İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanla sərhədlər bu YAY açılır? – Daha bir TARİX

770 12.06.2026 10:20 Gündəm A A

Türkiyə və Ermənistan bu yay quru sərhədlərini açmaq niyyətindədir. Bu barədə “Yeni Şafak" qəzeti yazıb. Nəşr bildirir ki, tərəflər münasibətlərin normallaşdırılması prosesində praktik addımlar atmağı planlaşdırır. Belə ki, birinci mərhələ Əlican (İğdır) sərhəd keçid məntəqəsinin, ardınca isə Akyaka (Qars) sərhəd keçid məntəqəsinin açılmasını əhatə edir.

Türkiye-Ermenistan sınır kapısı açılabilir!

“Sərhəd-keçid məntəqələri açıldıqdan sonra tərəflər yol əlaqələrini bərpa etməyə və birbaşa ticarətə keçməyə ümid edir. Ankara və İrəvan qarşılıqlı ticarətin hazırkı 300-350 milyon dollardan 1 milyard dollara qədər artacağını gözləyir”, - qəzet qeyd edib. Nəşr yazır ki, bu addım ikitərəfli ticarətin genişləndirilməsi ilə yanaşı, Cənubi Qafqazın Avropa və Yaxın Şərq bazarları ilə əlaqəsini gücləndirə, eləcə də regionda nəqliyyat və logistika layihələrinin inkişafı üçün yeni imkanlar aça bilər.

Bu arada Ermənistan hökuməti Türkiyə ərazisi vasitəsilə Livana humanitar yardım göndərmək barədə qərar qəbul edib. Bildirilir ki, Ermənistan-Türkiyə sərhədindəki “Marqara” keçid məntəqəsi humanitar yüklərin daşınması üçün 12-22 iyun tarixlərində açılacaq.

Xatırladaq ki, ötən il Türkiyə Ermənistandan Suriyaya humanitar yüklərin çatdırılması üçün sərhəd-keçid məntəqəsini açmışdı. Bu yay, ümumiyyətlə, sərhədlərin açılması realdırmı? Bəs Azərbaycanla sülh müqaviləsi?

Professor Qabil Hüseynli bu yay quru sərhədlərin açılmasını real hesab etmir. Onun sözlərinə görə, Türkiyə bu prosesi Azərbaycanla koordinasiya edir. Politoloq Türkiyə ilə Ermənistan arasında normallaşmanı və sərhədlərin açılışını mərhələli şəkildə gözləyir: "Bu yaxınlaşma adekvat şəkildə inkişaf edəcək. Tərəflərin addımından asılı olaraq qarşılıqlı jest görəcəyik. Əgər Ermənistan üzərinə düşən öhdəlikləri addım-addım yerinə yetirəcəksə, Türkiyə də jest edəcək, ona qapılar açacaq. Yəni bunun üçün Zəngəzur dəhlizi, Azərbaycanla sülh sənədi, Türkiyəyə qarşı ərazi iddialarına son qoyulması vacibdir. Türkiyə böyük dövlətdir və onun Ermənistanın nazı ilə oynamaq fikri yoxdur. Paşinyanın kabineti də bu reallıqları qəbul edir".

Türkiye-Ermenistan sınırları yakın zamanda açılacak - FOTO | Modern.az

Q.Hüseynli xatırladıb ki, Türkiyə prezidenti Ərdoğan Paşinyanı seçkilərdə qələbə münasibəti ilə təbrik edib və bu məktubun özü siyasi əhəmiyyət kəsb edir: "Ermənistan rəhbərliyi onu da anlayır ki, Türkiyə NATO dövlətidir, ABŞ ilə müttəfiqdir. Əgər Paşinyan Tramp hökumətindən dəstək gözləyirsə, Türkiyə ilə normallaşmada özünü yaxşı aparmalıdır. Bəli onun üçün çətindir. Çünki erməni cəmiyyəti türkə nifrətlə zəhərlənib. Amma xalqa izah edir ki, ölkənin inkişafı türklə barışıqdır. Bir sözlə, bu yay quru sərhədlər tam açılmaya bilər, amma yükdaşımaları, Yaxın Şərqlə bağlantı, üçüncü ölkələrin vətəndaşlarına keçid şəraiti, uçuşlar, ticarətin bərpası nəticəsində dövriyyənin artımı və digər addımlar genişlənə bilər. Təbii ki, prosesin sonu quru sərhədlərin açılmasına gətirib çıxracaq. Amma bir az tezdir".

Emil Salamoğlu
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR