İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistandakı gizli ABŞ laboratoriyaları ilə bağlı ŞOK DETALLAR: Xəstəliyin mənbəyi...

1963 01.06.2022 09:50 Gündəm A A

Lavrov Ermənistandakı biolaboratoriyalar barədə niyə indi danışdı?

“Ermənistanda ABŞ-ın maliyyələşdirdiyi biolaboratoriyalar var”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RT Arabic” telekanalına müsahibəsində deyib. S.Lavrov bildirib ki, ABŞ tərəfindən maliyyələşdirilən bioloji laboratoriyalar Ermənistan, Qazaxıstan və Mərkəzi Asiya ölkələrində yerləşir. Moskva bu problemi qonşuları ilə həm ikitərəfli əsasda, həm də KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) vasitəsilə müzakirə edir:

“Ermənistanda, Qazaxıstanda və Mərkəzi Asiya ölkələrində belə laboratoriyalar var. Biz həmin ölkələrlə ikitərəfli əsasda və KTMT vasitəsilə bu problemləri nəzərdən keçiririk. Demək olar ki, bütün KTMT ölkələri və digər MDB ölkələri ilə bioloji proqramların necə inkişaf etdiyi barədə qarşılıqlı məlumatlandırmanı nəzərdə tutan bioloji təhlükəsizlik üzrə əməkdaşlıq memorandumları bağlanıb”.

Rusiya XİN rəhbəri qeyd edib ki, şəffaflıq bu proqramların hərbi məqsədlər üçün istifadə edilməməsi baxımından vacibdir. Belə ki, bu, bioloji və toksinli silahların qadağan edilməsi haqqında konvensiya ilə qadağandır: “Bu memorandumlar qarşılıqlı səfərləri və laboratoriyaların fəaliyyəti ilə tanışlığı nəzərdə tutur. Bundan əlavə, həmin bioloji laboratoriyaların heç birində üçüncü tərəfin hərbi nümayəndələri olmamalıdır”.

Lavrov məsələni konkret qoydu və bildirdi ki, Ermənistanda və bir neçə ölkədə ABŞ-ın maliyyələşdirdiyi biolaboratoriyalar fəaliyyət göstərir. Bu arada isə Ermənistanın “Erevan Today” saytında sensasiyalı xəbər yayımlanıb. Sayt iddia edib ki, Vanadzor şəhərində çiçək xəstəliyi yayılıb. “Şəhər sakinləri iri ağcaqanadların yaydığı qəribə çiçək xəstəliyindən danışırlar. Vanadzorda xeyli insan dəhşətli qaşınmalara görə xəstəxanalara müraciət edib. Lakin ölkə hakimiyyəti məsələni ört-basdır etməyə çalışır”, - deyə qeyd edilib.

Xəbərdə vurğulanıb ki, xəstəliyin mənbəyi Batumi küçəsində yerləşən biolaboratoriyadır. Burada hansısa sınaqlar aparılır. Göründüyü kimi, Rusiya Ermənistandakı biolaboratoriyalarda aparılan gizli təcrübələrdən narahatdır və bunu gizlətmir də. Gözlənilir ki, Rusiya yalnız bəyanat verməklə kifayətlənməyə bilər. Rusiya Ermənistandakı bioloji laboratoriyalarla bağlı araşdırma apara bilər. Gizli təcrübələrlə bağlı iddialar doğru çıxarsa, bu, təbiidir ki, çox böyük skandala səbəb olacaq, o laboratoriyalar bağlanacaq. Ermənistanda yayılan xəstəlik isə onu göstərir ki, bu cür gizli təcrübələrə razılıq vermiş İrəvan xalqı deyil, təhlükəli təcrübələr üçün ayrılmış milyon dolları düşünür.

Azər Hüseynov: “Savadlı və hikmətli ruhanilər yetişməlidir”

Azər Hüseynov

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov maraqlı bir təklif irəli sürdü: “Ermənistanda hər hansı bir laboratoriyanın olması haqqında təfsilatlı məlumat təhlükəsizlik orqanlarında ola bilər. Ermənistanın yeni rəhbərliyi Amerika ilə ünsiyyətə girib nələrsə edərsə, Rusiyadan qurtarmaq üçün edə bilər. Bu bir daha onu göstərir ki, Ermənistanın keçmiş hakimiyyəti özünü Rusiyaya elə bağlayıb ki, onun hər addımından rusların xəbəri var. Bu baxımdan Azərbaycan ilk etapda balanslı, İkinci Qarabağ savaşından sonra Türkiyəmeylli siyasət yürütməklə düzgün edib. Bu, böyük güclərin manipulyasiyasının qarşısını alır. Amma son qlobal hadisələr onu deməyə əsas verir ki, virusların həndəsi silsilə ilə artması gizli niyyətlərdən xəbər verir. Bu da haradasa gizli məkanlar tələb edir. İndi Rusiya və Amerika arasında qalmamaq üçün Türkiyə ilə birgə milli görüş və milli nizam siyasətinə malik olmalıyıq. Onsuz da balaca qonşularımız böyüklərin poliqonları olmağa öyrənib. Ermənilər tarixən onsuz da Rusiya və Qərb arasında gedib- gəliblər. Biz buradan dərslər çıxarıb Türkiyə ilə birgə bio və kiber təhlükəsizliyin inteqrasiya edilmiş sistemini qurmalıyıq. Mən bunu təklif edirəm ki, Türkiyə-Azərbaycan inteqrasiya olunmuş bio və kiber təhlükəsizlik sistemi yaradılsın”.

Paşinyan Sərkisyana yaşatdığı taleyi özü də yaşaya bilər - etirazlar  alovlanır

Şəhla Cəlilzadə

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadənin məsələyə baxışı diqqət çəkir: “Bioloji silahlar kütləvi qırğın silahının bir növüdür, bura viruslar, bakteriyalar və müxtəlif yoluxucu xəstəliklərin yaradılması və yayılması daxildir. Bioloji silahdan istifadə 1972-ci ildə qəbul olunan və 1975-ci ildə qüvvəyə minən müvafiq beynəlxalq konvensiya ilə qadağan olunmuşdur. Hazırda bu konvensiyaya qoşulan 184 ölkə var və onu da qeyd edim ki, Azərbaycan bura 2004-cü ildə qoşulub. Məhz 2004-cü ildə BMT TŞ qurumun üzv ölkələrinin kimyəvi, bioloji, radioloji silahlar və nüvə silahı əleyhinə öz qanunvericiliklərini təkmilləşdirmələrini tələb edən və müvafiq silahların istifadəsini qadağan edən Qətnamə (1540 saylı) qəbul etmişdi.

Bütün yerli və beynəlxalq hüquq mexanizmlərinə baxmayaraq dövlətlərin kimyəvi və bioloji tədqiqat laboratoriyalarında aparılan tədqiqat işləri bir çox hallarda ölkədə, hətta ölkə sərhədlərini aşaraq qlobal miqyasda təhlükələrə səbəb olur. Bu təhlükələrdən elə ən sonuncusunun (Covid-19) nəticələrini 2019-cu ildən bəri bütün dünya ən ağır şəkildə yaşayır və pandemiya şəraiti hələ də başa çatmayıb. İndiyədək koronavirusa dünya üzrə 530 milyondan çox insan yoluxub, ölənlərin sayı isə 6,3 milyon civarıdır. Ölkəmizdə pandemiya bitmək üzrə olsa da, məsələn, Cənub-Şərqi Asiyada (Cənubi Koreyada günlük 17 min, Yaponiyada 18 min, Avstraliyada 33 min, Şimali Koreyada 96 min, Tayvanda 80 min üzəri yoluxma ilə) hələ pik nöqtəyə indi çatıb, gedərək canlanmaqdadır. Bu virus ilk yayılmağa başladığı gündən ABŞ Çini bioloji xəstəliyi dünyaya yaymaqda günahlandırmış, Çin isə əksinə, ABŞ hərbçilərinin bu bioloji silahı virusun ilk yayıldığı Uhan şəhərinə gətirdiyini iddia etmişdir.

Rusiya-Ukrayna müharibəsi gedişində rəsmi Moskva Ukraynanın gizli laboratoriyalarında ABŞ və Almaniyanın dəstəyi ilə bioloji silah hazırladığına dair sərt iddialar səsləndirməyə başlamışdır. Hətta keçən aprel ayında Rusiya Ukraynadakı biosilah hazırlanan laboratoriyaların “rəsmi siyahısını” da açıqlamışdır. Rusiya Müdafiə Nazirliyi tərəfindən açıqlanan bu siyahıda Ukraynada ABŞ-a məxsus 30 bioloji laboratoriyanın olduğu və ABŞ-ın bu laboratoriyalardakı tədqiqatlar üçün 32 milyon dollar ayırdığı iddia olunur. Almaniya biosilah ekspertləri belə laboratoriyaların mövcud olduğunu, lakin onların gizli deyil, tamamilə şəffaf fəaliyyət göstərdiyini bildirirlər. Həmçinin mütəxəssislər ABŞ-ın postsovet ölkələrində müvafiq biolaboratiyalarda çalışmasını 1990-cı illərdən bəri “Nunn-Lugar Cooperative Threat Reduction” (Nun-Luqar Birgə Təhlükəsizlik) proqramı çərçivəsində həyata keçirildiyini qeyd edirlər".

Ekspert onu da qeyd etdi ki, Rusiya daim özünün Qərb tərəfindən “çevrələndiyini” iddia edir: “Bugünlərdə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov isə ABŞ-ın Rusiyanı və Çini həm də bioloji laboratoriyalarla ”çevrələdiyini" deyib. Odur ki, Rusiya son günlər demək olar bütün postsovet ölkələrinə bioloji silah laboratoriyaları ilə bağlı təhdid dolu mesajlar göndərir. Qeyd edim ki, may ayının ortasında Azərbaycana da bu təhdidlərdən pay düşüb və DTX bununla bağlı rəsmi açıqlama yayaraq Rusiyanın iddialarını təkzib edib. Azərbaycanda üçüncü ölkələrin maliyyə dəstəyi ilə bioloji silahlar üzrə elmi tədqiqatlar aparan mərkəzlərin fəaliyyət göstərməsi barədə iddialar rədd edilib. Xüsusilə Azərbaycanın regional mövqeyinin gücləndiyi və Brüssel danışıqlarının baş tutduğu ərəfədə ortaya atılan bu uydurma iddia “təzyiq vasitəsi” olaraq da qiymətləndirilə bilər. Lakin bu həm də Rusiyanın real narahatlıqları ilə bağlı da ola bilər. Rusiya müvafiq laboratoriyalarda monitorinq tələbi ilə çıxış edə, yaxud postsovet məkanındakı bioloji laboratoriyaların ortaq monitorinqinin təşkili üçün hər hansı mexanizmin yaradılmasını təklif edə bilər. Azərbaycanın narahatlıq keçirmək üçün səbəbi yoxdur. Milyonları “yumaq” üçün Qərb alətinə çevrilən rəsmi İrəvan narahat olsun. Erməni ekspert Aleksandr Amaryan Ermənistandakı bioloji laboratoriyaları “ölkə əhalisinin ayağı altındakı saatlı bomba” kimi təsvir edərək məsələnin kritik mahiyyətinə eyham vurub. Ermənistanın Lori vilayətində 2007-2008-ci illərdə 25 min donuzda aşkarlanan xəstəlik səbəbi ilə donuzların məhv edilməsi Ermənistan iqtisadiyyatına birbaşa zərbə və bioloji təhdid nümunəsi olaraq qiymətləndirilib. Bu gün Ermənistanda xarici maliyyə ilə çalışan bioloji laboratoriyaların fəaliyyəti ilə bağlı Rusiyanın iddiaları öz təsdiqini taparsa, təbii ki, Rusiya bunu cavabsız qoymayacaq və həmin laboratoriyalar bağlanacaq, eynilə bu proses Ermənistanda 2007-2008-ci il hadisəsinə bənzər hadisələrin təkrarlanması ilə müşayiət oluna bilər".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR