İnsanlara hürriyət, millətlərə istiqlal!

Firqə maraqları milli maraqları üstələyəndə - radikallar köhnə ampluada

604 19.04.2024 14:17 Ölkə A A

Ağasif Şakiroğlu: “Ölkə və region üçün həssas dövrdə mitinq çağırışı xəyanətdir”

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın aprelin 21-də mitinq keçirməklə bağlı müraciətinə cavab verib. APA-nın xəbərinə görə, meriya mitinqin keçirilməsini məqbul saymayıb.

Qeyd edilib ki, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci ünvanda yerləşən Yasamal İdman-Sağlamlıq Kompleksinin stadionunda təmir işləri həyata keçirilir. Eyni zamanda metronun 28 May və Nəriman Nərimanov stansiyalarının qarşısındakı ərazilər əhalinin daha sıx hərəkət etdiyi metro çıxışları olduğu, nəqliyyatın intensiv hərəkət etdiyi hissələrdə yerləşdiyindən həmin məkanlarda toplantıların keçirilməsi tıxacların yaranmasına və vətəndaşların sərbəst hərəkət hüququnun pozulmasına səbəb olacaq.

BŞİH göstərilənləri, həmçinin “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 7-ci maddəsini nəzərə alaraq 21 aprel 2024-cü il tarixində planlaşdırılan mitinqin keçirilməsini məqsədəuyğun hesab etməyib.

O ki qaldı mitinqlə bağlı reaksiyalara, əksəriyyət hesab edir ki, radikal müxalifətin 21 aprel mitinq çağırışı sözsüz ki, cəmiyyətdə növbəti qarşıdurma yaratmaq cəhdidir. 

Ağasif Şakiroğlu: “Bu görüş başqa ölkələr üçün də nümunə olacaq”

 Ağasif Şakiroğlu 

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, ölkə və region üçün həssas dövrdə mitinq çağırışı xəyanətdir: “Hazırda dünyada cərəyan edən mürəkkəb geosiyasi proseslərin getdiyi, Azərbaycanın böyük sülh sazişinə imza atmağa hazırlaşdığı və ən əsas da Rusiya sülhməramlılarının ölkə ərazisindən vaxtından öncə çıxarılması istiqamətində mühüm və taleyüklü siyasi işlərin aparıldığı bir zamanda ölkəmizdə mitinq və küçə yürüşlərinə müxtəlif çağırışların edilməsini, belə təşəbbüslərlə çıxışlar edilməsini millətimizə və dövlətimizə qarşı xəyanət hesab edirəm. Bu tip riyakar addımlarla Əli Kərimli və dəstəsi dövlətimizə qarşı növbəti xainliyə imza atmış oldu. 

Əli Kərimli hikkəli və eqoist xislətindən geri qalmadığını bir daha nümayiş etdirdi.  Əli Kərimli  uzun müddətdir ki, qrantsız qalıb, qarışıqlıq yarada bilmirlər, “sahibləri” onlara pul vermir. Onlar da indiki zamanı fürsət bilib, qazanc əldə etmək istəyirlər. Buna da ölkə daxilində “milli birliyi, həmrəyliyi pozmaq potensialına malik qüvvə” kimi nail olmaq istəyirlər. Ancaq unudurlar ki, xalqımızın həmrəyliyi, milli birliyi - iqtidarlı-müxalifətli sağlam siyasi partiyaların vahid mövqeyi millətimizə, dövlətimizə və xalqımıza zəfər yaşatdı. Və xalqımız bütün bunları siyasi cəhətdən tamlıqla və yekdilliklə görür və dərk edir. Belə olan halda küncdə qalmış Əli Kərimli və ətrafı cığalçılıq, bölücülük və nifrət aşılayan siyasətlərindən əl çəkmək zorunda qalır. Öz xəyanətkar xislətinə sadiqlik göstərən Kərimli isə yenə də xalqına və dövlətinə qarşı xainlik yolu seçdi... 

Siyasi dialoqu inkar edən və sağlam rəqabətə hazır olmayan radikalların hər zaman olduğu kimi, tək ümidi küçə iğtişaşlarıdır. Heç şübhəsiz ki, Azərbaycan xalqı bu kimi oyunlara heç zaman getməyəcək və yenə də qarışıqlıq yaratmaq istəyənlərin arzuları ürəklərində qalacaq. Əli Kərimli kimiləri siyasi dialoqu inkar etməklə siyasətdə mövcudluqlarına dair mənəvi haqlarını itiriblər. Bu gün Azərbaycan regionda sabitləşdirici faktor kimi çıxış edir. Ona görə də daxildə buna mane olmaq xainlik, yuxarıda da qeyd etdiyimiz kimi, siyasi riyakarlıqdır. Düşünürəm ki, Kərimli hər dəfə olduğu kimi, bu dəfə də gülünc obyekti olmaqla, fiaskolar kralı kimi yaddaşlarda qalacaq..."

Zəlimxan Məmmədli: “Xəlvətdə bəylik eşqinə düşüblər, alınası deyil”  Pravda.az

Zəlimxan Məmmədli 

Siyasi ekspert Zəlimxan Məmmədli də Azərbaycan üçün, dövlətçiliyimiz üçün ciddi təhdidlərin olduğu zamanda mitinq çağırışını ziyanlı hesab edir: “Türkiyə əbədi, əzəli mütəffiqimiz olsa da, dünyada fərqli güclər, fərqli maraqlar var. Millətimizi, dövlətimizi var etmək, güclü etmək üçün nə etməliyik? Özünü ana müxalifət hesab edən müxalifət aprelin 21-nə mitinq təyin edib. Təbii ki, hər qurumun mitinq keçirmək hüququ var. Lakin dövlətimizin, millətimizin indiki vəziyyətində mitinq çağırışı populizmin göstəricisidir və ziyanlıdır. Bu gün bizim əsas vəzifələrimizdən biri milli maraqlarımızı qorumaqdır”. 

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR