İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistandan Kremlə qarşı daha bir demarş - Moskvanın səbri tükənir

1501 31.10.2023 11:38 Siyasət A A

Fransa “kiçik bacısı” Ermənistanla hərbi-texniki əməkdaşlığı genişləndirir. Məlumdur ki, tərəflər bu məqsədlə oktyabrın 23-də bəzi silah sistemlərinin tədarükü ilə bağlı anlaşma da imzalayıblar. İndi isə məlum olur ki, Fransa Ermənistana hərbçilər də göndərəcək.

Fransa müdafiə naziri Sebastyan Lekornu bununla bağlı bildirib ki, Ukrayna əsgərlərinə təlim keçən Polşadan nümunə götürərək, erməni hərbçilərinə təlim keçmək üçün ilin sonu - 2024-cü ilin əvvəli arasında Fransa əsgərləri Ermənistana göndərilməlidir. Yerləşdiriləcək hərbçilərin sayı isə açıqlanmır.

Bu demarş sözsüz ki, Rusiyanı daha da qıcıqlandıracaq. Bəs konkret reaksiya nə olacaq?

Bu arada qeyd edək ki, Fransa-Ermənistan hərbi əməkdaşlığına skeptik yanaşan erməni təhlilçilər kifayət qədərdir. O sırada hərbi ekspert, Ermənistan müdafiə nazirinin keçmiş müşaviri David Camalyan hesab edir ki, Fransa ilə hərbi əməkdaşlıq Ermənistana o qədər də böyük fayda verməyəcək, əksinə, İrəvan-Moskva əməkdaşlığı ciddi ziyan görəcək, çünki Parislə münasibətlər tamamlama prinsipi üzərində deyil, qarşıdurma prinsipi üzərində qurulub.

Onun sözlərinə görə, Fransadan hər hansı əhəmiyyətli həcmdə silah tədarükündən söhbət gedə bilməz. “Proses kifayət qədər siyasiləşib və belə təəssürat yaranır ki, üç radar sisteminin və digər əməkdaşlıq atributlarının ötürülməsi Ermənistan hakimiyyəti tərəfindən şişirdiləcək və şouya çevriləcək. Erməni cəmiyyətinə Fransanın Rusiyaya alternativ kimi təqdim edilməsi cəhdləri böyük yanlışlıqdır”, - Camalyan əlavə edib.

Polkovnik Rövşən Məhərrəmov: “Vəziyyət durmadan gərginləşməyə doğru gedir”

Rövşən Məhərrəmov: “Bunlar Azərbaycan üçün heç bir təhlükə yaratmır”

Hərbi polisin sabiq rəisi, polkovnik Rövşən Məhərrəmov burada Azərbaycan üçün bir narahatlıq görmür: “Bilirsiniz ki, son zamanlar Rusiya ilə Ermənistan arasında ciddi gərginlik var. Bu gərginlik artıq pik həddə çatır. Baxmayaraq ki, Ermənistanda bu gün ruspərəstlərin sayı daha çoxdur. Onlar daha çox müxalifətdə təmsil olunublar. "Qarabağ klanı"nın liderləri olan keçmiş prezidentlər Köçəryan və Sərkisyanı, onların tərəfdarlarını xüsusi qeyd etmək olar. Ordu tərkibində də onların sayı kifayət qədərdir. Fransanın Cənubi Qafqaza burnunu soxması və erməni hərbçilərini hazırlayacaqları barədə verilən açıqlamalar əslində Ermənistanın “böyük bacısı” Fransadan gözlənilən idi. Onun üçün erməniləri silahlandırmalıdırlar da. Gördüyümüz kimi, üç radar sistemi veriblər, daşınan zenit-raket kompleksləri. Bunlar da çox zəif sistemlərdir. Əllə daşınan hava hücumundan müdafiə sistemləri veriblər. Bunlar Azərbaycan üçün heç bir təhlükə yaratmır. Ancaq və ancaq Rusiya üçün bir problemdir. Əminliklə deyirəm ki, Ermənistanın hava hücumundan müdafiə sistemi olduqca zəifdir. Bilirsiniz ki, Ermənistan ərazisində 102-ci Rusiya bazası yerləşir. Onlarla yanaşı Fransa silahlı hərbçiləri də olacaqlar ki, bu da Rusiyanın qəzəbinə səbəb olmaya bilməz. Buna da Rusiya heç bir halda izn verməyəcək. Ermənistan sərhədini ruslar mühafizə edir. Bunun fonunda fransızlar necə gələ bilərlər? Əhali arasında da bu, ciddi narazılıqla qarşılana bilər. Ermənistan müxalifəti də buna imkan verməz. Azərbaycan da yatmayıb. Prosesləri yaxından izləyir. Günü-gündən hərbi arsenalımız daha da güclənir. Ermənistan bir adada yerləşir. Gürcüstan heç zaman imkan verməz ki, onun ərazisindən silahlar daşınsın. İranın da öz maraqları var, Qərblə böyük bir gərginlik yaşayır. Bundan çıxış etsək, cənub qonşumuz da imkan verməz".

Hərbi ekspert erməni ekspertlərin dedikləri ilə razıdır: “Bəli, bu gərginlik daha da artacaq. Ancaq Ermənistan, sadəcə, bundan ziyan görəcək. Bu günə kimi hələ də Azərbaycanla sülh müqaviləsi imzalanmayıb. Bu da sərhədlərin müəyyən edilməməsi deməkdir. Amma Paşinyan tez-tez deyir ki, sülh müqaviləsi imzalayacağıq. Azərbaycanın öz tələbləri var. Bu tələblər yerinə yetirilməyincə, sülh müqaviləsi olmayacaq.

Tanınmış jurnalist Səxavət Məmməd həbs edildi – FOTO | RealMedia.az

 Səxavət Məmməd

Hərbi ekspert Səxavət Məmməd isə vurğuladı: “Fransanın Ermənistanda hərbi baza quracağı gözlənilən bir addım idi. Ötən ilin sentyabr ayında sərhəd toqquşması baş verəndən sonra Avropa missiyası Ermənistana gəlmişdi. O zaman gələn missiyanın tərkibində fransız jandarmeriyasının nümayəndələri də var idi. Fransız jandarmeriyası Fransa Müdafiə Nazirliyinin tərkibindəki bir qurumdur. Dolayısı ilə silah ticarətindən öncə fransız hərbçilərin Ermənistana ayağı açılmışdı. Bunun davamının gələcəyini də gözləmək olardı. Təlimlər bir ölkənin ərazisinə girmək üçün həmişə bəhanə olub. Fransızların da təlim adı altında Ermənistana girəcəyi aşkar görünür. Hətta iddialar var ki, Fransa yüksək rütbəli bir zabitini Ermənistan müdafiə nazirinin müşaviri təyin edəcək. Bunu Azərbaycana qarşı istifadə edəcəklər. Rəsmi Bakının etirazının qarşısına isə türkiyəli generalın Azərbaycan müdafiə nazirinin müşaviri olmasını əsas gətirəcəklər. Fransa hərbi bazanı ilk növbədə hərbi təlimçilər, satılan silahların Ermənistan ordusu tərəfindən mənimsənilməsi adı altında həyata keçirəcək. Daha sonra isə bu konkret hərbi baza anlamına gələcək. Fransa NATO ölkəsidir. Ermənistan isə hələ də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Rəsmi İrəvan hələ də təşkilatdan çıxmayıb. Dolayısı ilə bir ölkənin ərazisində bir-birinə daban-dabana zidd qütbün hərbi bazasının olması heç bir məntiqə sığmır. Bu o anlama gəlir ki, Ermənistan seçim etmək məcburiyyətində qalacaq. Rəsmi İrəvan Rusiya hərbi bazasına ehtiyac olmadığını dilə gətirir. Məsələ ondadır ki, həmin baza müqaviləyə əsasən 2044-cü ilə qədər Ermənistanda qala bilər. Rusiyanın həmin tarixə qədər Ermənistandan çıxacağını gözləmirəm. Əksinə, Rusiya Ermənistana qarşı təzyiqləri artıracaq. Ermənistan iqtidarının devrilməsi üçün Rusiya yaxın zamanlarda fəaliyyətə başlaya bilər. Bundan əlavə, hətta Rusiya Ermənistana hərbi müdaxilə də edə bilər. Necə ki, zamanında Gürcüstana bu müdaxilə gerçəkləşmişdi. Fransanın bu regionda qalıcı olacağını düşünmürəm. Çünki Fransanı təkcə Rusiya yox, Türkiyə, Azərbaycan, İran da istəməyəcək. Gürcüstan da Ermənistanda Rusiya Fransa toqquşmasında maraqlı deyil. Belə bir hal yaşanarsa, Gürcüstan da zərər görən ölkələrdən olacaq. Paşinyan bütün varianatlara əl atır ki, Ermənistanı xilas etsin. Çünki indiki məqamda Ermənistan dövlətinin özünün gələcəyi sual altındadır. Ona görə də yanlış və qeyri-adi qərarlar görəcəyik".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR