İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa məktəblərində islamçılara qarşı “soyqırım”: Geyim qadağasının gizlin məqamları  

522 28.08.2023 15:07 Siyasət A A

 

Qabil Hüseynli: “Fransada bu qadağanın çıxarılması islama qarşı hücumun yeni bir mərhələsi olacaq”

Fransa hakimiyyəti məktəblərdə əbayəların - bədəni tamamilə örtən və adi paltarın üstündən geyilən müsəlman qadın paltarlarının geyinilməsini qadağan etmək niyyətindədir. Bu barədə ölkənin yeni milli təhsil və gənclərlə iş üzrə naziri Qabriel Attal məlumat verib. "Respublikada məktəb dünyəvilik kimi möhkəm prinsiplər üzərində qurulub. Dünyəvilik məktəb vasitəsilə özünü azad etməkdir. Sinif otağına girəndə şagirdlərin dinini təkcə onlara baxmaqla müəyyən edə bilməməlisən”, - o bildirib. Nazir söz verib ki, gələn həftə məktəb rəhbərləri ilə bu qadağanın necə həyata keçiriləcəyini müzakirə edəcək.

Yada salaq ki, 2004-ci ildə Fransa hakimiyyəti dövlət məktəblərində müəllim və şagirdlərin hicab geyinməsini və dövlət qulluqçularının dini simvolika gəzdirməsini qadağan etmişdi. 2010-cu ildə isə Fransa hökuməti bir az da irəli gedərək, tam hicabı ictimai yerlərdə, ümumiyyətlə, qadağan etmişdi. Fransada tam hicabı ictimai yerlərdə qadağan edən 2010-cu il qanunundan Avropa Məhkəməsinə şikayət edilib, lakin məhkəmə qadağanın qanuni olması barədə hökm çıxarıb. Bu qərarlar əslində, Fransada insanların din azadlıqlarına qarşı çıxmağın, dini dözümsüzlüyün nümayişi kimi qiymətləndirilməlidir. Halbuki dünyanı yalançı demokratiyaya səsləyən Fransa özü başqa millətlərin din azadlığına qarşı tolerantlıq nümayiş etdirə bilmir. Elə bu səbəbdəndir ki, illərdir bu ölkədə inanclı insanlar onlara qarşı edilən haqsızlığa görə etirazlarını bildirirlər. 2013-cü ildə Fransada baş örtüyü qadağası Paris məhəlləsində ən böyük iğtişaşlara səbəb oldu, xeyli insan haqsız yerə polis tərəfindən zorakılığa məruz qaldı.

Digər tərəfdən, indiki məqamda, Quranın yandırılması ilə bağlı narazılıqların ortaya çıxdığı vaxtda, BMT-nin müqəddəs kitabların yandırılması ilə bağlı hərəkətləri pisləyən qətnaməni  qəbul etdiyi zamanda Fransada hicab qadağasının gündəmə gəlməsi də heç də təsadüfi deyil.

Yeri gəlmişkən, bu il martın 15-də Bakıda “İslamafobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransında da bu məsələyə toxunulmuşdu. Konfransda Lester Universitetinin (Böyük Britaniya) nəzdində fəaliyyət göstərən media, kommunikasiya və sosiologiya məktəbinin dosenti İdil Osman bildirib ki, Fransanın müstəmləkə imperiyası dövründən bəri müsəlmanlara münasibətdə yürütdüyü siyasət göstərir ki, rəsmi Paris təkcə bu ölkədə yaşayan müsəlmanlara qarşı deyil, ümumilikdə islam ideyalarına və müsəlman dünyasına qarşı mübarizə aparır”.

Onun sözlərinə görə, Fransa müstəmləkəçi dövlət kimi Şimali Afrikanın yerli xalqlarının dini ənənələrini, mədəniyyətini sıxışdırmışdı: “Bu regionda mövcud olan mədəniyyətlərin və dinlərin (əsasən islam) məhvinə sistemli yanaşma var idi və o vaxtdan islamın “demonizasiyası”na başlanılıb”.

Osman vurğulayıb ki, Fransada müsəlmanların o qədər də çox olmamasına baxmayaraq, bu ölkənin hökuməti hicab və niqab geyinməyi qadağan edən qanunun qəbuluna qərar verib: “Bu, Fransanın müsəlmanların həyat tərzi üçün təhlükəli olduğunu göstərir”. O əlavə edib ki, bu ayrı-seçkiliyə görə bir çox müsəlmanlar Böyük Britaniyaya köçürlər.

qabil-huseynli.jpg (23 KB)

Tanınmış politoloq Qabil Hüseynli mövzu ilə bağlı Musavat.com-a dedi ki, Fransa anti-müsəlman mövqeyilə həmişə seçilib: “İslam peyğəmbərinin ilk karikaturaları da bu ölkədə dərc olunan jurnalda nəşr olunmuşdu. Son dövrlərdə isə Fransada məscidlərin tikilməsinə də qadağalar qoyuldu. Bu nöqteyi-nəzərdən də dini inanclılara qarşı, xüsusən müsəlman dini inanclılara qarşı bir “Səlib yürüşü” var. Bu yürüş özünü yeni-yeni qaydalarla büruzə verir. İndi də qızlar üçün müsəlman geyim ənənələrinin məktəblərdə qadağan olunması məsələsini gündəmə gətiriblər. Şübhə etmirəm ki, bu, bilavasitə Makronun göstərişi ilə həyata keçirilir. Bu, dini inanclara qarşı mübarizədir. Həm də ölkədə multikulturalizm və tolerantlığın yox olması, getdikcə aradan qaldırılmasına da bir işarədir. Bu, dini dözümsüzlükdür. Başqa dindən olan insanlara qarşı bir hücumdur, təcavüzdür. Bu nöqteyi-nəzərdən Fransanın bu addımı islamafobiyanın  yeni bir təzahürüdür. Bütün bunlar onu göstərir ki, Fransada, özünü mədəni adlandıran  bu ölkədə əslində, qatı şovinizm qayda-qanunları hökm sürür. Bu səbəbdən də islam məktəblilərinə qarşı bu qadağanın çıxarılması islama qarşı hücumun yeni bir mərhələsi olacaq”.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR