İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı müqaviməti tükəndi, çünki Azərbaycan...” – deputat

1144 25.05.2022 22:02 Gündəm A A

Ceyhun Məmmədov: “Nə qədər çalışsalar da, bu prosesin qarşısını ala bilmədilər”

Azər Hüseynov: “Dünyanın iqtisadi maraqları dəhlizi labüd edir”

Asif Nərimanlı: “Ermənistan Rusiyanın imzası olan razılaşmanı Qərbin iştirakı ilə pozur”

Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə keçirilən birgə görüşdə Zəngəzur dəhlizinin açılması ilə bağlı tərəflərin razılığa gəldiyini bildirib. Bunu İ.Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığı zamanı açıqlayıb.

Dövlət başçısı Brüsseldə həmçinin həm dəmiryolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə bağlı tərəflərin razılığa gəldiyini qeyd edib.

R.T.Ərdoğan üçtərəfli görüş barədə verilən məlumata görə minnətdarlığını ifadə edib və bu görüşdə əldə olunan müsbət nəticələri yüksək qiymətləndirib.

Zəngəzur dəhlizinin açılması bölgədə nələri dəyişəcək? Ermənistanın bu layihəni müqavimətlə qarşıladığı hər kəsə məlumdur. İndi isə razılıq verib. Belə suallar da var ki, Ermənistan bunu nəyin müqabilində edib?

Ceyhun Məmmədov: Azərbaycan milli mətbuatı çox şərəfli və zəngin inkişaf  yolu keçmişdir - "İki sahil"

YAP-çı deputat Ceyhun Məmmədov Ermənistan rəhbərliyinin buradakı razılığını səbəbsiz görmür: “Bu gün Ermənistan özü də anlayır ki, onun müqavimət imkanları artıq tükənib. Ermənistan nə üçün dəhlizə razı oldu? Bunun əsas səbəbi Azərbaycanın hər zaman Dəmir Yumruğu hazır tutması, cənab prezidentin qətiyyətli, prinsipal mövqeyidir. Hesab edirəm ki, Ermənistan nə qədər çalışsa da, bu prosesin qarşısını ala bilmədi. Artıq Azərbaycanın yaratdığı reallıq həm Avropa İttifaqı, həm də digər region ölkələri tərəfindən qəbul edilib. Bütün bunlar cənab prezidentin rəhbərliyi ilə aparılan məqsədyönlü, prinsipal siyasətin nəticəsinin göstəricisidir. Azərbaycan öz məqsəd və hədəflərinə doğru inamla durmadan irəliləyir. Ermənistan özü də görür ki, həm Rusiya, həm də Avropa İttifaqı bu dəhlizin açılmasında maraqlıdır. Bu baxımdan düşünürəm ki, onlar da bunu yaxşı anlayırlar. Ona görə də, belə bir məsələdə öz razılıqlarını bildirirlər”.

Azər Hüseynov: “Savadlı və hikmətli ruhanilər yetişməlidir”

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov dəhlizin açılmasının labüd olduğunu söylədi: “Ermənistana Zəngəzur dəhlizi iqtisadi canlanması və eləcə də, Rusiyanın təsirindən qurtarmaq üçün lazımdır. Çünki dəhlizə marağı olan beynəlxalq maliyyə nəhəngləri və dövlətləri onu Rusiya və İranın təzyiqindən qoruya biləcək. Ermənistan hakim dairələri yekcins deyil. Rusiya yönümlü qanad bu layihəni istəməz. Amma Qərbyönlülər istəyər. Azərbaycanın Türkiyə ilə əlaqənməsi təbiidir və gözəldir. Bu koordinasiya olduqca vacibdir. Bu koordinasiyanın davam etdirilməsi lazımdır ki, ermənilər ağıllansın. Bir də son Ukrayna məsələsindən sonra bu dəhliz Avropaya da çox lazımdır. Dəhliz işə düşərsə, Çin Rusiyadan uzaqlaşa bilər. Bir sözlə, sizdə gedən məqaləmdə bir il öncə yazdığım kimi, dünyanın iqtisadi maraqları dəhlizi labüd edir”.

POLİTOLOQ ASİF NƏRİMANLI: SƏRHƏDDƏ TƏXRİBATLAR GÖZLƏNİLƏN İDİ

Siyasi analitik Asif Nərimanlı hesab edir ki, bu məsələdə ciddi siyasi mübarizə getməkdədir: “Zəngəzur dəhlizinin açılması həm region, həm türk dünyası, həm də bütövlükdə Avrasiya üçün əhəmiyyətlidir. Regionda bütün ölkələr həm qarşılıqlı daşımalar, həm də Avropa bazarına çıxış üçün istifadə edə bilər. Bu dəhliz türk dünyasının coğrafi parçalanmasını müəyyən qədər aradan qaldıra, siyasi-iqtisadi inteqrasiyanı sürətləndirə bilər. Bununla yanaşı, dəhliz Çindən Avropaya daşımalarda, xüsusilə, Avrasiyanı bütövlükdə əhatə edəcək “bir kəmər, bir yol” layihəsində ən əhəmiyyətli keçidlərdən biridir. Bu əhəmiyyətə görə dəhlizdən ciddi gözləntilər var və bu məsələ ətrafında siyasi mübarizə gedir. Ermənistan tərəfinin müqaviməti bu marşrutun dəhliz məntiqi ilə açılmasına görədir, çünki rəsmi İrəvan gömrük-keçid məntəqəsinin qurulmasını və beynəlxalq daşımalardan tranzit haqqı almaq istəyir. Qərb də bu marşrutun dəhliz yox, yol məntiqi ilə açılmasından yanadır. Çünki dəhliz məntiqi ilə açılarsa, bu, 10 noyabr razılaşmasına uyğun olaraq Rusiya hərbçilərinin həmin yola da nəzarət edəcəyi deməkdir və Moskva bununla Avropa üçün əhəmiyyətli olan daşımalara da təsir imkanı qazana bilər. Zəngəzur dəhlizinin gömrük-keçid məntəqəsinn qurulması, yəni yol məntiqi ilə açılması məsələsinin məhz Brüsseldə müzakirə edilməsi, razılaşdırılması da təsadüfi deyil. Ermənistan tərəfi Brüssel razılaşmalarına istinad edərək, Zəngəzurun yol məntiqi ilə olacağını deyir, onların razılaşmasının səbəbi də budur. Belə demək mümkünsə, Ermənistan bu məsələdə istəyinə nail olan kimi görünür, lakin rəsmi Bakının məhz Zəngəzur dəhlizi olaraq adlandırması diqqət çəkir. Burada Azərbaycan tərəfinin siyasi manevrləri önəmlidir. Brüssel razılaşmaları daha çox şifahi xarakter daşıyır, yəni tərəflər müzakirə aparır, razılaşır və razılaşma ilə bağlı prezident Şarl Mişel bəyanat verir, lakin bu razılaşmanın altında liderlərin imzası yoxdur. Liderlərin imza atdığı əsas sənəd 10 noyabr razılaşmasıdır. Görünür, Bakı Avropa masasında post-münaqişə dövrünün reallıqlarını qəbul etdirmək üçün Qərbin marağında olan yol məntiqinə şifahi olaraq razılaşır, lakin razılaşmalardan sonra bunu dəhliz məntiqi ilə qeyd etməsi Rusiyaya verilən mesajdır. Bu mesaj ondan ibarətdir ki, Ermənistan Rusiyanın imzası olan razılaşmanı Qərbin iştirakı ilə pozur, Azərbaycan üçün isə əsas sənəd 10 noyabr razılaşmasıdır. Prezident Əliyevin Brüsseldə “Zəngəzur və Laçın dəhlizləri eyni rejimlə işləyəcək” bəyanatı da buna hesablanmışdı və məqsəd Rusiyanın təzyiqi ilə Ermənistanı razılaşmaya məcbur etməkdir. Fikrimcə, Azərbaycan ağıllı manevrlər edir, həm Zəngəzur dəhlizinin dəhliz məntiqi ilə açılması şərtlərini yetişdirir, həm də dəhlizin yol məntiqi ilə açılması reallığı yaranacağı təqdirdə, Laçın dəhlizində eyni rejimin tətbiqinə əsas qazanır”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR