsipial məsələ olduğunu dərk edəndən sonra “Total” işə başlayır və zaman keçdiyindən ilk hasilatın vaxtı 2021-ci ilə qədər uzadılır. Amma buna da əməl olunmur.

13 yanvar 2021-ci ildə “Totalenergies” şirkətinin Xəzər və Cənubi Avropa regionu üzrə yeni təyin olunmuş vitse-prezidenti Kristin Mari Hili SOCAR rəhbərliyinə təqdim edilmə mərasimində birgə həyata keçirilən “Abşeron” layihəsi çərçivəsində ilk qazın hasilatına başlanılmasının 2022-ci ildə əsas hədəf kimi qeyd olunduğu vurğulanır. Nəhayət, sonuncu dəfə 2021-ci ilin dekabrın əvvəlində Prezident İlham Əliyevin qəbulunda olarkən “Totalenergies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Arnaud Breuillac Azərbaycan rəhbərliyini əmin etdi ki, təqribən 1 ildən sonra “Abşeron” yatağından ilk qaz hasil ediləcək.  Bu ilin artıq 4-cü rübüdür, amma ilk qazın anonsu edilməyib və son məlumatlara görə,  hasilat tarixi 2023-cü ildə baş tutmalıdır, daha bilmirəm əvvəlində, ya axırında.  

Nəzərə alsaq ki, ilk qazı “Şahdəniz”dən 7 ilə çıxartmaq üçün BP şirkətinə hər şeyi sıfırdan yaratmaq lazım olmuşdu. “Total” üçün isə bunu reallaşdırmağa nə sahildə terminal tikmək gərək deyildi, nə mürəkkəb sualtı birləşmələr və həmçinin bahalı texnoloji platforma yaratmağa ehtiyac yox idi. Sadəcə, lazımi investisiya qoymaq və işləmək lazım idi. Çünki platformada hasil etdiyi qazı “Neft Daşları” yatağında SOCAR öz qaz nəql sisteminə qəbul edəcəkdi. İndi sual edirəm: Sizcə, “Total”ın Azərbaycana olan münasibətini necə qiymətləndirmək olar?

Bəli, istərdik ki, “Qarabağ Azərbaycandır” desin bu tanınmış fransız şirkəti. Ancaq özünün özəlliyini ön plana çəkərək demədi və neytral mövqedə qaldı. BP şirkətinin də Britaniya hökumətinə və dövlətinə nə vertikal, nə də horizontal tellərlə bağlılığı yoxdur. 1992-ci ildən Azərbaycanda olan, burada biznesini genişləndirən və nəhayət, dünyaya özünün qaz seqmentini “Şahdəniz” yatağını açmaqla gəlmiş şirkət 2020-ci ilin sentyabrın o qanlı-qadalı günlərinin əvvəlindən “BİZİM YANIMIZDA” olduğunu bəyan eləməkdən çəkinməmişdi. Fərq, bax, bundadır". 

Ekspertin fikrincə, Rusiya Prezidentinin Türkiyədə qaz habının yaradılması təklifi Azərbaycan qazına marağın daha sürətlə artımına təkan verir: “Bu, qaz bazarını dəyişəcək təklifdir.

Rusiya Türkiyədə qaz qovşağı qurmaq istəyini açıqlayıb. “Türkiyədə qaz qovşağı yaradılarsa, qazın qiymətinin müəyyən edilməsi, eləcə də Avropa ölkələrinə tədarük üçün platformaya çevrilə bilər”, - deyə Vladimir Putin bəyan edib. Təsəvvür edə bildiniz Rusiya Prezidentinin ideya kimi verdiyi məsələ reallaşsa, qaz bazarında nələr yaşanar? Azərbaycan qazının qiyməti nə olar? Hələ çox çətindir təsəvvür etmək.  Amma Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz təşəbbüslə bağlı deyib ki, “biz bu təklifi ilk dəfə eşitdik, indidən danışmaq tezdir. Bəzi hüquqi, ticarət-iqtisadi, texniki məsələləri müzakirə etməliyik”. Yəni rəsmi Ankara bu addımı ilə Rusiya və Qərb arasında manevr imkanları qazanır və illərdir arzusunda olduğu Avropaya gedən “QAZ AÇARINA” sahib olmaq şanslarının nə qədər gerçək olacağını maraqlı tərəflərin diqqətinə çatdırmaq istəyir. Amma reallıq bundadır ki, 2022-ci ilin proqnozlarına görə, Türkiyə üzərindən Avropaya axan qaz həcmləri 25 milyard kubmetri ötəcək. Bunun 14 milyard kubmetri Rusiya qazının payına, 11 milyard kubmetrdən artığı isə Azərbaycanın payına düşəcək. Yaxın bir neçə ildən sonra isə Azərbaycan qazı Rusiya mavi qazından daha üstün mövqelərdə olacaq, çünki bu həcmlərin 20 milyard kubmetrə qədər artımı üçün Avropa Komissiyası və Azərbaycan artıq razılığa gəliblər. Rusiya qazından isə Avropa 2025-ci ilədək imtina etmək niyyətindədir".

Düna SAKİT,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR