Ermənistan hökuməti dünən ölkənin Avropa İttifaqına (Aİ) daxil olması haqqında qanun layihəsini təsdiqləyib. Nəzərə alsaq ki, parlamentdə çoxluq hakim partiyaya məxsusdur, o zaman qanunun qəbulu ilə prosesə start veriləcəyi şübhə doğurmur. Ardınca məsələ referenduma çıxarılacaq.
Lakin əhalinin yarıdan çoxu ideyanı dəstəkləsə belə, bu da hələ nəticə anlamına gəlməz. Ən azından qonşu Gürcüstan və Moldova nümunələri var. Problem ondadır ki, eyni proseduralar həmin iki ölkədə və çoxdan reallaşsa da, hətta konstitusiyada əksini tapsa da, Gürcüstan və Moldova on illərdir qapı arxasında gözlədilir. Biz hələ Türkiyəni demirik.
Doğrudur, qardaş ölkənin Aİ-yə üzvlüyünün ləngidilməsi sırf siyasi və etnik amillərlə bağlıdır. Çünki “qoca qitə”də boyunlarına almasalar da, bu bir “xristian klubu”. Orada Türkiyə kimi böyük dövlətə, regional gücə, NATO-da ikinci qüdrətli orduya malik, qurumda ciddi söz və nüfuz sahibi olacaq və Fransa kimi anti-Türk dövlətlərinin ziyanına “balansı” dəyişəcək 80 milyonluq müsəlman-türk (!) ölkəyə yer edilməsi, sadəcə, mümkünsüz. Buna getməzlər. Necə ki, getmirlər.
Türkiyə də buna artıq can atmır. Təbii ki, Azərbaycan da əlini Aİ-dən çoxdan üzüb. Bizi orda heç kim gözləmir. Azərbaycanda ideal demokratiya olsa belə, cəhdlərimiz əbəsdir. Əsas səbəbi yazdıq. Bəlkə o vaxt bizi qəbula layiq görsünlər ki, Azərbaycan Qərbin əlinə baxan zəif, tam asılı və müti bir dövlətə çevrilsin, əhalisi milli kökdən qopsun. Gürcüstanın son aylar başına gələnlərə hamıya, xüsusən də balaca və orta ölkələrə dərs olmalıdır.
Ermənistan kimi cırtdan xristian ölkəsini, Fransanın “kiçik bacısı”nı isə quruma məmnuniyyətlə qəbul edər(di)lər. Ermənilərin qara qaş-gözünə görə yox, yenə ilk növbədə bölgədə Türkiyə-Azərbaycan tandeminə, qismən də Rusiya və İrana qarşı qalxan kimi istifadə eləmək üçün. Ermənistan da ki xarici ağaların əlində maşa olmaqda böyük “təcrübə” yiyəsidir...
Ancaq bədxah və xain qonşular üçün Aİ məsələsində iki ciddi əngəl var. Biri odur ki, Ermənistan Aİ ilə və ya onun hansısa üzv ölkəsi ilə qonşu deyil. Yəni coğrafi sərhədi yoxdur. Yenə Gürcüstan Qara Dəniz sayəsində təşkilatla həmsərhəd sayılır. Kapitulyant ölkə isə yalnız Gürcüstan Aİ-yə qəbul edilkdikdən sonra Aİ-nin qonşusu sayılacaq. İqtisadçılar daha dəqiq şərh edər, yalnız o halda üzvlüyün hansısa iqtisadi-ticari dividentləri ola bilər.
İkinci maneə əlbəttə ki, Rusiyadır. Sirr deyil ki, Avrasiya İqtisadi İttifaqı və Gömrük İttifaqında üzvlük hesabına Ermənistan əsasən Rusiyanın güzəştlərindən gen-bol faydalanır. Təbii qazı ondan faktiki “su qiymətinə” - Rusiya daxili qiymətə alır, Metsamor AES daxil, Ermənistanın iqtisadiyyatı, energetik sferası, dəmir yolları xeyli dərəcədə rusun nəzarətində və inhisarındadır, üstəgəl, Rusiya Ermənistanın Aİ standartlarına cavab verməyən məhsulları üçün ən əlverişli bazardır və orada az qala, Ermənistan əhalisi qədər əmək miqrantı, erməni yaşayır və çalışır. Rusun hərbi bazaları da ki, öz yerində.
Aydındır ki, Kremlin düşmən təşkilat saydığı bir quruma üzvlükdən öncə İrəvan bu imtiyazlardan imtina etməlidir. Moskva razı olmaz ki, Ermənistanın bir “əli”ndə Qərb tutsun, o birindən isə Rusiya. Bu, Moskva üçün “qırmızı xət”dir və İrəvan enində-sonunda seçim eləməli olacaq...
Gözlənildiyi kimi, Paşinyan hökumətinin məlum qərarı Rusiyada olduqca sərt reaksiya doğurub, nankorluq kimi qəbul edilib. Məsələn, Putinin sözçüsü Dmitri Peskov dərhal bildirib ki, İrəvan Rusiya ilə Aİ arasında seçim eləməli olacaq. Baş nazirinin müavini Aleksey Overçuk isə mötərizələri bir az da açaraq deyib ki, Ermənistanın Aİ-yə daxil olması ölkənin Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyü ilə bir araya sığmır.
“Hər iki ittifaq gömrük sərhədlərinin olmamasını və malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur. Bu iki birliyin nə vaxtsa yaxınlaşacağını təsəvvür etmək də mümkün deyil. Ona görə Ermənistanda hazırda müzakirəsi gedən “Avropa İttifaqına qoşulma prosesinin başlanması haqqında” qanun layihəsi ölkəni seçim qarşısında qoyur”, - Overçuk vurğulayıb.
Ardınca o, xəbərdarlıq edib ki, Avrasiya İqtisadi İttifaqı ilə münasibətləri məhdudlaşsa, Ermənistanda bir tərəfdən enerji və ərzaq qiymətləri qalxacaq, digər tərəfdən isə yerli malların ixracı 70-80% azalacaq. “Beləliklə, sadə insanlar öz gəlirlərini, iş yerlərini itirəcək, tələbat mallarına daha çox pul ödəyəcəklər. Bunun müqabilində Ermənistan əhalinin azalması ilə üzləşəcək. Aİ-yə üzvlük “Titanik” gəmisinə bilet almağa bərabər bir şeydir”, - Rusiya rəsmisi hədələyib.
Əlbəttə, “Titanik”in taleyini xatırlatmaqla Overçuk ən əvvəl Ermənistanın batacağına eyham vurub. Hərgah rəhbəri ağıllı və uzaqgörən olsa, Ermənistan batmaya da bilər. Yetər ki, qonşu Azərbaycan və Türkiyə ilə vaxt itirmədən münasibətləri normallaşdırsın, sülh müqavilələri imzalasın. Şərtlər, təkliflər bəlli. “Xilas kəməri” çoxdan atılıb, barışıq əli 4 ildir havada...