İnsanlara hürriyət, millətlərə istiqlal!

Əsgəran dəlixanasındakı dəli və “Əhməd Əhmədova azadlıq!”

28602 16.02.2024 22:50 Ölkə A A

Əsgəran dəlixanasında olmuş bu söhbəti bəlkə nə vaxtsa yazmışam da. İşğal illərində isə çox yerlərdə xatırlayıb danışdığım dəqiqdir. SSRİ vaxtı da elə indiki kimi adına psixiatrik dispanser, qısası dəlixana dedikləri tibb müəssisələri təkcə “qorxulu yer” deyil, həm də orada işləyənlər üçün yaxşı qazanc mənbəyi olub.

Məlumdur ki, təkcə psixi xəstəlikdən əziyyət çəkənlər deyil, sağlam adamlar da hərdən oraya  özlərini "saldırardılar". Mən adının qarşısında "dəli" dedikləri ən azı 4 adamı tanıyırdım ki, ağılları da, sağlıqları da yerində idi. Hətta dövlətin arada onlara işi də düşərdi. Məsələn, bizim şəhərdə günlərin birində iki erməni generalın heykəlləri yoxa çıxmışdı. Şəhərin rus komendantı az qala özünü güllələyirdi ki, “gecə onları görmüşdüm, bunlar necə yoxa çıxdı...” Yerli hökumət gördü ki, bu hadisənin  çox səs-küyü çıxacaq, çağırdılar o “dəli”lərdən ikisini, gedib komendaturaya ifadə verdilər ki, erməni heykəllərini onlar aşırıblar, ürəkləri soyumayıb sonra da dərədən üzüaşağı yumbalayıblar. İş bununla da bitdi...            

Əsgəran dəlixanasına da bizim dostun ağdamlı dayısının yolu düşmüşdü, deyəsən, kiminləsə dalaşmışdı, ona da demişdilər ki, bir neçə gün psixiatrik xəstəxanada qalması vacibdir. Bu da tənbəllik etməyib, dayısının yanına getmişdi. 1987-ci ilin yayı olardı, yəni Qarabağ hadisələri “qapıdaydı”. Deyir dayısının palatasına girməyə 5 dəqiqəlik icazə də alıb. Görüb ki, dayısı çarpayıda, bir nəfər isə çömbəlib düz palatanın ortasında oturub və elə hey nəsə fikirləşir. Xəstə ziyarəti qısa olar, vida vaxtı deyib ki, bu adam kimdir, nə fikirləşir? Dayısı deyib, özün soruş. Soruşub. Əhvalatın əsas canı buradır. Dəli deməyək, həmin adam yerindən sıçrayıb, dəmir barmaqlıqlı pəncərədən boylanaraq beləcə də deyib: “Xəbəriniz yoxdur e, vətən əldən gedir...”

Bizə bu söhbəti edəndə təbii ki, gülmüşdük, amma bir neçə ay sonra Qarabağda gərginlik başlayanda daha gülmürdük. Görəsən o daşnak yuvasından ağıl xəstəsi azərbaycanlı nə demək istəmişdi?  Qaçqınlıqda, yəni vətən əldən gedəndə bu əhvalat artıq mənim üçün  mistika, öncəgörmə kimi idi...

Əhməd Əhmədovda paranoid şizofreniya ya şəxsiyyət pozuntusu xəstəliyi olub?  - AÇIQLAMA, xeberler

Əhməd Əhmədov

Bir neçə gündür ölkə Əhməd Əhmədovun Bakıda 5 ailə üzvünün qətlə yetirməsindən danışır. Əhməd o qədər də dəbdə olan ad deyil. Azərbaycanda bu ad məlum Sumqayıt hadisələrində indiki kimi dillər əzbəri olmuşdu. Əhməd Əhmədov 1988-ci il fevralında Sumqayıtdakı erməni qırğınlarına görə tutulmuşdu. Onu məhəllərindəki 7 erməninin ölümündə təqsirləndirdilər.  SSRİ Ali Məhkəməsində günahı sübut olunmasa da, 1988-ci il 18 noyabr tarixli hökmü ilə onu güllələnməyə məhkum etdi. Yadımdadır ki, Bakıdakı mitinqlərdə “Əhmədova azadlıq!” desək də, hökm 17 ay sonra icra olundu. Sumqayıtlılar  Əhməd Əhmədovun qatil olmadığına inanırlar.

Bu Əhməd Əhmədovun törətdiyi  hadisə insan üçün ağır travmadır. Ən azı ona görə ki, bu yaramaz məxluq iki azyaşlıya qıyacaq qədər qəddar olub. Mənə görə dəli filan deyil. Dəli bir az qorxaq olar, Əhməd isə ailəsindən ayrı yaşayıb, taksi fəaliyyəti ilə məşğul olub, yəni müstəqil şəkildə həyatına davam edirmiş. Sadəcə, yaşadılan və yaradılan həyat ona dəli rolu verib, bu rolda özünü çox rahat, təhlükəsiz hiss edib. Adam deməyə dilim gəlmir, amma bu məxluqa təkcə “şizik” kağızı almayıblar, ona Rusiyada hansısa ali məktəbin diplomu da olub. Burada sürücülük vəsiqəsi də verilib. Yəqin bir yaxşı ailənin qızını da ona alacaqdılar...

1qafqaz1.jpg (202 KB)

Baş prokuror REAL.TV-yə müsahibəsində deyib ki, belə şəxsin azadlıqda olması cəmiyyət üçün təhdiddir: “Bununla bağlı aidiyyəti qurumlar qarşısında təkliflər hazırlayacağıq. İndidən hiss etdiyim odur ki, burada müəyyən boşluqlar olub. Ola bilsin ki, boşluqlar qanunlarda, qanunların tətbiqində olub. Ki, belə cəmiyyət üçün təhlükəli olan bir şəxs belə bir hadisəni törədib. Hesab edirəm ki, biz bu barədə ciddi fikirləşməliyik”. Baş prokuror haqlıdır.

Amma “dəlilik kağızı” ilə ölkədə azadlıqda gəzən təkcə Əhməd deyil. Nədənsə, “şizik” varlı adamların uşaqlarında “çox rast gəlinən” xəstəlikdir. Amma onun da dərəcələri var, məsələn, Əhməddə “orta ağır dərəcədə” olub.

Bu qəddar cinayətlə həyatı dəyişdi, indi onu çox ağır günlər, aylar, bəlkə də illər gözləyir...Əsl dəli olmaq bundan sonradır...

Nazim SABİROĞLU,
Musavat.com                        

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR