İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Rusiya qarşısında geri çəkildi - RF-ni məhkəməyə verməyəcəklər

463 05.12.2023 09:13 Siyasət A A

Ermənistan tədarük olunmayan silahlara görə Rusiyanı məhkəməyə verməkdən imtina edib. APA xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirinin müavini Qraçya Sərkisyan dekabrın 4-də parlamentdə keçirilən brifinq zamanı jurnalistlərə bildirib.

Sərkisyan qeyd edib ki, Ermənistan tədarük olunmayan silahların pulu qaytarılmadığına görə Rusiyanı məhkəməyə verməyəcək. Onun sözlərinə görə, yaranmış problem qarşılıqlı tərəfdaşlıq şəraitində həll edilməlidir: “Silah tədarük olunmamasına baxmayaraq, məsələ məhkəməyə qədər gedib çıxmayacaq”.

Qeyd edək ki, Ermənistan son aylarda Rusiyanı pulu ödənilmiş silahları tədarük etməməkdə günahlandırır və ya silahların tədarükünü, ya da pulun geri qaytarılmasını, ən pis halda Ermənistanın Rusiyaya olan dövlət borclarından silinməsini tələb edirdi. Bu variantlardan biri reallaşmayacağı halda Rusiyanı beynəlxalq məhkəmə ilə hədələyərdi. Bu ilin oktyabrında hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Andranik Köçəryan bəyan etmişdi ki, Ermənistan Rusiyadan dəyəri ödənilmiş silahların tədarükünü gözləyir. Silahların çatdırılacağı tarixə gəlincə isə Köçəryan bəyan etmişdi ki, hər bir müqavilədə həm çatdırılma üçün son tarix, həmçinin silahların tədarükü gecikəcəyi təqdirdə nəzərdə tutulan sanksiyalar öz əksini tapıb.

24 noyabrda isə baş nazir Nikol Paşinyan Moskvanın İrəvana silah tədarükünü gecikdirməsi barədə açıqlama vermişdi. Paşinyan hazırda problemin həlli üçün hansı mexanizmlərdən istifadə oluna biləcəyi ilə bağlı müzakirələrin aparıldığını qeyd etmişdi. Versiyalardan biri kimi, Ermənistanın Rusiyaya olan borcunun həmin məbləğdə (400 milyon dollar) azaldılması səsləndirilib.

Rusiya isə bugünəcən Ermənistanın tələblərini vecinə almadığını nümayiş etdirir. Rusiya Ermənistanın pulunu ödədiyi silahları İrəvana göndərmir və bununla da Ermənistanı saya salmadığını nümayiş etdirir. Ermənistan müdafiə nazirinin müavininin Rusiyanı məhkəməyə verməyəcəklərini açıqlaması isə İrəvanın cəsarətsizliyinin, Rusiyadan qorxduğunun  təsdiqidir. Ermənistan anladı ki, silah məsələsinə görə Moskvanı hədələmək işə yaramır. 

Ermənistanla Rusiya arasında silah qalmaqalı

Rövşən Məhərrəmov

Bu barədə “Yeni Müsavat”a danışan hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov bildirdi ki, 2020-ci ildə 44 günlük müharibədən bir müddət sonra da silah məsələsi qaldırılmışdı. Ermənistanın baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, Rusiyadan silah almaq üçün öncədən vəsait ödəmişik, ancaq Rusiya həmin silahları göndərmir. Rusiyadan isə belə bir cavab verilmişdi ki, ödənilən vəsaitin dəyərində silahları 44 günlük müharibədə Ermənistana tədarük etmişik. Hətta bildirilmişdi ki, həmin silahlar Ənzəli sərhəd nəzarət-buraxılış məntəqəsi vasitəsilə Ermənistana göndərilib: “Bu məsələ 2021-ci ilin ortalarında qalxmışdı. Bir müddət sakitlik yaransa da bu ilin ortalarından başlayaraq İrəvan yenidən silah tədarükü məsələsini Rusiya qarşısında sərt şəkildə qaldırdı. Ermənistan hökuməti Rusiyanın hələ o zaman verdiyi cavabı yetərli saymadığını açıq bəyan edirdi. İrəvan Rusiyanın 44 günlük müharibədə onlara verdiyi silahları sanki pay olaraq qəbul edirmiş. Ona görə də hələ də Rusiyadan pulunu ödədiyi silahları tələb edir. Pulu öncədən ödənilən silahların hansı növ silahlar olması barədə isə tərəflərin açıqlamalarında indiyə qədər konkret fikir ifadə olunmayıb. O da mümkündür ki, həmin silahlar Rusiya ilə müqavilədə qeyd olunan silahlar deyil. Ona görə də Ermənistan silah tədarükü məsələsində dirəşirdi.  Ermənilər rusların onlara pulsuz silahlar, hərbi texnikalar verməsinə o qədər öyrəşiblər ki, 44 günlük müharibədə verilmiş silahları da pulsuz verilmiş silahlar sayırlar. 44 günlük müharibədən az öncə Rusiya Ermənistana dəyəri 1 milyard dollardan artıq silahları pulsuz vermişdi. Ermənilər bu silahları da hesaba almır. Ruslar isə Ermənistanla münasibətlər soyuqlaşdığı üçün göndərdiyi silahların pulu ödənilmiş silahlar olduğunu bəyan edir. Bu isə o deməkdir ki, Rusiyanın Ermənistanın məlum tələbini yerinə yetirmək fikri yoxdur. Ermənistan rəsmiləri  son aylarda Rusiyanı məhkəmə ilə hədələyirdi. Lakin müdafiə nazirinin müavini Qraçya Sərkisyanın Rusiyanı məhkəməyə verməyəcəklərini bəyan eləməsi Moskvanın İrəvanın qulağını burduğunu söyləməyə əsas verir”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR