İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan sərhədində görüşlə bağlı YENİ TƏFƏRRÜATLAR

5848 02.04.2023 17:50 Son xəbər A A

Ordumuz tutduqları mövqelərdən geri çəkilməyə razı  olmayıb və danışıqlar nəticəsiz bitib  

Ermənistan-Azərbaycan sərhədində iki ölkənin nümayəndələri arasında aprelin 1-də keçirilmiş görüşün bəzi yeni təfərrüatları bəlli olub.

Qeyd edək ki, xəbəri ilk olaraq Ermənistan Milli Təhlükəsizlik Xidməti yayıb.  “Tex-Kornidzor sahəsində Ermənistan və Azərbaycan nümayəndələrinin iştirakı ilə görüş olub, sərhədin dəqiqləşdirilməsi üzrə işlər aparılıb, nəticədə bu sahədə vəziyyət xeyli yaxşılaşıb. Hazırda işlər davam edir, nəticələr  barədə ictimaiyyətə əlavə məlumat veriləcək" deyə, məlumatda bildirilirdi. 

Məlumdur ki, martın 30-da Azərbaycan ordusu sözügedən istiqamətdə bir sıra yüksəklikləri tutub, mövqeləri təchiz edib və Ermənistanla şərti sərhəd sahəsini nəzarətə götürüb. İndiyədək Azərbaycanın hərbi mövqeləri müəyyən məsafədə idi, çünki bu istiqamətdə erməni tərəfi Texdən Laçın dəhlizinin yeni trasına  (2022-ci ilin avqustunda istismara verilib) qədər olan yoldan istifadəyə davam edirdi. Hazırda Ermənistan Kornidzor kəndindən bu magistrala gedən yolun özünə aid hissəsini tikib. 

d27998a8b148a57d87e2a8f367c3a4c1.jpg (51 KB)

"Hraparak" qəzeti yerli mənbələrə istinadən yazıb ki, sərhəddəki danışıqlarda Rusiya sülhməramlılarının nümayəndələri də iştirak edib. Ermənistan tərəfdən danışıqları Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan aparıb. Erməni nəşri yazır ki, Abazyan azərbaycanlıları bu günlərdə tutduqları mövqelərdən “Dostluq abidəsi”nə qədər geri çəkilməyə razı salmağa çalışıb. Lakin danışıqlar nəticə verməyib və azərbaycanlılar öz mövqelərində qalıblar. 

Maraqlıdır ki, Azərbaycan tərəfi hələ də görüş barədə rəsmi məlumat verməyib.

Ermənistanda isə Azərbaycanın öz sərhədləri çərçivəsində mümkün sərhəd postu qurmasından ciddi narahatlıqlar başlayıb. "Hayastan" parlament fraksiyasının deputatı Qeqam Manukyan  bir gün əvvəl Tex kəndində olub.  

Azərbaycanla razılaşmalar olması barədə  iddiaları şərh edən Qeqam Manukyan deyib ki, ortada belə bir sənəd  yoxdur: “Azərbaycanla razılaşma hansı formatda olub, yazılı, yoxsa şifahi bu bilinmir. Sərhədin demarkasiyası və delimitasiyası üzrə birgə Ermənistan-Azərbaycan komissiyası olsa da, onun işindən də heç kimin xəbəri yoxdur.  Ermənistanın Sərhəd Qoşunları daha zəif maddi-texniki təchizat, zəif texnikası var.  Azərbaycan isə 2010-cu illərin ortalarından etibarən  sərhəddə bu işi geniş texniki təchizata malik döyüş bölmələri olan sərhəd qoşunlarına həvalə edib. Ermənistan niyə zəif texniki təchizatı olan Sərhəd Qoşunlarını ora yerləşdirir, bilinmir.”  

 Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan da  yeni yolda, Ermənistan-Azərbaycan sərhəddində post qurmasından narahatlığını dilə gətirib. O deyib ki, bu yolla Qarabağ ermənilərinə təzyiqləri daha da artıracaq.  

Orxan ƏLİYEV, 
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR