İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanı və separatçıları cəzalandırmaq zamanı! - Mişelin o açıqlaması...

1501 16.05.2023 09:53 Siyasət A A

Brüssel görüşü günü İrəvandan absurd Zəngəzur iddiası; Paşinyanın “sağ əli” yenə başından yekə danışdı; Ter-Petrosyanın adamı isə erməniləri xəbərdar edir: “Bakının sülh şərtlərini qəbul etməsək, yeni müharibə qaçılmaz olacaq...”

Kapitulyant Ermənistanın rəhbərliyi Azərbaycanla sülh anlaşması imzalamaq əvəzinə, sülh oyununa davam edir. Srağagün Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə üçlü formatda reallaşan 5-ci görüşün heç bir ortaq sənəd imzalanmadan bitməsinin tək səbəbi də yenə İrəvandır, baş nazir Nikol Paşinyanın cığallığıdır.

Aydın görünür ki, erməni tərəfi, heç olmasa, Rusiya-Ukrayna müharibəsi bitənədək vaxtı uzatmağa çalışır. Hansısa möcüzəyə, regionda və dünyada şərtlərin onun xeyrinə dəyişəcəyinə ümid edir. Ermənistan habelə zamanı uzatmaqla Fransa hesabına öz ordusunu silahlandıra biləcəyini xəyal edir. Ancaq hansı maliyyə resursları hesabına? Sual budur.

İrəvan paralel surətdə sülh prosesinə “Qarabağ məsələsi” ilə, Qarabağdakı erməni əhalinin təhlükəsizliyinə beynəlxalq zəmanət tələbi (əslində status tələbi) ilə ciddi əngəl yaratmaqdan əl çəkmir. Halbuki bu “məsələ”nin Ermənistana, sülh sazişinə dəxli yoxdur. Bakı buna izn verməyəcək. Di gəl, cəhdlər səngimir. Bu da növbəti fakt.

*****

Paşinyan və Soros: İrəvanda anti-Rusiya şəbəkəsi...

“Qarabağda qərbyönlü əhval-ruhiyyə mövcud deyil. Soros yoxdur. NATO-nun əvəzinə Rusiya sülhməramlı kontingenti dayanıb. Lakin indi insanlar Rusiyaya qarşıdırlar. Sizcə, niyə? Bu, Qərbə görə baş verməyib, Rusiya özü günahkardır. Burada özünə qarşı münasibəti Rusiya özü formalaşdırır”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu Brüssel görüşü günü Ermənistan Təhlükəsizlik Şurasının katibi, Nikolun “sağ əli” sayılan Armen Qriqoryan “Novaya qazeta Europe” qəzetinə müsahibəsində bildirib.

Qriqoryan Rusiya sülhməramlılarından heç nə gözləmədiklərini bildirib. Onun sözlərinə görə, Ermənistan indi Qarabağa beynəlxalq müşahidə missiyası göndərmək üçün lobbiçilik edir.

Jurnalist Rusiyanın konkret nə istədiyi barədə xəbər alıb. “Məsələn, versiyalardan biri İlham Əliyevə Zəngəzur dəhlizindən keçərək Türkiyəyə yol açmağa kömək etməkdir. Azərbaycan qazı adı altında Rusiya qazı sanksiyalardan yan keçməklə bu dəhlizdən keçəcək”, - deyə jurnalist Yan Şenkman sualla bərabər belə bir fərziyyə irəli sürüb.

“Amma bu, artıq baş verir, qaz artıq mövcud infrastrukturlar çərçivəsində axır. Lakin məsələ təkcə bundan ibarət deyil. İstənilən halda Ermənistan heç vaxt öz ərazisindən ekstraterritorial dəhlizin keçməsinə razı olmayacaq. Bizim üçün bu, qırmızı xətdir. Müharibə olacaqsa, deməli, müharibə”, - deyə Qriqoryan özündən razı şəkildə iddia edib.

*****

Belə çıxır, Azərbaycan öz ərazisindən bir ovuc erməniyə bizim nəzarətimizdən kənar “Laçın dəhlizi” verəndə bu normaldır, amma Ermənistan öz ərazisindən 300 minlik Naxçıvana eyni dəhlizi aça bilməz, çünki bu onun üçün “qırmızı xətt”dir? Yəni İrəvan özünə rəva bilmədiyini beləcə, həyasızcasına bizə görür. Çünki Azərbaycanın da analoji “qırmızı xət”ləri var.

Qriqoryan hələ üstəlik, Zəngəzur dəhlizinə görə “müharibəyə hazırıq” deyir. Rəsmi Bakı isə dəfələrlə bəyan edib ki, bu dəhlizlər eyni statusda olacaq: ya dəhliz məntiqi, ya da yol məntiqi. Simmetriklik və ədalətli yanaşma!

Odur ki, Ermənistan rəhbərliyi boşuna “stəkanda fırtına” yaratmasın. İşə bax, ermənilərə birtərəfli qaydada “Laçın dəhlizi” verək ki, İrəvan ondan istifadə edib Qarabağdakı quldur-terrorçuları əleyhimizə silahlandırsın. Bu, daha olmayacaq! Əlavə olaraq, 10 noyabr (2020) kapitulyasiya sənədinin 9-cu bəndində Zəngəzur yolu ilə bağlı aydın yazılıb: maneəsiz hərəkət. Yəni dəhliz məntiqi. İrəvan ona məhəl qoymayacaqsa, Bakı da 6-cı bəndin Laçın dəhlizi ilə bağlı hissəsini iqnor edəcək.

Artıq edir - Laçının girişində, Ermənistanla sərhəddə aprelin 23-də nəzarət-yoxlama məntəqəsi qoymaqla. Yeri gəlmişkən, Şarl Mişel 14 may görüşündən sonrakı məlum çıxışında həmin postla bağlı heç bir narazılıq, irad ifadə eləmədi. Yəni Azərbaycan daha bir prinsipial məsələdə öz haqlı mövqeyini artıq Qərbə və Rusiyaya qəbul etdirmiş sayıla bilər...   

*****

Ermənistandan 'Zəngəzur dəhlizi' ilə bağlı şok açıqlama - Rusiya bizi  məcbur edir…

İrəvanın sülhdə maraqlı olmadığının növbəti sübutu kimi mayın 14-də Brüsseldə üçlü formatda danışıqlar gedə-gedə (!) Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən ordumuzun Kəlbəcər rayonundakı mövqelərinin minaatanlardan (!) atəşə tutulmasını göstərmək olar.

Bundan əlavə, Qriqoryanın Zəngəzur dəhlizi ilə bağlı “qırmızı xətt”i  Ş.Mişelin “Naxçıvana əlaqələrlə bağlı tərəflərin mövqeləri çox yaxınlaşıb” ifadəsi fonunda ikiqat təəccüb doğurur. Belə görünür, İrəvan mənasız dirənişi davam etdirmək niyyətindədir.

Yaxud Laçın yolunun da dəhliz məntiqi ilə işləyəcəyini artıq qəbul eləməli, sərhəddə qoyduğumuz yoxlama-nəzarət postu ilə bağlı ona-buna, Beynəlxalq Məhkəməyə mənasız şikayətlərə son qoymalıdırlar. Paralel surətdə Qarabağda separatçıları Azərbaycan əleyhinə qızışdırmağı dayandırmalıdırlar. Əks halda, Bakı nə edəcəyini yaxşı bilir...

*****

“Həm Ermənistan, həm də Qarabağda yerləşən qeyri-qanuni erməni dəstələri tərəfindən törədilən təxribatlar onu göstərir ki, əks-əməliyyat aparılması məsələsinin vaxtı çoxdan yetişib. Görünür, biz onun ərəfəsindəyik”.

Bakupost.az - "Laçın yolunda nəzarət postları qurmalıyıq" - Fikrət  Sadıxov

Fikrət Sadıxov 

Bunu Musavat.com-a açıqlamasında politoloq Fikrət Sadıxov deyib.

Politoloqun fikrincə, Ermənistan Qarabağdakı separatçıları təxribatlara ona görə cəlb edir ki, danışıqlar zamanı Azərbaycanı etnik təmizləmədə günahlandırsın, təcavüzkar bir dövlət kimi qələmə versin: “Paşinyan sazişə imza atmaqdan çəkinir. Qorxur ki, müxalifət, "Qarabağ klanı", revanşistlər onu hakimiyyətdən devirə bilər. Daha anlamır ki, Azərbaycanla üzləşəndə və itkilər verəndən sonra onun vəziyyəti daha da gərginləşəcək. Bunu dərk etmək üçün siyasi təcrübə, uzaqgörənlik lazımdır. Hansı ki, Paşinyanda yoxdur. Görünür, vaxt artıq keçib. Bundan sonra hansısa müsbət təcrübənin olması böyük bir şübhə altındadır".

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın Qarabağ danışıqları üzrə müşaviri olmuş (1991-1997) Jirayr Liparidyan isə hesab edir ki, İrəvan Bakının sülh şərtlərini qəbul etməsə, yeni müharibə qaçılmaz olacaq.

Bu barədə o, özünün Twitter səhifəsində yazıb.

“Qarabağ bizim deyil. Müharibə nəticəsində biz Qarabağ haqda nəsə danışmaq şansını artıq itirmişik”, - deyə o əlavə edib.

Zatən, Qarabağ, Şuşa 44 günlük savaşdan öncə də sizin olmayıb. Ən əsası, heç vaxt olmayacaq və nida işarəsi!

Siyasət şöbəsi,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR