İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda qaldırılan cinayət işi: prezidentlər dəmir yolunu necə “yeyiblər”? - VİDEO

1945 11.05.2022 11:15 Gündəm A A

Horadiz-Mincivan dəmir yoluna dəymiş ziyanın təqribi miqdarı - 12 milyon 350 min ABŞ dolları məbləğindədir

Azərbaycan Vətən müharibəsində qalib gələrək öz torpaqlarını azad etdikdən sonra regional və beynəlxalq əhəmiyyətli layihələrin icrası istiqamətində fəaliyyətini daha da aktivləşdirib. Rəsmi Bakı Ermənistandan keçməklə Naxçıvana, oradan isə Türkiyə və Avropaya yeni bir nəqliyyat dəhlizinin yaradılması üçün ciddi səylər göstərməkdədir: qısa müddətdə Füzuli rayonundan Zəngilan rayonunun Ağbənd qəsəbəsinə qədər həm dəmiryol, həm də avtomobil yolu əlaqəsinin bərpasına başlanıb.

Qeyd edək ki, Azərbaycan sovet dövründə mövcud olan dəmiryol xəttini bərpa etməklə yanaşı, Ermənistan ərazisi ilə avtomobil yolu, həmçinin elektrik enerjisi xətlərinin çəkilməsini də hədəfləyir. Lakin Ermənistan rəhbərliyinin müharibə başa çatandan sonra 10 noyabr bəyanatının kommunikasiyaların bərpa olunmasını nəzərdə tutan müddəalarının icrasına müqavimət göstərməsi nəticəsində proses ləngidi. Azərbaycan Ermənistanın bu təxribatına Şərqi Zəngəzurdan İranla bu ölkənin ərazisi ilə Naxçıvana dəmiryol, avtomobil yolu və elektrik xətlərinin çəkilməsini nəzərdə tutan müqavilə imzaladı. Bundan sonra Ermənistan tərəfi prosesi aktivləşdirərək işçi qrupu yaradıb.

İşçi qrupunun hesablamalarına görə, Azərbaycanın Zəngilan rayonundan Ermənistan ərazisi ilə Naxçıvana gedən 43 km-lik dəmiryol xəttinin tikintisinin 200 milyon dollara başa gələcəyini hesablayıb. Ermənistan hökuməti bu məbləğ üzərindən layihənin hazırlanmasına başlayıb.

Qeyd edək ki, Azərbaycandan Ermənistandan keçməklə Naxçıvana dəmiryol xətti Sovet dövründə çəkilərək, 1993-cü ilədək fəaliyyət göstərib. Ermənistanın Zəngilan, Cəbrayıl, Füzuli rayonlarını işğal etməsindən sonra dəmiryol tamamilə dağıdılıb.

2018-ci ildəki hakimiyyət dəyişikliyindən sonra Ermənistanda Mehri-Qafan dəmiryol xəttinin sökülüb satılması ilə bağlı dövlət əmlakının talanması maddəsi üzrə cinayət işi başlanıb. Arman Davityan adlı erməni dəmiryolçunun AzadlıqRadiosuna dediyinə görə, Mehri stansiyası bir qədər yaxşı vəziyyətdə qalsa da, qalan stansiyalar demək olar ki, tamamilə dağıdılıb: “Müharibə vaxtı (Birinci Qarabağ müharibəsi-red.) belə bura qorunurdu. Blokada vaxtı idi, bütün silah-sursat bu yolla daşınıb gətirilir, buradan da paylanırdı. Müharibədən sonrakı atəşkəs dövründə də silahlar bu yolla daşınırdı. Bura rus sərhədçilərinə məxsus idi”.

Birinci Qarabağ müharibəsi və ondan sonrakı 8 ildə Ermənistanın nəqliyyat naziri işləmiş Henrik Koçinyanın dediyinə görə, 1993-cü ildən etibarən Xankəndindəki separatçılar və Qarabağdakı erməni hərbi birlikləri İrandan gətirilən mazutla təmin olunmağa başlayıb: “Biz İrandan mazutu vaqonlarla gətirirdik Horadizə, oradan maşınlarla daşıyırdıq Stepanakert (Xankəndi-red.) və digər yerlərə. Bundan başqa, İrandan gələn ərzağı da bu yolla daşıyırdıq”.

Lakin sonradan hərbçilərin iştirakı ilə dəmir yolunun sökülüb satılmasına başlanıb. Ətraf kəndlərin sakinləri AzadlıqRadiosuna bildiriblər ki, mülki əhalinin heç vaxt dəmiryol xəttinə yaxın düşməsinə imkan verilməyib, Sovet dövründə də rus hərbçiləri qoruyublar onu. Sonra isə Ermənistanın yüksək rütbəli hərbçilərinin iştirakı ilə yol sökülüb, talan edilib.

Cinayət işinin açılmasından 4 il keçsə də, heç kim cinayət məsuliyyətinə cəlb olunmayıb. Bu müddətdə çoxsaylı yüksək rütbəli zabitlər, hətta keçmiş Ermənistan prezidenti Serj Sərkisyan da dindirilib. İstintaq komitəsinin rəhbəri Vartan Tatevosyanın dediyinə görə, dindirilənlər arasında Zaqafqaziya Dəmiryolu Qapalı Səhmdar Cəmiyyətinin üzvləri də olub: “İstintaq zamanı üzə çıxarıldı ki, söküntüdə hərbçilər iştirak edib”.

Cinayət işi üzrə araşdırma hələ də davam edir. İstintaq Komitəsinin məlumatına əsasən Ermənistan dəmiryolları 2008-ci ildə Rusiya Zaqafqaziya Dəmiryolu Şirkətinin tabeliyinə verilib. Təhvil-təslim aktında Mehri-Qafan yolunun bütün əmlakı 250 min dollar dəyərində qiymətləndirilib. Təhvil prosesindən 2 il sonra dəmiryol tamamilə sökülüb.

İrəvan-Bakı dəmiryolunun Mehri-Qafan hissəsi necə talan edilib? — Fotolar

Zaqafqaziya Dəmiryol İdarəsi AzadlıqRadiosunun suallarını cavablandırmayıb. 2010-cu ildə idarənin sədri olmuş Şevket Saydurin Mehri-Qafan yolunun Ermənistan hökumətinin qərarı əsasında söküldüyünü açıqlayıb. Lakin rəsmi dərc olunan qərarlar arasında belə bir qərar tapılmayıb. Ermənistan Dövlət Televiziyası isə dəmir yolunun Ermənistan Müdafiə Nazirliyinin birbaşa iştirakı ilə 2003-cü ildə söküldüyünə dair sənəd əldə edib. Sənəddə göstərilir ki, 2003-cü ilin oktyabrında müdafiə nazirinin müavini Yuri Xaçaturov şirkət rəhbəri Azad Qasparyanla 30 min metrlik dəmir yolunun sökülməsinə dair müqavilə imzalayıb. A.Qasparyan radionun əməkdaşına söküntünü onun şirkətinin apardığını təsdiq edib: “Mən relsləri görəndə onlar artıq sıradan çıxmışdı. İndiyə qalsaydılar da, bir işə yaramayacaqdılar. Bəzi hissələri biz gedənədək söküb aparmışdılar”.

Müqaviləyə əsasən Müdafiə Nazirliyi Sünikdən keçən dəmir yolunun sökülməsi üçün hər 15 metrə görə 10670 dram - Azərbaycan manatının indiki məzənnəsi ilə təxminən 40 manat - ödəyib. Sənəddə sökülən hissənin uzunluğu 31 km göstərilib. Qalan 12 km-lik hissəsinin necə olduğu bilinmir. Müdafiə Nazirliyi dəmir yolunun onların mülkiyyətinə necə keçdiyini izah edə bilməyib. Məlum olan budur ki, dəmir yolu sökülməzdən 2 ay əvvəl Y.Xaçaturov relslər üçün müştəri də tapıbmış: Kacaran mis kombinatına 1 tonu 160 dollardan. Ümumilikdə, kombinat 2 min ton relsə görə 320 min dollar ödəyib. Ermənistan Müdafiə Nazirliyində bu vəsaitin taleyinin necə olduğunu da açıqlaya bilməyiblər.

Cinayət işinin istintaqı zamanı 2016-2018-ci illərdə müdafiə naziri olan Seyran Ohanyan da dindirilib. Lakin  o, bu mövzuda danışmaqdan imtina edib. Keçmiş baş nazir Aram Sarkisyan isə hökumətə rəhbərlik etdiyi 1999-2001-ci illərdə Mehri-Qafan dəmir yolunun tamamilə dağıdılımış olduğunu deyib. Sabiq baş nazir bu işdə keçmiş prezident Robert Köçəryan və hərbi elitanın günahkar olduğunu deyir.

Bir daha qeyd edək ki, haqqında bəhs edilən dəmiryol xətti Azərbaycanın balansında olub. Tikildiyi gündən yola nəzarəti SSRİ ordusu həyata keçirib, bilet satışı da bilavasitə Azərbaycan dəmir yolu tərəfindən aparılıb. Bu halda Ermənistan Müdafiə Nazirliyinin faktiki olaraq Azərbaycana məxsus əmlakı taladığı aydın olur. Ümumiyyətlə, Ermənistan işğalı altında olan Azərbaycan ərazilərindəki bütün dəmiryol təsərrüfat dağıdıb. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən açıqlanan məlumata əsasən erməni təcavüzü nəticəsində Azərbaycan Dəmir Yolunun 240,4 km sahəsi işğal altına düşüb:  Horadiz-Ordubad sahəsi üzrə 144 km. (o cümlədən Mehri rayonu üzrə 43, 4 km), Mincivan-Qafan sahəsi üzrə 39,1 km, Təzəkənd-Xankəndi sahəsi üzrə 51,0 km, Qazax-Barxudarlı sahəsi üzrə 6,3 km.

Bu talan nəticəsində dəmir yolu təsərrüfatlarına təxminən 45 milyon 60 min ABŞ dolları məbləğində ziyan dəyib. Təsərrüfatlar üzrə dəyən ziyanın məbləği aşağıdakı kimidir:

Lokomotiv təsərrüfatı üzrə - 1992-ci ilin aprel ayından Mincivan dövriyyə deposu tamam dağıdılıb. Depoda olan 10 ədəd müxtəlif markalı teplovoz blokadada qalıb, təqribən 14 milyon ABŞ dolları həcmində ziyan dəyib.

Vaqon təsərrüfatına dəyən ziyanın təqribi miqdarı - 4 milyon 860 min ABŞ dolları məbləğindədir.

Horadiz-Mincivan-Qafan-İmişli stansiyalarında olan vaqonların texniki-müayinə məntəqələri (TMM), cari təmir sexləri, qaldırıcı mexanizmlər, vaqonların təmiri üçün xüsusi dalan yolları, xeyli miqdarda yük vaqonları və sairə texniki avadanlıqlar dağıdılıb.

Yol təsərrüfatı üzrə dəyən ziyanın miqdarı - 10 milyon 250 min ABŞ dolları təşkil edir. Bura daxildir: istehsal gücü 200 min kub olan çınqıl zavodu, yol distansiyalarının emalatxanaları, drezinləri, qaldırıcı qurğuları, ağır maşın-mexanizmləri, inzibati binaları, yoldəyişdirici qurğuları, müxtəlif tipli relslər, böyük və orta körpülər, tunellər, qalereyalar, keçidlər və s. avadanlıqlar.

Daşıma Proseslərini İdarəetmə Birliyi üzrə işğal olunmuş stansiyalara Horadiz-Mincivan sahəsində dəymiş ziyanın təqribi miqdarı - 12 milyon 350 min ABŞ dolları məbləğindədir.

Rabitə və İşarəvermə, Enerji təchizatı təsərrüfatlarının Horadiz-Mincivan sahəsində dəymiş ziyanın təqribi miqdarı - 3 milyon 600 min ABŞ dolları təşkil edir. Bura daxildir: 80 km. ikixətli xüsusi markalı kabellər, avtomatik bloklama sistemləri, rabitə və teleqraf qurğuları, yerli ATS, dispetçer mərkəzləşdirmə qurğusu, Mincivan-Bartaz , Mincivan-Xurama sahələrində olan birxətli avtomatik bloklama sistemləri, Mincivan-Zəngilan sahəsində rele yarımavtomat bloklama sistemi.

Ermənistanda qaldırılan cinayət işi Azərbaycana məxsus əmlakın talanmasının rəsmi təsdiqidir. Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, işğal zamanı dəyən zərərin ödənməsi üçün Ermənistana qarşı təzminat davası açılacaq. Ona qədərsə Azərbaycan dağıdılmış dəmiryol təsərrüfatının bərpasına başlayıb. Belə ki, Prezidentin müvafiq sərəncamları ilə Bərdə-Ağdam, Horadiz-Ağbənd dəmir yolu xətlərinin yenidən qurulması və Füzuli-Şuşa yeni dəmir yolu xəttinin inşasına start verilib. Bərdə-Ağdam dəmir yolu xəttinin ox üzrə uzunluğu 47,1 kilometrə bərabərdir. Layihə çərçivəsində birxətli dəmir yolu xətti üzrə hazırda fəaliyyətdə olan Bərdə və Köçərli stansiyaları təmir edilir, Təzəkənd və Ağdam stansiyaları isə yenidən tikiləcək.

Prezident İlham Əliyev tərəfindən ötən ilin  fevralında təməli qoyulan Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 kilometrə bərabərdir. Birxətli dəmir yolu 8 stansiyadan ibarət olacaq, həmçinin layihə çərçivəsində ümumilikdə 300-ə yaxın süni mühəndis qurğusunun tikintisi planlaşdırılır. Horadiz stansiyası ilə yanaşı, digər yeddi stansiya - Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Mincivan, Bartaz və Ağbənd tamamilə yenidən tikiləcək.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR