İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda “Danabaş kəndinin əhvalatları”: “artsax” xortlayacaq

2743 15.03.2024 11:35 Siyasət A A

Məlumatlara görə, Ermənistanın baş naziri Nikol Paşinyan da bu cəfəng prosesə dəstək verir

Məhv olmuş və tarixin zibilliyinə atılmış qondarma “artsax”ı “xortlatmaq” üçün Ermənistanda fəal işlər aparılır. Məlumatlara görə, Ermənistanın baş naziri Nikol Paşinyan özü də bu cəfəng prosesə dəstək verir. Artıq keçmiş “artsax”ın “rəhbərliyi” də Qərbdə əlaqələr qurmaq üçün axtarışlara baş vurur, hətta xarici ölkələrdə yeni təmsilçiliklər açmağı planlayır. Bildiyimiz kimi, İrəvanın mərkəzində, Fransa meydanında “artsax bayrağını” endirmişdilər, iki-üç gün qabaq onu yenidən bərpa ediblər və sair. 

Qeyd edək ki, Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror əməliyyatından sonra qondarma “artsax”ın özünü buraxması barədə “fərman” imzalanıb. Bir müddət əvvəl Samvel Şahramanyan özünün 28 sentyabr 2023-cü il tarixli “fərman”ını ləğv edib.

 O, sözügedən “fərman”ın ləğvi barədə “qərar”ı 2023-cü il dekabrın 10-da imzalayııb və bir nüsxəsini Ermənistanın baş naziri Nikol Paşinyana göndərib.

Rəsmi İrəvan artıq Samvel Şahramanyana qeyri-ciddi fiqur kimi yanaşır, onun “hərəkətlər”inə ciddi reaksiya vermir.

Ekspertlərə görə, hazırkı şəraitdə Ermənistanda revanşist əhval-ruhiyyənin güclənməsinə, vaxtilə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış oyuncaq rejimin başçılarının yenidən baş qaldırmasına bir neçə amil təsir göstərir. Bunların içərisində xarici amillər xüsusi yer tutur. Qafqazda öz nüfuzunu, təsirini qoruyub saxlamağa çalışan xarici güc mərkəzləri, xarici dövlətlər, eyni zamanda ermənilər və Ermənistan vasitəsilə Qafqaz regionuna daxil olmağa çalışan xarici dövlətlər müxtəlif formalarda bu revanşist əhval-ruhiyyədən, bu proseslərdən faydalanmağa çalışırlar. İstisna deyil ki, Ermənistanda hazırda revanşist əhval-ruhiyyənin yüksəlməsinə, həmçinin vaxtilə Qarabağda mövcud olmuş oyuncaq rejimin təmsilçilərinin yenidən dirilməsinə xarici ölkələr də dəstək göstərir.

Bəhruz Məhərrəmov: Avropa institutları özlərini ifşa edir

Bəhruz Məhərrəmov

Deputat Bəhruz Məhərrəmovun sözlərinə görə, Ermənistanda separatçılara yenidən meydan verməklə Paşinyan “Qarabağ erməniləri” kartından Azərbaycana qarşı təsir rıçağı kimi istifadə etmək istəyir: “Görünən odur ki, Ermənistan hələ də nəzarətində saxladığı anklav və qeyri-anklavlardan ibarət Azərbaycan kəndlərinin qaytarılması, habelə sülh müqaviləsinin imzalanması üçün heç bir əngəlin qalmaması fonunda süni maneələr formalaşdıraraq dayanıqlı sülhün yolverilməzliyi barədə Qərbin, xüsusən Parisin direktivlərini icra edir. Məlumdur ki, Paşinyan iqtidarı həm antiterror tədbirləri zamanı, həm də sonrakı dövrdə bir müddət öncəyə qədər Qarabağ iqtisadi rayonundan könüllü şəkildə köçən erməni əsilli sakinlərə, yaxud Ermənistan vətəndaşlarına münasibətdə təmkinli davranır və bu da ümumi sülh prosesində özünün müsbət təsirini göstərirdi. Hətta 2023-cü ilin 20 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev antiterror əməliyyatlarında Zəfərimizlə əlaqədar xalqa müraciətində də qeyd etmişdi ki, ”Ermənistan bu dövr ərzində - dünən, bu gün deyə bilərəm ki, gözlənilmədən siyasi səriştə göstərib və biz bunu qiymətləndiririk. Bunu önəmli amil kimi görürük və hesab edirəm ki, dünən və bu gün baş vermiş hadisələr, eyni zamanda Azərbaycanla Ermənistan arasında gedən sülh prosesinə də müsbət təsir göstərəcək".

Lakin Fransanın pozuculuqla İrəvanı sülhdən yayındırmağı bacarması prosesi demək olar ki, yarımçıq qoydu.

Ümumiyyətlə, 30 illik münaqişə tarixində proseslərin gedişatını təhlil etdikdə çoxsaylı təkzibedilməz faktlar deməyə əsas verir ki, vasitəçilik missiyası altında pərdələnən Qərb Azərbaycan və Ermənistan arasında münaqişəli vəziyyətə, habelə Azərbaycan ərazisində separatizmin mövcudluğuna regiona təsir rıçağı kimi baxır və mümkün qədər beynəlxalq hüququn normalarında əksini tapan prinsiplərə zidd olan həmin status-kvonu qorumaq, Azərbaycanı isə bu reallıqla barışdırmaq istəyirdi. Lakin Vətən müharibəsi və antiterror tədbirlərindəki zəfərlərin ardınca Ermənistan və havadarları işğal və separatizm rıçaqlarından məhrum oldular. Həmin dövrdən etibarən Azərbaycan əleyhinə kampaniyalara başlandı, hətta BMT Təhlükəsizlik Şurasında Azərbaycan təcavüzkar kimi qələmə verilməyə çalışıldı. Eyni zamanda Azərbaycan daxilində Qərbin maliyyə dəstəyi ilə formalaşan QHT və media subyektləri milli maraqlarımız əleyhinə aktivləşdirildi. Lakin Azərbaycan bu təzyiqləri neytrallaşdırmağa və qarşısını almağa nail oldu. Belə olan halda, bu gün Ermənistan və havadarları keçmiş xunta rejiminin funksionerlərinə qüdrətli və qalib Azərbaycan qarşısında istifadə edə biləcəyi yeganə element kimi baxırlar. Lakin İrəvan unutmamalıdır ki, Azərbaycanın mövqeyi beynəlxalq hüquqa əsaslanır və əgər İrəvan heç bir əsas olmadan  separatizmə ləyaqətli qayıdış hüququ çərçivəsində don geyindirmək istəyirsə, yanılır. Ermənistan, yaxud onun havadarları Qərbi Azərbaycan irsinin məhv edilməsi, soydaşlarımızın öz yurdlarına qayıtmasını mümkünsüz edən situasiyaya aydınlıq gətirmədən Azərbaycan və Ermənistan arasında bu yöndə heç bir məsələ müzakirə oluna bilməz. Ona görə də Paşinyan hakimiyyəti separatçı rejimin tör-töküntülərinə İrəvanda meydan verilməsinin ağır nəticələri barədə düşünməli, qərbi azərbaycanlıların haqlarının bərpası üçün Azərbaycan dövləti tərəfindən bütün mümkün tədbirlərin görüləcəyini yaddan çıxarmamalıdır".

Generalın İslamabad səfərinin pərdəarxası

Rəşad Bayramov

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov burada Rusiyanın rolunu yüksək görür: “Qondarma rejimi diriltmə cəhdləri bir neçə amillə bağlıdır. Bunlardan birincisi daxili amildir və özündə hakimiyyət uğrunda mübarizəni ehtiva edir. Qarabağ kartından hər zaman hakimiyyət uğrunda mübarizədə istifadə edən Köçəryan, Sərkisyan kimiləri revanşist əhval-ruhiyyədən istifadə edərək "artsax" mövzusunun daim gündəmdə qalmasını istəyirlər. Elə 28 sentyabr 2023-cü ildə “artsax”ın özünü buraxması barədə qondarma qurumun başçısı Samvel Şahramanyanın imzaladığı fərmanın üstündən heç üç ay keçməmiş dekabr ayının 10-da onun özü tərəfindən ləğv edilməsində də bu qüvvələrin rolu danılmazdır. Təbii ki, bu məsələdə Rusiyanın da böyük rolu var. Separatizmdən daim geosiyasi alət kimi istifadə edən Rusiya qondarma qurumun fəaliyyətini bərpa etməsinə həm Paşinyana təzyiq imkanı kimi, həm də Qarabağ ermənilərinin geri qayıdışını stimullaşdıracaq qüvvə kimi baxır. Rusiya düşünür ki, ermənilərin Qarabağa qayıdışı “sülhməramlı” kontingentin ömrünü uzatmaq üçün ən real imkandır. 

Bunu başa düşən Paşinyan hakimiyyəti isə birincisi, əleyhdarlarının əlinə əlavə imkanlar verməmək, ikincisi isə bu kartdan beynəlxalq tribunalarda istifadə etmək üçün prosesə dəstək verir. İrəvanın mərkəzində, Fransa meydanında bir neçə ay qabaq endirmiş “artsax bayrağı”nın yenidən bərpa edilməsi də bunun ən bariz sübutudur. Digər bir amil həm xaricdə olan erməni diasporu, həm də Ermənistanın havadarı olan Fransa kimi dövlətlərlə bağlıdır. Bu qüvvələr indiki vəziyyətdə beynəlxalq müstəvidə Azərbaycana qarşı yeni təzyiq imkanları əldə etmək üçün separatizmi yenidən alovlandırmağa çalışırlar. 

Həm Rusiyanın, həm də Fransanın məqsədi təbii ki, sülh prosesini tormozlamaqla bağlıdır. Rusiya üçün Azərbaycanla Ermənistan arasında gərgin münasibətlər region ölkələrinə təsir imkanlarını saxlamaq üçün vasitə olduğu kimi, Fransa üçün də özünün Cənubi Qafqaz maraqlarını təmin etmək üçün vasitədir".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR