İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa özünü belə İFŞA etdi - Bakıdan SƏRT təpki

1153 04.02.2026 22:53 Siyasət A A

 

"Fransa Milli Assambleyasının qəbul etdiyi növbəti anti-Azərbaycan qətnaməsi ölkəmizə qarşı açıq qərəzin təzahürüdür. Qətnamə Rəsmi Parisin Cənubi Qafqazda sülh prosesini pozan əsas maneələrdən biri olduğunu bir daha ortaya qoyur. Azərbaycanın məhkəmə orqanları tərəfindən konkret cinayət maddələri üzrə – müharibə cinayətləri, separatçılıq, terror fəaliyyəti və insanlıq əleyhinə cinayətlərdə ittiham olunan şəxslərin “erməni əsirləri” kimi təqdim edilməsi Fransa parlamentinin beynəlxalq hüququ təhrif etməsinin bariz nümunəsidir və bu, açıq siyasi qərəzdir".

Bu sözləri Musavat.com-a Milli Məclisin üzvü, Ana Vətən Partiyasının sədri Günay Ağamalı deyib.

gunay-agamali-qurultayda-bas-verenlerle-bagli-beyanat-yaydi

Deputatın sözlərinə görə, qətnamədə hüquqi statusu olmayan, BMT tərəfindən tanınmayan “Artsax” terminindən istifadə edilməsi Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almaq cəhdidir: "Bu addım Fransanın keçmiş vasitəçilik missiyasının inkarı kimi qiymətləndirilməlidir. Daha riyakar məqam ondan ibarətdir ki, Fransa “öz müqəddəratını təyin etmə” prinsipini Azərbaycana qarşı selektiv şəkildə qabardır, lakin eyni prinsipi Korsika, Yeni Kaledoniya və digər müstəmləkə keçmişi olan ərazilər üçün qətiyyətlə rədd edir. Bu "ikili standart" imperialist düşüncə tərzinin davamıdır. Qətnamədə Azərbaycanın guya erməni mədəni irsini məhv etməsi ilə bağlı səsləndirilən iddialar uydurmalara əsaslanır. Fransa 30 il ərzində Ermənistanın Azərbaycanın işğal altındakı ərazilərində törətdiyi dağıntılara, mədəni soyqırımına və etnik təmizləməyə bilərəkdən susduğu halda, bu gün Azərbaycanı ittiham etməyə cəhd göstərməsi absurddur".

Deputat hesab edir ki, sözügedən qətnamə revanşizmə xidmət edir: "Bu sənəd Ermənistan daxilində radikal dairələrə açıq mesajdır və regionda yeni gərginlik üçün zəmin yaratmağa hesablanıb. Rəsmi Paris bu cür addımlarla həm beynəlxalq hüquqa hörmətsizlik edir, həm də özünün qərəzli və etibarsız tərəfdaş imicini daha da möhkəmlədir.

Möhtərəm Cənab Prezident İlham Əliyevin qətiyyətli və prinsipial siyasəti nəticəsində Azərbaycan regionda yeni reallıqlar yaradıb və bu reallıqlar heç bir xarici parlamentin, heç bir xarici qüvvənin sifarişli qərarları ilə dəyişdirilə bilməz. Azərbaycan siyasi təzyiqlər altında öz yolundan dönən dövlət deyil. Ölkəmiz öz suveren hüquqlarını, məhkəmə müstəqilliyini və ərazi bütövlüyünü qorumaqda qətiyyətlidir və heç bir müdaxilə bu iradəni sarsıda bilməz".

Cavanşir ABBASLI,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR