İnsanlara hürriyət, millətlərə istiqlal!

Fərid Səfərlinin yerinə İranda erməni yoxa çıxsaydı...

1083 18.03.2023 16:03 Yazarlar A A

Martın 16-17-də Mavritaniyada 57 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 49-cu sessiyası keçirilib. Qurumun dünən qəbul elədiyi 5 qətnamədən biri “Tehrandakı Azərbaycan Respublikasının Səfirliyinə qarşı hücum” adlanır.

Sənəddə 27 yanvar 2023-cü il tarixində səfirliyimizə ölümlə nəticələnən silahlı hücumu qəti şəkildə pislənir, İran hökumətindən hücumu hərtərəfli araşdırmaq və onu törədənləri cinayət məsuliyyətinə cəlb eləmək, habelə “Diplomatik Əlaqələr” haqqında 1961-ci il Vyana Konvensiyasına uyğun surətdə Azərbaycanın İran ərazisindəki diplomatik nümayəndəliklərinin mühafizəsini təmin etmək istənilir.

İki gün öncə Türk Dövlətləri Təşkilatının Ankarada başa çatan Fövqəladə Zirvə Görüşünün yekun bəyannaməsində də səfirliyimizə terror hücumunu pisləyən bənd yer alıb. Ancaq biz rəsmi Tehranın bu kimi çağırışlardan dərhal nəticə çıxaracağını düşünəcək qədər sadəlövh deyilik. “Başına gələn başmaqçı olar”.

Əvvəla, öz xalqına, xüsusən də onun gənclərinə qənim kəsilən bir qəddar, anti-islami rejimdən, qatı terrorçu Yasin Hüseynzadəni məsuliyyətdən yayındırmaq üçün dəlixanaya saldırmağa belə gedən bir dövlətdən ədalətli təhqiqat gözləmirik. Bunu İran rəsmilərinin açıqlamaları da təsdiq edir.

Bəs fars mollakratiyası nədən gerçəyin etirafından bunca qorxur? Əsas səbəb məlum: terror hücumunun arxasında elə onun özü - İran hakimiyyəti dayanır. İkinci yandan, Azərbaycan qarşısında hansısa üzrxahlıq eləmək və ya obyektiv istintaq işi aparmaq o anlama gələr(di) ki, “biz gələcəkdə bir daha belə əməllərə əl atmayacağıq”.

İran rejiminin isə belə niyyəti, tövbə fikri yerli-dibli yoxdur. Yəni məsuliyyətdən qaçmaqla, terror olayına görə cürbəcür absurd iddialar ortaya atmaqla, hətta buna görə az qala Azərbaycanı suçlu çıxarmaqla anons edirlər ki, gələcəkdə də eyni üsullara əl ata bilərik – təbii ki, dövlətimizi və xalqımızı yenə təhdid eləmək üçün. Bu xüsusda Təbrizdəki konsulluğumuza da təhlükə real olaraq qalır. Beləcə, elementar bəşəri dəyərlərə və qonşuluq prinsiplərinə qənim kəsilən İran regionda sülh-sabitliyin bərqərar olmasına həmişə mane olacaq. Hələ biz onun atom silahına can atmasını demirik...

İranın bölgədəki bir tayı da qonşu Ermənistandır. Kapitulyant ölkədə indi guya dünyəvi, İranda isə klerikal üsul-idarə hakimdir, əslində isə onlar qohum rejimlərdir. Çünki heç birinin dünyəvi (bəşəri)-dini dəyərlərə dəxli yoxdur. Azərbaycanın müsəlman-şiə xalqına qalmayan zülmləri eləmiş, ərazimizdə soyqırımı, etnik təmizləmə, ekoloji terror aktları törətmiş, şəhər və kəndlərimizi xarabazarlığa çevirmiş, məscidlərimizi, digər dini-mədəni abidələrimizi vandalcasına dağıtmış işğalçı Ermənistanın 1 nömrəli dostu, “nəfəsliyi” dünənədək kim idi? İran. İndi kimdir? Yenə o – Qarabağa hələ də diversantlar keçirməyə, aranı qaşışdırmağa çalışan, İrəvanı sülh müqaviləsi imzalamağa qoymayan İran.

Diqqət edin. Azərbaycan vətəndaşı, müsəlman-şiə Fərid Səfərli iki həftədir İranda yoxa çıxıb. Daha doğrusu, oğurlanıb. Azərbaycan bu ölkəyə nota verib. Dünən Bakıda zavallı gəncin qohumları səfirlik qarşısında etiraz piketi də keçirib. Amma gör heç tükü tərpənir “müsəlman-şiə” İranın?

WhatsApp Image 2023-03-18 at 15.59.53.jpeg (48 KB)

Bununla neçənci dəfədir eyni oyunu oynayırlar bizimlə. Amma siz indiyədək İran adlı dövlətdə bircə Ermənistan vətəndaşının və ya sadəcə, erməninin, yaxud ASALA üzvünün yoxa çıxmasını eşitmişiniz? Fərid Səfərlinin yerinə bir erməni olsaydı, İran bunca susardımı? Əsla. Çünki ərz etdik artıq, onlar qohum rejimlər, hətta “siam əkizləri”dir. Bu da təzə fakt.

Bu gün məlum olub ki, sən demə, Ermənistan səfirliyimizə hücumu pisləyən eyni məzmunlu sənədin ATƏT-də qəbuluna mane olubmuş - İranın sifarişi ilə! Bildirilir ki, iki aya yaxın davam edən müzakirələrə Ermənistan tərəfi hər vəchlə maneə törədib və səfirliyə xain hücumu pisləyən, terror qurbanlarının ailələrinə başsağlığı diləklərinin çatdırıldığı və ədalətin təmin olunması məqsədilə hərtərəfli istintaq aparılmasının vacibliyinin vurğulandığı bəyannamənin qəbuluna imkan verməyib.

Bu, Ermənistan adlı saxta, riyakar və terrorçu dövlətin iç üzünü, əsl mahiyyətini bir daha göstərir. Əlbəttə, terrorçu terrorçunun ayağını tapdamaz. Bu, həmçinin İrəvanın beynəlxalq hüquq haqda bəyanatlarının Tehran kimi boşboğazlıqdan savayı bir şey olmadığının bariz təsdiqidir. Amma əminik, əgər Ermənistanın səfirliyinə terror hücumu olsaydı və məsələ ATƏT-də müzakirəyə çıxarılsaydı, Azərbaycan hücumu pisləyən qərarın qəbulunu əngəlləməzdi. Sadə səbəbə: Ermənistan və İrandan fərqli olaraq, Azərbaycan özünə və beynəlxalq hüquqa, BMT Nizamnaməsinə hörmət edın dövlətdir.

Yaşanan olaylar fonunda Paşinyan hökuməti üzvlərinin az qala hər gün, həyasızcasına Azərbaycanı Ermənistan ərazisində girməkdə, beynəlxalq hüququ pozmaqda ittiham eləməsi riyakarlığın növbəti zirvəsidir. Beynəlxalq hüquq, BMT Nizamnaməsi guya indi yadlarına düşüb.

Terror hücumu edilən səfirliyimiz də həmin o beynəlxalq hüquqa əsasən Azərbaycan ərazisi idi, cənab haylar!...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR