İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistana qarşı daha bir məhkəmə-təzminat tələbi

656 01.03.2023 08:00 Siyasət A A

Şəhla Cəlilzadə: “Ermənistana qarşı hələ çox iddia qaldıracağıq”

27 fevral 2023-cü il tarixində Azərbaycan Enerji Xartiyası Müqaviləsinə uyğun olaraq, Ermənistana qarşı dövlətlərarası arbitraj prosesini başladıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan tərəfi Ermənistana təqdim edilmiş Arbitraj Bildirişində 1991-ci ildən 2020-ci ilə qədər Ermənistanın ərazilərimizin 30 ilə yaxın qanunsuz işğalı dövründə Azərbaycanın enerji resursları üzərində suveren hüquqlarını pozduğuna görə Ermənistandan təzminat və maliyyə kompensasiyası tələb edib.

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə ekspert Şəhla Cəlilzadə “Yeni Müsavat”a bildirdi ki, İkinci Qarabağ müharibəsində qazandığımız şanlı Qələbədən sonra ölkəmizə qarşı dünya erməniçiliyi tərəfindən geniş hibrid hücum kampaniyası başladılıb: “Burada Azərbaycana qarşı saxta və yalan xəbərlər yaymaqla, informasiya manipulyasiyası etməklə dünya ictimaiyyətinin fikrinin və rəyinin yönləndirilməsi, müxtəlif üsullarla regional və beynəlxalq qurumlarda anti-Azərbaycan qətnamələrin qəbul etdirilməsi, o cümlədən beynəlxalq məhkəmələr vasitəsilə ölkəmizə qarşı iddia qaldırıb, müvafiq hüquqi baza yaradılması qeyd edilə bilər. Burada xüsusilə SLAPP kampaniyaları vurğulana bilər. İctimai İştirakçılığa Qarşı Strateji Məhkəmə İddiaları (Strategic Lawsuit Against Public Participation) olaraq adlanan SLAPP öz maraqları naminə ictimai şəxslərin, təşkilatların qorxudulması, susdurulması üçün istifadə edilən hüquqi təqib formasıdır. Azərbaycan nümunəsində isə hədəf dövlətdir - qlobal erməniçiliyin çoxşaxəli ambisiyaları naminə hədəfə alınan Azərbaycan dövləti. II Qarabağ müharibəsindən sonra Ermənistanın Azərbaycana qarşı qaldırdığı məhkəmə iddiaları tam olaraq bu kampaniya çərçivəsində nəzərdən keçirilə bilər. Bu baxımdan, Beynəlxalq Ədalət Məhkəməsində (BƏM) Ermənistanın Azərbaycana qarşı 2021-ci ilin sentyabrında qaldırdığı "İrqi ayrı-seçkiliyin bütün formalarının qadağan olunması haqqında" beynəlxalq konvensiyanın guya ölkəmiz tərəfindən pozulmasını iddia edən məhkəmə proseduru bu baxımdan ilkin nümunə təşkil etmişdi. BƏM 7 dekabr 2021-ci il tarixində bu haqda qərar çıxarmış və Azərbaycanı irqi ayrı-seçkiliyə son verməyə, nifrət nitqini yaymamağa, erməni əsirlərə qarşı zorakılığa son verməyə, erməni mədəni irsini qorumağa çağırıb.

Qoca Baydenin yeni sayıqlaması - “Dağlıq Qarabağ xalqı”...

Şəhla Cəlilzadə

Buna cavab olaraq Azərbaycan da eyni iddia ilə çıxış etmiş və BƏM eyni tarixdə çıxardığı qərarda Ermənistanı da irqi ayrı-seçkiliyə və nifrət nitqinə son verməyə çağırıb. Bu, ilkin mərhələdə beynəlxalq hüquq yarışında 1=1 nəticə sayıla bilər. Ermənistan növbəti dəfə BƏM-ə Laçın yolunda ekoaktivistlərimizin aksiyaya başlamasından sonra 2023-cü ilin fevralında müraciət edib. Dünyaya bunu guya Azərbaycan tərəfindən Qarabağ ermənilərinə qarşı “soyqırım aktı” olaraq təqdim etməyə çalışan və müvafiq aksiya ilə guya Azərbaycanın bölgəni blokadaya aldığını iddia edən Ermənistan budəfəki məhkəmədə qalib gəldiyini düşünür. Belə ki, məhkəmə qərarına görə, Azərbaycan Laçın dəhlizindən insanların, nəqliyyat vasitələrinin və yüklərin sərbəst hərəkətini təmin etməlidir. Lakin vurğulanmalıdır ki, Laçın yolundan silahların, xüsusi agentlərin keçməsinə izn verilməsi qərarda vurğulanmır, insanların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə isə dövlətimiz onsuz da şərait yaradır. Bu iddiaya qarşı Azərbaycan daha bir məhkəmə iddiası qaldırıb. Növbəti iddia, Ermənistanın Laçın yolundan istifadə etməklə Azərbaycan ərazilərində mina basdırması ilə bağlı idi. Bu iddiaya dair 22 fevral 2023-cü il tarixində BƏM tərəfindən müvafiq qərar çıxarılmış və Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddialar əsaslı faktlar olmadığı üçün rədd edilib. Odur ki, ikinci mərhələdə beynəlxalq hüquq yarışında nəticənin 2=1 olduğu təəssüflə qeyd edilə bilər. Lakin təbii ki, Azərbaycan 30 ildir işğala, 1 milyonadək vətəndaşımızın sürgün olunması ilə müşayiət olunan etnik təmizləməyə, o cümlədən öz torpaqlarında ekoloji terrora məruz qalan dövlət olaraq, Ermənistana qarşı hələ çox iddia qaldıracağıq. Bunlardan növbətisi isə məhz Enerji Xartiyası Müqaviləsinə əsasən Ermənistana qarşı qaldırılan ekoloji terrorla bağlı iddia olacaq".

Ekspert bir vacib məqama da toxundu: “Burada vurğulanması gərəkən xüsusi məqam Naxçıvanın 30 ildir Ermənistan tərəfindən blokadada saxlanması faktıdır. Burada Naxçıvanla Azərbaycan arasında birbaşa yolun Ermənistan tərəfindən kəsilməsi, o cümlədən Naxçıvana ölkəmizdən enerji təchizatının dayandırılması faktları vurğalanacaq. 20-30 min nəfər erməninin dekabrın 12-sindən bəri guya blokadada qaldığına görə bütün dünyanı ayağa qaldıran, beynəlxalq tribunalardan geri çəkilməyən ermənilərə qarşı 30 ildir blokadada saxladıqları Naxçıvan faktını qabartmaqda hələ gec qalmışıq. Amma gec olsun, güc olsun. Hələ 2012-ci ildə ölkəmizlə İran arasında ilk dəfə münasibətlər kritik həddə çatandan sonra Naxçıvanın iki açıq sərhədindən (biri Türkiyə ilə, digəri İranla) biri bağlanmış və muxtar respublikada enerji kəsintisi gərgin vəziyyət yaratmışdı. Hazırda İranla Ermənistan arasında artan əməkdaşlıq, İrandan Naxçıvana dair iddiaların səslənməsi bölgənin təhlükəsizliyini bir daha təhdid edir və bütün bunlar Ermənistanın Naxçıvanla Azərbaycanı quru yolla birləşməyə izn vermədiyinə görə baş verir. Təbii olaraq, Ermənistanın ekoloji terrorunun Naxçıvanda doğurduğu nəticələr də vurğulana bilər. Araz çayı Gümrüdən başlayaraq, Naxçıvana qədər olan ərazidə Ermənistanın daxilindəki 10-dan çox sənaye şəhəri məişət və sənaye tullantıları ilə çirkləndirilir. Ermənistanda Araza qovuşan Gedərçay, Vorotan, Axuryan çayları son dərəcə zəhərlənməyə məruz qalıb. Hətta Ermənistan ərazisində Zəngəzur Mis və Molibden Kombinatının tullantılarının 1,5 km torpaq ərazisi boyu kənd təsərrüfatı torpaqlarını zəhərlədiyinə dair ermənilərin özü həyəcan siqnalı qaldırıblar, bir də bu zəhərli tullantıların Araz boyu Azərbaycan ərazilərinə axıdılması var. Bütün bunlar mütləq şəkildə yerli və beynəlxalq ekspert qruplarının iştirakı ilə araşdırılmalı, müvafiq qaydada beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalı, məhkəmə iddiası ilə problemin beynəlxalq hüquqi çərçivədə dünya tərəfindən qınanmasına çalışılmalıdır. Maraqlıdır ki, məhz bu amilləri nəzərə alaraq Ermənistan "Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsinə və istifadəsinə dair" 1992-ci il tarixli Helsinki Konvensiyasına da qoşulmaqdan boyun qaçırır. Ermənistanı mümkün bütün hüquqi mexanizmlərlə öz öhdəliklərini yerinə yetirməyə vadar etmək lazımdır. Ümidvarıq ki, BƏM-in erməni əsilli və ermənipərəst hakimləri, başda məhkəmənin erməni əsilli vitse-prezidenti Kirill Gevorkyan olmaqla məsələyə “erməni gözü” ilə deyil,  “ədalət gözü” ilə baxacaqlar. Əks təqdirdə, BƏM beynəlxalq qərəz məhkəməsi təsiri bağışlayacaq".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR