İnsanlara hürriyət, millətlərə istiqlal!

Eybəcər davranışlı tiktokerlə bağlı daha bir RƏSMİ XƏBƏR - məcburi müalicədədir

1475 01.02.2024 09:37 Son xəbər A A

"Görüntüləri yayılan A.C-ın sağlamlığında olan psixoloji problemləri ilə bağlı müvafiq psixiatriya xəstəxanasında məcburi müalicədədir".

Bu sözləri DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev musavat.com-un sorğusuna cavab olaraq bildirib.

Nurlan Əliyev bildirib ki, yeniyetmə ilə bağlı görüntülərin təkrar paylaşılaraq tirajlanması çaşqınlıq yaradır: "Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, onunla bağlı qanunla müəyyən olunan bütün tədbirlər icra olunur".

Yada salaq ki, sosial şəbəkələrdə “Jalilov” profili üzərindən qalmaqallı paylaşımlar edən yeniyetmənin psixatriya xəstəxanasına yerləşdirildiyi açıqlandıqdan sonra onun küçədə gəzdiyi əks olunan videolar yayılır. İddia olunur ki, yeniyetmə Bakıdakı 2 saylı Klinik Psixiatriya Xəstəxanasına yerləşdirilsə də, orada çox qalmayıb.

Sosial media istifadəçiləri musavat.com-a yolladıqları video yollayaraq orada görünən şəxsin eybəcər davranışları ilə diqqət çəkən gənc olduğunu iddia ediblər. Vurğulayıblar ki, video yanvarın 30-da günorta saatlarında çəkilib. Halbuki, yeniyetmənin bundan 1 gün öncə xəstəxanaya yerləşdirilməsi açıqlanmışdı. Həmçinin yeniyetmənin “canlı” açması iddia olunurdu.

Qeyd edək ki, 2009-cu il təvəllüdlü 9-cu sinif şagirdi olan tiktoker məşhur ailədəndir - Milli Məclisin mərhum vitse-spikeri Afiyəddin Cəlilovun nəvəsidir. Elə mərhum babası Afiyəddin Cəlilovun adını da daşıyır. Bu məqam Tiktokda eybəcər davranışlı yeniyetmə ilə bağlı müzakirələrin sürətlə yayılmasına təkan verib. Çoxları tənqid edərkən yeniyetmənin qonşularından biri onun müdafiəsinə qalxıb. 15 yaşlı Afiyəddin Cəlilovun qonşusu Zərifə Mahmudova modern.az-a deyib ki, yeniyetmə “TikTok”un qurbanıdır:

“Neçə gündür, rəhmətlik Afiyəddin Cəlilovun nəvəsinə qarşı kampaniya davam edir. O uşaq bizim qonşumuzdur. Gözümün qabağında doğulub-böyüyüb. Çox tərbiyəli, böyüyə, kiçiyə hörmət edən sadə bir oğlandır. Sadəcə, zəmanə uşağıdır, “TikTok”un növbəti qurbanlarından biridir. Bir yeniyetmənin həyatını belə məhv etmək olmaz! Allahdan qorxun!”.

Musavat.com əməkdaşı yeniyetmənin yerləşdirildiyi bildirilən xəstəxananın baş həkimi İlqar Əfəndiyevlə əlaqə saxlamağa çalışıb. Əməkdaşımıza bildirilib ki, baş həkim redaksiyamızla əlaqə saxlayacaq. İlqar Əfəndiyev münaisbət bildirəcəyi təqdirdə təqdim edəcəyik.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR