İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın insanlıq əleyhinə 342 cinayəti - AŞPA bu terroru görmür...

294 30.01.2024 11:30 Siyasət A A

Postmüharibə dövründə mina qurbanlarının sayı işğalçı dövlətin sülhə qarşı olduğunu gözlər önünə sərir, amma avropalı siyasətçilər Qarabağa “hücum”dan danışır - sərt təpki

Ermənistan insanlıq əleyhinə cinayətləri - mina terrorunu 30 ildən çox davam etdirib. 2021-ci ildə Ermənistanda istehsal edilmiş tank və piyada əleyhinə minaların Sarıbaba, Qırxqız yüksəkliyində aşkarlanması sübut etdi ki, işğalçı ölkə postmüharibə dövründə də ərazilərimizi minalayıb. 

Bu prosesdə Qarabağ separatçılarının liderləri və oradakı qanunsuz silahlı birləşmələrdən istifadə olunub. Lakin İrəvan bu məsələdə riyakarlıq edir, Mirzoyan mina xəritələrini guya separatçıların liderlərindən alaraq Bakıya verdiklərini açıqlayır. Sözsüz ki, bu da istehza doğuran açıqlamadır. Ona görə də Ermənistan XİN rəsmi Bakının bu məsələyə ironiya ilə reaksiya verdiyini açıqladı. Axı kim inanar ki, minaların basdırılması yalnız Qarabağdakı terrorçuların işidir?! Elədirsə, Ermənistanda 2021-də istehsal olunan minaları Qarabağa kim göndərib? Bu da Ermənistanın terrorçu dövlət olduğunu gözlər önünə sərir, sadəcə, sülh və insanlıq əleyhinə törədilən bu cinayətləri avropalı siyasətçilər görmək istəmir. 

Çünki onların gözünü pul tutub, həqiqəti görmək marağı yoxdur. Onlar üçün “həqiqət” Azərbaycan Ordusunun Qarabağa “hücum” etməsidir. Yəni insan hüquqları müdafiəçisi olan Qərb siyasətçilərinin, avropalı deputatların bəsirət gözü bağlanıb. Ona görə AŞPA, Avropa Parlamentinin qərarlarını gərək təəccüblə qarşılamayaq. Ermənilərin törətdiyi mina terrorunu görməyənlərin “etnik təmizləmə”ni görməsi Qərb təşkilatlarının mahiyyətini ortaya qoyur. Hazırda Ermənistan Milli Təhlükəsizlik Xidməti daha 8 xəritə veriləcəyini vəd edib. Lakin bundan əvvəl verilmiş xəritələrin 25 faizi dəqiq çıxıb. Bu günə qədər 342 vətəndaşımız mina terrorunun qurbanı olub. Bu da Ermənistan dövlətinin insanlıq əleyhinə fəaliyyətini ifadə edir. 

Eyni zamanda mina terroru sülh prosesinə mane olur. Cənubi Qafqaz regionunun əsas gündəmi Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlıdır. İkinci Qarabağ müharibəsi və 2023-cü il sentyabrın 19-20-də antiterror tədbirlərindən sonra sülh sazişi ilə bağlı yeni imkanlar yaranıb. Bunu həm İrəvan, həm də vasitəçilik iddiasında olan tərəflər etiraf edirlər. Amma hələ də sülh gündəminə mane olan məqamlar var. Bunlardan başlıcası da minalı ərazilərin xəritəsi ilə bağlıdır. Məhz Ermənistanın çirkin oyunlarının nəticəsidir ki, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunsa da, böyük əraziləri əhatə edən sahələrə minaların basdırılması keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə öz evlərinə qayıtması üçün ciddi əngəl olaraq qalmaqdadır. Müvafiq qurumlar baş verə biləcək xoşagəlməz halların aradan qaldırılması - minaların aşkar edilərək zərərsizləşdirilməsi istiqamətində fasiləsiz olaraq çalışırlar.

Azərbaycanın Xarici İşlər Nazirliyi yanvarın 21-də yaydığı məlumatda beynəlxalq ictimaiyyətə çağırış etmişdi ki, hər kəs mina xəritələri ilə bağlı dəqiq məlumat almaq üçün Ermənistana təzyiq etməlidir. XİN çağırışında xüsusilə proseslərə müdaxilə etmək istəyən aktorları, o cümlədən Fransanı nəzərdə tutub. Paris başqa vaxt İrəvana “vəkillik” edir. Amma Fransa bunu bilə-bilə Ermənistana heç bir təzyiq göstərmir. Eləcə də AŞPA, AP və digər təsisatlar...

Sözcü - Xəzər Teyyublu: Müstəqil Həmkarlar Birliyinin qaynar xətti yaradıldı

Xəzər Teyyublu

Hüquq müdafiəçisi Xəzər Teyyublu Azərbaycanın Ermənistana diplomatik təzyiqləri gücləndirməsini vacib sayır. “Yeni Müsavat”a danışan insan haqları müdafiəçisi hesab edir ki, bu məsələdə səfirliklər, Avropadakı diaspor təşkilatları, xaricdə yaşayan azərbaycanlı fəallar özünə güc verməlidir: “Biz işimizi artırmalıyıq. Diaspor təşkilatlarımız kampaniya aparmalı, aksiyalar keçirməli, özümüz deyib özümüz eşitməli deyilik, avropalılarla söhbətdə erməni terrorundan, insanlıq əleyhinə törətdikləri vəhşiliklərdən danışmalıyıq. Məsələ təkcə tədbirlər keçirmək deyil, fərd-fərd, hər kəs bir alman, bir holland, bir fransızla tet-ha-tet söhbət edəndə məlumatlandırmalıdır, deməlidir ki, sizin xristian bilib müdafiə etdiyiniz bu dövlət mina terroru ilə məşğuldur. Ona görə, məncə, görülən iş azdır, kənardan zəif təsir bağışlayır. Biz hamılıqla çalışmalıyıq, beynəlxalq təşkilatlara məktublar yazmalı, mina xəritələrini gündəmdə saxlamalıyıq. Təbii ki, hüquq müdafiəçiləri də bu məsələdə aktiv olmalıdır”. 

X.Teyyublu hesab edir ki, beynəlxalq hüquq bizim tərəfdədir, beynəlxalq ictimaiyyət isə az məlumatlıdır: “Dünyada güc qalib gəlir, beynəlxalq hüququ ayaqlar altına atan elə həmin böyük dövlətlərdir. Biz münaqişə zonalarına baxanda görə bilərik ki, artıq ədalət, beynəlxalq hüquq öz işinin dalınca gedib. Amma biz həqiqətləri deməkdən yorulmalı deyilik, dünya Ermənistanın sülh əleyhinə əməllərindən agah olmalıdır. Biz 342 vətəndaşımıza görə Ermənistanı beynəlxalq məhkəmələrə verməliyik. Bu insanlar öz doğma torpaqlarında mina terrorunun qurbanı olublar. Mənim evimi dağıt, 30 il viran qoy, sonra mən yuvamı azad edim, üstəlik, minadan da zərər çəkim. Odur ki, Ermənistana təzyiqlər artmalıdır, səhih xəritələr alınmalıdır”.

Yazını hazırladı: Emil SALAMOĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR