İnsanlara hürriyət, millətlərə istiqlal!

Əski adların əksilməsi - Leninqradın adı dəyişdiriləndə bakılılar niyə hirslənmişdi...

2386 19.05.2023 09:00 Yazarlar A A

Beş-altı ay qabaq belə bir informasiya yayılmışdı ki, Qırğızıstanın paytaxtı Bişkek şəhərində SSRİ dövründən qalma rayon adları hələ də durur: Pervomayski, Sverdlovski, Oktyabrski, Leninski... Bir deputat məsələ qaldırmışdı ki, bu adları, nəhayət, dəyişmək lazımdır.

Qırğız qardaşlar ya ərincəkliklərindən, ya da “birdən Moskvanın xətrinə dəyər” düşüncəsindən 30 illik müstəqillik dövründə bu adları dəyişməmişdilər, qəfildən yadlarına düşmüşdü. Hərçənd ikinci variantda gərək Bişkekin də sovet dövründəki adını saxlayaydılar. O vaxt bu şəhərin adı Frunze idi. 100 il əvvəl bu adda bir sovet inqilabçısı, hərbçisi olub, SSRİ-nin hərbi-dəniz naziri postunda işləyib, 1925-ci ildə öləndən sonra ittifaqda yüzlərlə şəhərə, qəsəbəyə, küçəyə onun adını veriblər. Pişpek (ondan qabaq Bişkekin adı beləyimiş) şəhəri də ta sovet dövləti dağılana qədər Frunzenin adını daşıyıb – bizim Gəncə Kirovabad adlandırıldığı kimi.

Yeri gəlmişkən, SSRİ-də elə bir respublika yox idi ki, orada Kirovun adını daşıyan şəhər və ya iri qəsəbələr olmasın. Sonradan hamısını dəyişdilər. Ermənilər Kirovakanı Vanadzor elədilər, biz Kirovabadı – Gəncə.

Yadımdadır, SSRİ-nin axır illərində Kirovabadın əski adıyla Gəncə adlandırılması təşəbbüsü qaldırılanda fəal kommunistlərin qorxudan dodağı uçuqlamışdı. Onlara elə gəlirdi ki, o ad dəyişilsə, rejim çökəcək. (Əslində bunu düz bilmişdilər, elə də oldu). Xüsusilə də o vaxtın deputatları ciddi müqavimət göstərirdilər. Xalq nümayəndələri parlamentdə onların qabağını kəsib, üstlərinə nifrət və hiddət dolu qışqırıqlar təşkil edəndən sonra razılaşdılar ki, yaxşı, qoy Kirovabad Gəncə olsun.

Budur, xəbər yayılıb ki, Kiyev şəhərinin qanunvericiləri şəhərdəki 26 obyektin, o cümlədən üç metro stansiyasının adını dəyişdiriblər. Bunlar sovet-rus izləri imişlər. Bildiyiniz kimi, araya düşmənçilik düşdüyündən ukraynalılar artıq rus müstəmləkəsi dövründən qalma əski adlardan imtina edir, onları hissə-hissə əksildirlər.

Ona görə də “Xalqlar dostluğu” metrostansiyasına “Zverinetskaya” adı verilib. Əslində bu qərar xalqlar dostluğuna ziddir, amma ortada xalqların düşmənçiliyi olandan sonra o ad əhəmiyyətini itirmiş sayıla bilər.

“Prospekt Pravdı” stansiyasının “Varşavskaya” adlandırılması isə təbiidir. Köhnə “Pravda” yoxdur artıq, əsl həqiqət odur ki, Moskvadansa Varşava daha yaxındır. “Lev Tolstoy meydanı” adının dəyişdirilməsi bəlkə də düz olmadı. Tolstoy təkcə rus yazıçısı deyil, bəşərəyyətə məxsusdur. Eybi yox, hərb və sülh qardaşdır, bir gün hərb sona çatanda, sülh başlayanda, ola bilər, Tolstoy təzədən hörmətə minəcək.

Bu addəyişdirmə olayında bizim bakılı kəşfiyyatçı Rixard Zorge, rus demişkən, “çujoy paxmel” gedib. Onun adına olan küçəyə bir yazıçının adını veriblər. Yazıq Zorge o vaxt almanların SSRİ üzərinə hücuma keçəcəyini birinci xəbər vermişdi.

Beləcə, məlum olur ki, dövran dəyişdikcə sonradan qoyulma qondarma adlar da tarixə qovuşur.

Biz belə məsələlərdə qırğız qardaşlarımız kimiyik – bir az ərincək, bir az da “bəlkə də qayıtdılar” əndişəsi və ya həvəsi ilə yaşayan. Üçrəngli bayrağının altında oturub qürur duyduğumuz, himnini əzbərdən bildiyimiz dövlətin süqut etməsi üçün canını vermiş Ayna Sultanovanın abidəsi hələ də durur.

1920-ci ilin aprelində müstəqil Azərbaycan Respublikasının rəhbərliyinə dənizdən top tuşlayaraq ultimatum verən Çingiz İldırımın adına olan küçənin lövhəsinin şəklini o gün paylaşmışdılar.

Şaumyanın əlinin altının işçisi olmuş Əzizbəyovun adını daşıyan rayon, metro, qəsəbə, küçə adlarından canımız yeni-yeni qurtarıb. Amma hələ də düşünənlər var ki, Əzizbəyov ikinci “kruqu” gələcək. Hələ də “Koroğlu” metrostansiyasına “Əzizbəyov” deyənlər var. Dünənə qədər “26-lar” adlı kafe-restoran işlədənlər vardı, üstü açıldı, zibili çıxdı.

Bu xüsusda ən maraqlı və gülməli haqq-hesab 1991-ci ilin sentyabrında indiki Sankt-Ptereburq şəhərinin adı qaytarılanda olmuşdu. Şəhər sakinləri Leninqrad adından imtina edəndə, Bakı zəhmətkeşləri onlara hiddətli məktublar göndərmişdilər. Bu kampaniyanı kim təşkil eləmişdisə, düşüklüyün dibi, Kremlə yaltaqlığın zirvəsiydi. 2-3 min kilometr o tərəfdə yaşayan insanlar öz şəhərlərin adını bərpa edirlər, bizimkilər deyir, ixtiyarınız yoxdur, elə şey etməyin. O vaxt şimal paytaxtının aktivləri də bizim fəallara sərt cavab vermişdilər, demişdilər, idite na yuq.

Xüləs, çox ad dəyişmək də bir şey deyil, absurda gedib çıxır. Məsələn, dünyaca məşhur bir şəhər var, əvvəlki adları Şalem, İevus, Sion, İr David, Eliya Kapitolina olub. O şəhərin adı hazırda da mübahisəlidir, müsəlmanlar Qüds deyirlər, yəhudilər – Yerusəlim.

P.S. Vaxtilə Kirovabadın adının saxlanması üçün can qoyan, Azərbaycanın müstəqilliyinə qarşı çıxanların övladları indi bayraq keşikçisi, dövlətçilik aşiqi olublar və səsləri yüksək vəzifələrdən gəlir. Amma bu, başqa söhbətdir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR