İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərşad Hüseynov: “Sahibkarlara ümid olsaq, ictimai nəqliyyatda heç bir nəticə əldə edə bilməyəcəyik”  

478 11.03.2024 15:14 Ölkə A A

 

“Bakıda yol nəqliyyat infrastrukturu, yol hərəkəti təhlükəsizliyi ilə bağlı çox ciddi problemlər var. Ölkənin hər yerində-qəsəbələrdə, kəndlərdə problemlər var. Ən çətin vəziyyət Bakı və Bakıətrafı ərazilərdədir”.

Bu fikirləri Musavat.com-a hüquqşünas Ərşad Hüseynov deyib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevin “2030-cu ilə qədər Bakıda səfərlərin 30-40%-nin şəxsi minik avtomobilləri, qalanının isə ictimai nəqliyyatla reallaşdırılması hədəflənir” fikrini şərh edən ekspert qeyd edib ki, problemlərə geniş miqyasda baxmaq lazımdır: “Bakı aqlomerasiyasında ictimai nəqliyyat, mobilliklə bağlı ciddi problemlər var. Son 8-9 ildə problemlərin həlli üçün nəhayət ki, düzgün istiqamətin götürüldüyünü görürük. Praktiki olaraq ciddi dəyişikliklərin şahidi olmasaq da, rəsmi dövlət qurumlarının konseptual olaraq yanaşması müsbətə doğru dəyişib. Bu gün ictimai nəqliyyatın inkişafı ilə bağlı ciddi işlərin görülməsinə ehtiyac var. Dayanıqlı mobilliyin təmin olunması, yol hərəkəti təhlükəsizliyinin yüksəldilməsi, insanların vaxtı-vaxtında gedib-gəlməsi, nəqliyyatla bağlı insanların sağlamlığına, həyatına dəyən ziyanın olmaması, keyfiyyətli həyat səviyyəsinin təmin olunması birbaşa ictimai nəqliyyatla bağlıdır. İctimai nəqliyyat arzuolunan kimi fəaliyyət göstərməsə, nə tıxac problemi, nə yol hərəkəti təhlükəsizliyi, nə parklanma, nə köhnə avtomobillərin utilizasiyası, nə də arzu etdiyimiz yol hərəkəti mədəniyyəti formalaşmayacaq”.

Ekspertin sözlərinə görə, Bakıda il ərzində həyata keçirilən 2 milyard səfərin 28 %-i ictimai nəqliyyatın payına düşür: “Lakin bu 28 faizin 17 faizi avtobuslara, 11 faizi isə metroya aiddir. Hər ikisinin potensialını artırmaq lazımdır. Təklif olunan hədəflər fantastik deyil, onlara çatmaq olar. Bunun üçün şəffaf iqtisadi mexanizm yaradılmalıdır. Bu məsələdə dövlətin payı həlledici olmalıdır. Əgər ictimai nəqliyyata biznes kimi baxılsa, heç bir nəticə əldə edə bilməyəcəyik. İctimai nəqliyyata sosial xidmət kimi baxılmalıdır. Bu xidmətin dayanıqlı maliyyə təminatı olmalıdır. Dünya təcrübəsində olduğu kimi, bu təminatı dövlət bələdiyyələr, meriyalar vasitəsilə yaratmalıdır. Sahibkarlara ümid olsaq ki, onlar avtobus alacaqlar, peşəkar sürücü yetişdirəcəklər, dəqiq qrafiklə işləyəcəklər, bu zaman hədəflərə çata bilməyəcəyik.  Bir sözlə, 3 komponent- iqtisadi mexanizm, nəzarət sistemi və insanların təşviq edilməsi  bir yerdə olsa, hədəflərə çata bilərik”.

Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmələrdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev gələcək hədəflərdən danışarkən bildirib ki, ictimai nəqliyyatdan istifadə edənlərin payının 90 %-i ötməsi, sərnişinlərin və piyadaların hərəkətinin rəqəmsallaşdırılması planlaşdırılır: “Bundan başqa, sistemli göstəricilərin dəyişdirilməsi, bununla da, insanların istənilən nöqtəyə daha qısa vaxtda çatması, tıxacların aradan qaldırılması nəzərdə tutulur. Ekoloji cəhətdən vəziyyətin yaxşılaşdırılması da hədəfdədir. AYNA sədri əlavə edib ki, Bakıda il ərzində təxminən 2 milyard səfər həyata keçirilir ki, bunun da 52 %-i fərdi nəqliyyat vasitələrinin və taksilərin, 28 %-i ictimai nəqliyyatın payına düşür: “Bakıda ictimai nəqliyyatın payını sürətlə artırmaq mümkün olmayacaq, ancaq səfərlərin 41 %-nin ictimai nəqliyyata ötürülməsini nəzərdə tutmuşuq. Ümumiyyətlə biz başqa ölkələrdə bu məsələ ilə bağlı hansı işlər görüldüyünü nəzərdən keçirmişik, ümumilikdə 60-dan artıq proqram və təşəbbüslərə baxmışıq”, - deyə sədr qeyd edib.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR