İnsanlara hürriyət, millətlərə istiqlal!

“Etnik təmizləmə” iddiaları alt-üst olur

1024 04.10.2023 10:55 Siyasət A A

 

ABŞ Dövlət Departamenti və kanadalı ekspert ermənilərin yalanlarını ifşa etdi

Kanada Beynəlxalq Münasibətlər İnstitutunun elmi işçisi Robert Katler Qarabağdan köçən ermənilərin nə qaçqın, nə də məcburi köçkün olduğu ilə bağlı məqalə yazıb. Yazıda müəllif fikirlərini belə əsaslandırıb ki, həmin ermənilərin heç vaxt Azərbaycan vətəndaşlığı olmayıb, özləri bundan imtina ediblər. Beləliklə, faktiki olaraq Qarabağdan köçən ermənilər müstəqil Azərbaycan hakimiyyəti altında yaşamayıblar, müstəqil Azərbaycan Respublikasının vətəndaşı deyillər. Ona görə də məcburi köçkün deyillər. Məcburi köçkün o şəxslərə deyilir ki, vətəndaşı olduqları ölkənin daxilində müharibə, separatizm nəticəsində yaşadıqları yerdən ölkənin başqa bir ərazisinə köçmüş olsunlar. Qarabağdan Ermənistana köçən ermənilər qaçqın da sayıla bilməzlər. Ona görə ki, onlar qanunsuz yaşadıqları Azərbaycan ərazisindən əslində pasportunu daşıdıqları-vətəndaşı olduqları ölkəyə-Ermənistana daxil olublar. Vətəndaşı olduqları ölkəyə gedən şəxslər qaçqın sayılmır.

Ermənistanın Azərbaycanı “etnik təmizləmə”də ittiham etməsinin heç bir əsasının olmadığını srağagün Qarabağa gələn BMT missiyası da rəsmən açıqladığı hesabatla ortaya qoydu.

Ermənistan Qarabağa səfər edən BMT missiyasının Azərbaycana qarşı “etnik təmizləmə” iddialarını dəstəkləyəcəyinə ümid edirdi. Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, İrəvan hesab edirdi ki, BMT nümayəndələrinin Qarabağ səfəri Azərbaycana qarşı kampaniyada ciddi arqument yaradacaq, bununla “beynəlxalq mexanizm” məsələsini də aktuallaşdıracaq və sülh danışıqlarında Bakıya qarşı kart kimi əlində saxlayacaq. Rəsmi Bakı missiyanın BMT-nin Azərbaycandakı Rezident Əlaqələndirici Ofisinin rəhbərliyi altında həyata keçirilməsini irəli sürdü və bununla həm beynəlxalq ictimaiyyəti real vəziyyətlə tanış etdi, həm də “beynəlxalq missiya” istəklərini müəyyən qədər arxa plana keçirdi. “Beynəlxalq missiya” planı hələ bitməyib və rıçaqlardan biri kimi qarşıdakı dövrdə yenidən aktuallaşa bilər, lakin Azərbaycan BMT missiyasının səfəri ilə bir addım önə çıxdı.

Ekspert deyib ki, BMT missiyasının Qarabağa səfərin nəticələrinə dair bəyanatı da erməni tərəfinin ümidlərinin puç olmasını deməyə əsas verir: “Bu bəyanat Ermənistanın Qarabağda erməni əhalisinə qarşı "etnik təmizləmə" kimi iddialarını beynəlxalq müstəvidə böyük ölçüdə zəiflədir və Bakıya bütün ittihamların önünə fakt qoymaq imkanı verir".

Missiyanın apara bildiyi söhbətlərə əsasən, indiki mərhələdə yerli əhalinin geri qayıtmaq niyyətində olub-olmadığını müəyyən etmək çətindir. “Aydın olan odur ki, etimad və inamın yaradılması lazımdır və bunun üçün vaxta və bütün tərəflərin səylərinə ehtiyac var”, - missiyanın bəyanatında vurğulanıb.

Ermənilərin “etnik təmizləmə” iddialarını ABŞ Dövlət Departamenti də heçə çıxarmış oldu. Dövlət Departamentindən dünən yayılan açıqlamada deyilir ki, ermənilərin Qarabağdan köçünü “etnik təmizləmə” adlandırmaq üçün heç bir əsaslı sübut yoxdur.

Hikmət Babaoğlu: Azərbaycan iqtisadiyyatı yeni regional mərkəzlərin  yaradılması ilə növbəti keyfiyyət mərhələsinə qədəm qoyub - AZƏRTAC

Hikmət Babaoğlu

Milli Məclisin deputatı Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan ərazisində ermənilərin sayı daim Ermənistan tərəfindən şişirdilərək təqdim edilib: "Hər kəs bilirdi ki, Qarabağda yaşayan ermənilərin sayı ermənilərin özlərinin iddia etdiyi saydan dəfələrlə azdır. Rəsmi İrəvan bu sayı 120 min kimi səsləndirsə də, Nikol Paşinyanın son açıqlamasında "biz 40 min ermənini qəbul etməyə hazırıq" deməsi əslində özü də bilmədən əvvəlki iddiaların yalanlanması idi. Çünki əgər doğrudan da Azərbaycan ərazisində 120 min erməni yaşayırdısa, o zaman Nikol Paşinyan deyərdi ki, 120 min ermənini qəbul etməyə hazırıq. Baş nazir dəqiq bilirdi ki, Azərbaycan ərazisində 40 minə yaxın erməni yaşayır. Elə biz də bu rəqəmləri səsləndirirdik. Bunun 10 mini Ermənistan silahlı qüvvələrinin qalıqları, terrorçu silahlı birləşmələri idi. Qalan 30 min də Azərbaycanda yaşayan erməni sakinlər idi. Həmin 30 minin isə bir hissəsi işğal dövründə Ermənistandan, Rusiyadan, Ukraynadan və digər dövlətlərdən köçüb Qarabağda qanunsuz yaşayan ermənilər idi. Ermənilər Laçın sərhəd-buraxılış məntəqəsində verdikləri açıqlamalarda da başqa ölkələrdən köçüb Qarabağda yaşadıqlarını etiraf edirdilər. Azərbaycanı tərk edən ermənilərin dəqiq statistikası Azərbaycanın müvafiq qurumları tərəfindən aparılıb. Vaxtı gələndə açıqlanacaq. Ermənilərə bölgəni tərk etmələri üçün Azərbaycan tərəfindən heç bir təzyiq, çağırış olmayıb. Bunu artıq beynəlxalq təşkilatların, Dövlət Departamentinin hesabat və açıqlamaları da təsdiqləyir.

Ermənistanın yalançı statistikasını, “etnik təmizləmə” hay-küyü və iddialarını BMT-nin Qarabağa göndərilən missiyasının hazırladığı hesabat da alt-üst etmiş oldu. Eləcə də ABŞ Dövlət Departamentinin yaydığı açıqlama da Ermənistanın yalanının ifşa edilməsi oldu. Artıq dünya erməni yalanlarına inanmır. Ermənistanın və erməni lobbisinin Azərbaycanı “etnik təmizləmə”də ittiham etmək planları da fiaskoya uğradı".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR