İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Qəzənfəroğlu olayı ilə bağlı yeni xəbərlər

2198 05.04.2023 08:38 Hadisə A A

Sui-qəsddə “Kalaşnikov” amili - ekspertdən ilginc açıqlama

Martın 28-də evinin qarşısında güllələnən Milli Məclisin deputatı Fazil Mustafanın vəziyyəti qənaətbəxşdir. Məlumata görə, həkimlər müalicə və reabilitasiya prosesinin yaxşı getdiyini bildirir. Qeyd edək ki, Milli Məclisin son plenar iclasında  deputat Qənirə Paşayeva deputat həmkarı Fazil Mustafaya qarşı törədilən terror aktını kəskin şəkildə qınayıb. Dövlət təhlükəsizlik orqanlarının bu işdə əli olan bütün şəxslərin edəcəyinə, bu terror şəbəkəsi ilə əli olan hər kəsin layiqli cəzasını alacağına inandığını bildirib: “Əslində Fazil bəyə atılan güllə dövlətimizə atılan güllədir. Bunu bütün azərbaycanlılar belə qəbul etməlidir. Hər bir vətəndaşımız dövlətimizin yanında olmalı və bu işdə dövlətimizə dəstək verməlidir. Bu terroru törədənlər, bunun arxasında duranlar bilməlidir ki, Azərbaycan dövlətini və xalqını qorxutmaq olmaz”.

Fazil Mustafaya qarşı terror işində bəzi detallar ortaya çıxıb. APA xəbər verir ki, məlum olub ki, DTX tərəfindən saxlanılanlar arasında İranda gizlənərək deputat Fazil Mustafaya onu terrorla öldürəcəyi barədə təhdid ünvanlamış Hüseynov Hüseyn Ramiz oğlunun qardaşı Hüseynov Həsən Ramiz oğlu da var. Belə ki, Həsən Hüseynov Tural Məmmədova İran xüsusi xidmət orqanlarının tapşırıqlarının icrası müqabilində pul vəsaitlərinin göndərilməsini təşkil edib (Tural Məmmədov xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycanda güdmə, tapşırılan ünvanların gizlin videoçəkilişlərini apardığına görə bir müddət əvvəl həbs edilib. Onun yaşadığı ünvandan hava məkanında obyektlərin hərəkət trayektoriyasını müşahidə edən, İrandan göndərilmiş xüsusi qurğu aşkar edilib). Məlum olub ki, Həsən Hüseynov terrorçuluğa cəhd və dövlətə xəyanət əməllərinə görə İranda gizlənən İsgəndər Hüseynovun qardaşı oğludur.

Xatırladaq ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədar Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində 6 nəfər müəyyən olunaraq saxlanılıb.

Ərəstun Oruclu yazır...

Ərəstun Oruclu 

“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu “Yeni Müsavat”a açıqlamasında Fazil Mustafanın güllələnməsi və səfirlikdə baş verən terror hadisə ilə bağlı bəzi məqamları diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycana birbaşa hərbi müdaxilə riskli göründüyündən başqa bir yol seçilir: “Təbii ki, daxili destablizasiya. Buna həm də asimmetrik müharibə də deyə bilərik. Asimmetrik müharibədə dövlətlər bilavasitə özü iştirak etmir, kimlərsə Azərbaycanı "proksi" müharibəyə hazırlayırlar. Cəmiyyətə durmadan mesajlar ötürülür. Küçənin ortasında atışmalar da olur. Bununla hakimiyyətə mesaj ötürülür sanki “siz hansı şərtləri qəbul etməsəniz, bizimlə əməkdaşlıq etməsəniz, belə hadisələr ola bilər”.  Bu, geosiyasi mübarizənin ayrılmaz elementlərindən biridir. Konkret Fazil Mustafaya qarşı törədilən terror aktıdır. Dövlət, hakimiyyət qanadının təmsilçinə qarşı törədilən bir aktdan söhbət gedir".

Ordumuz irəliləyən kimi Fazil Mustafa vuruldu

Fazil Mustafa

Ekspert əlavə edib ki, ola bilsin, Fazil Mustafa cinayətində xüsusi bir təlim keçməyə əhəmiyyət verməyiblər: “Amma hətta naşı killer belə o avtomatın (kalaşnikov) üç rejimdə işlədiyini bilməlidir. Bir-iki ay ərzində baş vermiş hadisələrə baxın, Tehrandakı səfirliyimizə hücum avtomatla olur, Bakıda hipermarketə hücum avtomatla olur, indi də avtomatla sui-qəsd törədilir. Gəlin qayıdaq əvvəlki qətllərə. Azərbaycanda deputatlardan dörd nəfər qətlə yetirilib. Onlardan birincisi milli qəhrəman Allahverdi Qəhrəmanovun qardaşı mərhum Eldar Bağırov olub, tapança ilə qətlə yetirilib. Afiəddin Cəlilov tapança ilə qətlə yetirilib. Ziya Bünyadov  da tapança ilə qətlə yetirilib. Və Əli Ansunski. Bu təsadüfdürmü? O qətllər zamanı əllərdə avtomat çox idi, ya indi. O zaman daha çox idi, heç kim buna şübhə edə bilməz. Amma nədənsə o zaman millət vəkilləri ilə bağlı baş verən qətllər tapança ilə həyata keçirilirdi. Halbuki o zaman avtomat daha əlçatan idi. Nəzarət daha az idi. Kameralar yox idi. Bəs indi avtomatdan istifadə hansı zərurətdən yarandı? Düşünürəm ki, bu mesajdır. "Kalaşnikov" avtomatı terrorçuların ən sevimli silahıdır. İstər İŞID olsun, istər “Əl-Qaidə” olsun. Hətta Rusiyanın özünə qarşı döyüşən terrorçular belə “Kalaşnikov” avtomatına üstünlük verir. Çünki etibarlı avtomatdır. Hesab edirəm ki, “Kalaşnikov” avtomatının Azərbaycanda ictimai rəyə yeridilməsinin özü bir mesajdır. Bu amili biz nəzərdən qaçırmamalıyıq ki, necə olur üç hadisənin üçü də “Kalaşnikov”la həyata keçirilir". 

Ə.Oruclu bildirib ki, dövlət elə iş qurmalıdır ki, onun vətəndaşları İrana tibb, təhsil və başqa amillərlə bağlı üz tutmasın: “2016-2017-ci illərdə Azərbaycandan İrana müalicə üçün gedən insanların sayı bir milyondan çox idi. Demək olar ki, bu illər ərzində İrana kütləvi axın var idi. Nə üçün biz öz səhiyyəmizi normal qura bilmirik ki, insanlarımız gedib İranda kəşfiyyatçıların, hansısa dövlət qurumlarının, dini qruplaşmaların faktiki olaraq qurbanına çevrilsin. İnsan gedir müalicəyə pulu çatmır, burada "xeyriyyəçi" insanlar tapılır və bu insanları cəlb edirlər. İnsanları bu cür aldadırlar. Elə bir sistem qurmaq lazımdır ki, vətəndaş xaricə üz tutmasın".

Yada salaq ki, Fazil Mustafaya qarşı törədilən bu hadisə martın 28-i saat 21:51 radələrində paytaxtın Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında qeydə alınıb. Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə F. Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR