İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın konstitusiya məkrinə Bakıdan reaksiya

1967 06.06.2024 09:08 Siyasət A A

Nazir Ceyhun Bayramovdan Mirzoyanın açıqlamasına cavab; sülh üçün Azərbaycanın Ana Yasasında heç bir əngəl yoxdur, İrəvan isə...

Sülhə böyük ümidlər yarandığı, ABŞ-dan, Avropadan da buna dəstək açıqlamaları gəldiyi bir vaxtda Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri növbəti dəfə absurd açıqlama ilə çıxış edib. Ararat Mirzoyan deyib ki, Ermənistan və Azərbaycan bir-birinin konstitusiyalarında uzunmüddətli sülhün bərqərarı üçün maneələr görürlər, lakin onlara dəyişiklik edilməsi məsələsi Ermənistan-Azərbaycan danışıqlarının gündəliyinə daxil deyil. O, bu barədə  iyunun 4-də Ermənistan parlamentində çıxış edərkən bildirib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan konstitusiyaları uzunmüddətli sülhün bərqərarı üçün problem ola bilməz. “Bizim və ya onların konstitusiyasına düzəlişlər Ermənistan-Azərbaycan danışıqlarının gündəliyinin tərkib hissəsi deyil, 2018-ci ildən Ermənistan hakimiyyəti konstitusiyaya dəyişikliklərin edilməsi barədə danışır”, - Mirzoyan deyib.

Mirzoyan Türkiyə ilə barışığa toxunaraq deyib ki, münasibətlərin normallaşması məsələsi ilə bağlı Ermənistan və Türkiyənin geniş qarşılıqlı anlaşması var.

“Bizim bir sıra məsələlər üzrə geniş qarşılıqlı anlaşmamız var və razılaşmaları həyata keçirməyin vaxtı çatıb”, - Mirzoyan deyib.

Parlamentdə Mirzoyana “Hakimiyyət Qarabağ ermənilərinin geri qayıtmaq hüququnu təmin etmək üçün nə edir?” sualı verən “Ermənistan bloku” fraksiyasının katibi Artsvik Minasyan bildirib: “Demək olar ki, bütün aparıcı ölkələr geri qayıtmaq hüququnu qoruyur. Qarabağ ermənilərinin qayıtmaq və muxtariyyətlə yaşamaq hüququ olmalıdır”.

Mirzoyan isə belə cavab verib: “Qarabağda ermənilər olanda və biz "müstəqillik statusundan" vaz keçməyi təklif edəndə bizi satqın adlandırırdılar. Siz çox gec ayılırsız, bizi eyni şeydə suçlayırsız. Muxtariyyətdan danışmaq indi ağlınıza gəldi?"

Beləliklə, Mirzoyan pozucu olmasa da, konstitusiyadakı əngəllər məsələsində absurd mövqe sərgiləmiş olub. Bəli, Ermənistan konstitusiyasında sülhə əngəl ola bilən müddəalar var - işğalçılıq siyasətinin, torpaq iddiasının rəsmi təsbiti aradan qaldırılmalıdır. Azərbaycanın isə konstitusiyasında Ermənistanla sülhə əngəl törədəcək heç bir müddəa yoxdur. İrəvan bunu heç bir halda şərt kimi qoya bilməz. Problem yalnız Ermənistan konstitusiyasındadır. 

Mövzu ilə bağlı nazir Ceyhun Bayramov da açıqlama verib. “Ermənistan konstitusiyasında, Ermənistan parlamenti tərəfindən qəbul edilən qanunvericilik aktlarında və digər qanunvericilik sənədlərində qonşu dövlətlərə, o cümlədən Azərbaycana qarşı ərazi iddiaları mövcuddur”.

Bunu Ceyhun Bayramov macarıstanlı həmkarı ilə birgə iyunun 5-də keçirilən brifinqdə Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın açıqlamasına münasibət bildirərkən deyib: “Bu məlum faktdır və bu məsələ təbii ki, zaman-zaman qaldırılıb. Ermənistan cəmiyyətində bu xüsusda diskussiyaların olması o anlama gəlir ki, Ermənistan dövləti və cəmiyyəti özü bu faktların mövcudluğunun özləri üçün zərərləri olduğunu qəbul edirlər”.

C.Bayramov qeyd edib ki, Ermənistan xarici işlər nazirinin Azərbaycan və Ermənistan konstitusiyalarında paralellik, bərabərlik yaratmaq cəhdi, yumşaq desək, həqiqətdən uzaq və qəbuledilməzdir: “Azərbaycan konstitusiyasında və digər qanunvericilik aktlarında qonşu dövlətlərə və Ermənistana qarşı ərazi iddiaları mövcud deyil. Ona görə də bu mövzuda paralellik yaratmaq cəhdləri qəbuledilməzdir. Əfsuslar olsun ki, bu kimi tendensiyaları biz ilk dəfə deyil görürük. Bəzi hallarda danışıqlar prosesində Ermənistan üçün belə demək olarsa, uyğun olmayan məqamlar qabardılarkən Azərbaycanda bunun analoqu olmasa belə, süni şəkildə güzgü effekti yaratmaq cəhdləri edilir”.

Bayramov onu da bildirib ki, Azərbaycan qanunvericiliyində bu kimi məqamların olmaması açıq-aydındır: “Bunu bütün beynəlxalq tərəfdaşlar bilir və bu arqumentləri heç kəs qəbul etmir. Düşünürəm ki, Ermənistan hakimiyyəti özü də bunun əsassız olduğunu bilir”.

Nazirin sözlərinə görə, Azərbaycan cəmiyyəti tam əmin ola bilər ki, bundan sonra da bu kimi arqumentlər ayaq tutub yeriyə bilməz, burada paralelliyə yer yoxdur: “Nəzərə alsaq ki, bu kimi mesajlar beynəlxalq auditoriyalara da ünvanlanır, bu da beynəlxalq tərəfdaşlarımız arasında çaşqınlıq yarada bilər. Təbii ki, bunu nəzərə alaraq, biz bu kimi iddiaları əsaslı şəkildə rədd etmişik. Belə tendensiyaların inkişafı bizim üçün yolverilməzdir. Azərbaycan cəmiyyəti tam əmin ola bilər ki, bundan sonra da bu kimi arqumentlər ayaq tutub yeriyə bilməz. Burada paralelliyə yer yoxdur”.

Maraqlıdır, Ermənistan konstitusiyasından bu müddəaları çıxarmasa, sülh sazişi imzalana bilərmi və bu sazişdə konstitusiyadakı işğalçılığa yönəlik müddəların qısa müddətdə ləğv olunması şərt kimi qoyula bilərmi? 

Xəyal Bəşirov: Azərbaycan qlobal problemlərin həlli istiqamətində  təşəbbüslər ortaya qoyur - AZƏRTAC

 Xəyal Bəşirov

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanla Azərbaycan arasında hazırda sülh gündəliyinə, sülh sazişinin razılaşdırılmasına ən ciddi hüquqi maneələrdən biri məhz Ermənistan konstitusiyasının preambula hissəsində istinad olunan Ermənistanın Müstəqillik Bəyannaməsindəki Azərbaycana ərazi iddialarıdır: "Bəlkə də Ermənistan konstitusiyası dünyada analoqu olmayan konstitusiyadır ki, orada başqa dövlətlərə qarşı ərazi iddiasını əks etdirən məqamlar öz əksini tapıb. Burada Azərbaycana qarşı faktiki olaraq ərazi iddiaları yer alır. Ona görə də Azərbaycan dövlətinin haqlı olaraq bununla bağlı tələbləri olub. Əgər Ermənistan həqiqətən də sülhdə səmimidirsə, münasibətləri birdəfəlik olaraq normallaşdırmaq istəyirsə, buna mane olan bütün maneələri aradan qaldırmalıdır. Azərbaycan konstitusiyasında Ermənistana qarşı müddəa, fikir yoxdur. Ermənistan konstitusiyasında isə qeyd etdiyimiz həmin müddəanın saxlanması o demək olar ki, Ermənistan dövləti Azərbaycana ərazi iddiasından əl çəkmir və imzalanan, imzalanacaq sülh sazişi daimi nəzərdə tutulmayıb. Biz Ermənistanla sülh sazişini hansısa konkret müddət üçün imzalamırıq. Biz sülhü əbədi olaraq imzalamaq istəyirik. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz gələcək nəsillərə Cənubi Qafqazda sülhü, sabitliyi miras qoymaq istəyirik. Əgər Ermənistan da bunu istəyirsə, üzərinə düşən öhdəlikləri yerinə yetirməli, o cümlədən də konstitusiyasında dəyişiklik etməlidir”.

Ekspert hesab edir ki, Ermənistan ana qanununda Azərbaycana qarşı ərazi iddiasını ləğv etməyəcəksə, deməli, “sülh sazişini imzalamağa hazırıq” kimi bəyanatlarla baş aldadır: "Hətta sülh sazişini imzalasalar da özlərinə lazım olan zaman həmin sülh sazişinin Ermənistan konstitusiyasına zidd olduğunu gündəmə gətirib sülh sazişini ləğv edə, sülh sazişindən imtina eləyə bilərlər. Türkiyə ilə imzaladıqları “Sürix protokolu”nu məhz konstitusiyalarını əsas göstərib sonradan ratifikasiya etməkdən imtina eləməkləri təcrübəsi də bu ehtimalı gücləndirir. Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddiası çıxarılmayacaqsa, əslində Azərbaycanla imzalayacağı sülh sazişi qüvvəyə minmiş sayılmayacaq. Bunu isə istənilən an bəhanə edib sülh sazişinin qüvvədən düşdüyünü elan edə bilərlər. Ona görə də bizim haqlı və qanuni tələbimiz var ki, Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq istəyirsə, öncə konstitusiyasına dəyişiklik etməlidir. Bunu etməyəcəklərsə, nəticələri ilk növbədə Ermənistan üçün ağır olacaq. Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu konstitusiyada dəyişiklik məsələsi təkcə Ermənistanın daxili məsələsi deyil, bu, həm də Azərbaycanın məsələsidir. Çünki bu sənəddə ərazi iddiaları var və Azərbaycanın daxili işlərinə qarışmaq Ermənistanın kosntitusiyasında nəzərdə tutulub. Bu məsələ Azərbaycanı narahat etməyə bilməz”. 

Azərbaycanın güclü orduya malik olması bir şərtdir - İlyas Hüseynov (ÖZƏL)  - TurkicWorld

 İlyas Hüseynov

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov bildirdi ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları konstitusiya ilə yanaşı bu ölkənin bir sıra digər aktlarında da yer alır. Ona görə də həm konstitusiyadakı, həm də digər qanunvericilik aktlarındakı Azərbaycanın ərazi bütövlüyünə qarşı olan müddəalar aradan qaldırılmalıdır: "Azərbaycan dövləti artıq ən yüksək səviyyədə bu tələbi irəli sürülüb. Ermənistanın hələ də bu tələbi yerinə yetirməməsi sülh danışıqlarına mənfi təsir göstərir. Xarici işlər nazirinin söylədiyi fikirlər daha çox sülhü pozmaq məqsədi daşıyır. Azərbaycanın artıq irəli sürdüyü tələbi sülh danışıqlarında rəsmi olaraq ortaya atıla bilər. Dayanıqlı sülhün formalaşması üçün bu tələbin yerinə yetirilməsi ən zəruri element hesab olunmalıdır. Çünki biz beynəlxalq sənədlərdə də görürük ki, yerli qanunvericilik, xüsusilə konstitusiya bir sıra beynəlxalq normativ hüquqi aktlara qarşıdırsa, deməli, beynəlxalq hüququn pozulması anlamı daşıyır. Əgər geopolitik reallıqlar dəyişibsə, bu gün Ermənistan konstitusiyası buna ziddir. Gələcək nəsillər üçün heç bir münaqişə elementi qoymamalıyıq. Bunu Ermənistan nəzərə almalıdır”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR