İnsanlara hürriyət, millətlərə istiqlal!

Əsir azərbaycanlıların işi araşdırılır- deputatdan və hüquq müdafiəçisindən AÇIQLAMA

645 16.10.2023 14:01 Siyasət A A

 

14 Azərbaycan vətəndaşı HƏMAS terror qruplaşmasının əsirliyindədir. Bu barədə "Guney Azfront" teleqram kanalı məlumat yayıb. HƏMAS terror qruplaşması son hücumları nəticəsində həlak olan və itkin düşən məhbusların siyahısını 44 ölkə vətəndaşının daxil olduğu “Əl-Əqsa fırtınası” adlı milliyət təsnifatı ilə təqdim edib.

Siyahıya əsasən, HƏMAS terrorçuları İsraildə 14 Azərbaycan vətəndaşını əsir götürüb, 3 nəfəri öldürüblər, 1 nəfər isə itkin düşüb. Qeyd edək ki, bəzi mənbələrdə isə 14 nəfərin itkin düşdüyü, bir nəfərin əsir götürüldüyü deyilir. Vəfat edən və əsir götürülən azərbaycanlılar kimlər? Əsir düşən Azərbaycan vətəndaşlarının qaytarılması mümkündürmü? Onlarla bağlı nə kimi addımlar atılacaq?

fazil-mustafa.jpg (30 KB)

Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fazil Mustafa mövzu ilə bağlı Musavat.com-a dedi ki, bununla bağlı hazırda araşdırma aparılır: “Hələ adlar məlum deyil. Adların da təqdim olunması bir az müəmmalıdır. Müəyyən dəqiqləşmələr aparılır. Azərbaycan əsilli yəhudi millətinə məxsus insanlar da ola bilər, Azərbaycan vətəndaşı da ola bilər. Amma hərbçi kimi Azərbaycan vətəndaşı İsrail ordusunda xidmət etmir. Yəhudi əsilli azərbaycanlılar orada vətəndaşlıq alıblarsa, İsrail ordusunda xidmət etmək haqqına sahibdirlər. Ona görə də bunların hamısını birbaşa söyləmək mümkün deyil. Hər halda bütün məsələlər adbaad dəqiqləşəndən sonra münasibət bildirmək olar. Hələ ki bizdə bu bilgilər yoxdur”.

_106110665_novella.png (569 KB)

İki nəvəsi hərbçi, oğlu isə həkim kimi İsraildə müharibədə iştirak edən hüquq müdafiəçisi Novella Cəfəroğlu da mövzu ilə bağlı Musavat.com-a fikirlərini bildirdi: “İsrail dövləti çox güclüdür. Onlar bir əsiri belə qoymazlar ki, düşməndə qala. Onun ya nənəsi, ya da anası yəhudi olub, ataları azərbaycanlı olanlar orada qala bilirlər. Dağ yəhudilərinin hamısı Azərbaycan adı qoyurlar. Ola bilər onlar olsun. İsrailə gedən hər kəs istər azərbaycanlı olsun, yaxud bir başqası  olsun orada özünü sərbəst hiss edir. Azərbaycanda da talışlar, ləzgilər, avarlar – hər biri Vətən müharibəsində iştirak etdilər. Ruslar, yəhudilər qəhrəmanlıq göstərdilər. Orada da baxmırlar ki, bunun atası azərbaycanlıdır, yaxud familiyası azərbaycanlıdır. Hər kəs İsraili qorumaq üçün səfərbər olub. Orada kimisə əsgərliyə götürməyəndə etiraz edirlər ki, niyə çağırmırsınız. Əsgərliyə getmək onlar üçün şərəfdir. Çünki əsgərə hörmət var. Əsir düşən hərbçilər, hətta vəfat edən əsgərin ailəsinə o qədər diqqət göstərilir ki. Müharibədə iştirak edən hərbçiyə başqa hörmət var. Ona görə hər kəs müharibədə iştirak etmək üçün can atır. İsraillə Fələstin arasında barışın olmasını arzulayıram. Bunların savaşması iki qardaşın savaşmasıdır. Sadəcə böyük dövlətlərin əli ilə iki ölkəni biri-birinə qarşı qaldırıblar”.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR