İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın Qafanda hava limanı təxribatı- Pozucu fəaliyyət cavabsız qalmayacaq- ŞƏRH

1120 18.08.2023 17:51 Siyasət A A

Avqustun 17-də Sünik vilayəti qubernatoru aparatının 2022-ci il üçün fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki,  avqustun 19-da Qafan günü münasibəti ilə nümayəndəli reys baş tutacaq, gələn həftə isə müntəzəm uçuşlar başlayacaq.

Ermənistan yenə də öz pozucu fəaliyyəti ilə məşğuldur. Sülh müqaviləsi imzalamamaq üçün dəfələrlə təxribatlar törədib vəziyyəti gərginləşdirən Ermənistan indi sərhədimizə yaxın ərazidə hava limanı tikmək istəyir. Bu, absurd bir haldır.

Azərbaycan Ermənistandan fərqli olaraq bu kimi halları hər zaman nəzərə alıb. Yada salaq ki, Azərbaycanda Zəngilan hava limanı inşa edilərkən sərhəddən uzaq məsafə seçildi, hətta, marşruta təsir edə biləcək küləyin mümkün gücü də nəzərə alındı ki,  təyyarələrin Ermənistan ərazisinə keçməsi riski olmasın. İndi Ermənistan həyasızcasına bu cür addımı atmaq istəyir.Məlumdur ki, Qafan hava limanının ərazisi Azərbaycanın mövqelərinə xeyli dərəcədə yaxındır. Ona görə də təyyarələrin enməsi və uçması zamanı Azərbaycanın hava məkanının pozulması qaçılmaz olacaq.

Musavat.com-a Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə  deyib ki,  Qafan şəhərində yerləşən hava limanı Ermənistan-Azərbaycan münaqişəsi səbəbi ilə uzun müddət fəaliyyətsiz qalıb:

 “2017-ci ildə 27 il sonra ilk uçuş həyata keçirilən hava limanı 2020-ci ildə II Qarabağ müharibəsindən sonra təkrar bağlanmağa məcbur oldu. Azərbaycanın şanlı qələbəsi nəticəsində dövlət sərhədlərimiz bərpa olunduqdan sonra Azərbaycan Ordusunun Zəngilan bölmələri ilə hava limanı arasında cəmi 100-150 metr məsafə var, xüsusilə uçuş-eniş zolağı Ermənistanla Azərbaycanın sərhəd xəttinin düz üzərində, tam yaxınında yerləşir. Erməni müxaliflərinin özləri belə limanın fəaliyyətə açılmayacağını düşünürdülər. Lakin Zəngəzur dəhlizi məsələsinin, İran tərəfindən Azərbaycana qarşı tez-tez istifadə olunan “qırmızı xətt” termininin qlobal gündəmə daxil olması, bu qlobal əhəmiyyətli dəhlizin üzərində yerləşən Qafana bir strateji önəm qazandırdı. Dəhlizin bir başında (Qafanda) Rusiya və İranın konsulluq açması, dəhlizin o biri başında (Arazdəyəndə) ABŞ-ın metallurgiya zavodu adı ilə bölgədə iştirak payı almasını müşahidə etdik  və bütün bunlar Qafan hava limanının açılmasına stimul verdi. Qeyd edilməlidir ki, hava limanı təkrar təmir edildikdən sonra uçuş-eniş zolağı 2 km uzadılıb. Bu, Azərbaycan tərəfindən mümkün etirazlar nəzərə alınaraq atılmış addım olaraq qiymətləndirilə bilər”.

Ekspert bildirib ki, gələcəkdə hava məkanımıza hər hansı müdaxilə olarsa adekvat cavab tədbirləri görüləcək:

“Bunun üçün Azərbaycanın bütün strateji nəzarət imkanları mövcuddur. Hər bir ölkənin quru və su sərhədləri toxunulmaz olduğu kimi hava məkanı da toxunulmazdır”.

Təbii ki, bu cür açıqlamalarla BMT Təhlükəsizlik Şurasının Laçın yolunda vəziyyətə dair iclasının nəticələri ilə bağlı uğursuzluqdan sonra regionlara səfər edən Ermənistanın baş naziri Nikol Paşinyan cəmiyyətdəki gərginliyi özünəməxsus formada azaltmağa çalışır. Ancaq bütün bu təxribatların da qarşısı digərləri kimi alınacaq.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR