İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Qərbin “hamam”ı rolunda - biri gələr, biri gedər...

952 16.07.2024 08:13 Siyasət A A

ABŞ diplomatlarının İrəvan yolçuluğunun pərdəarxası; ilginc planlar, sensasion açıqlamalar 

Amerikalı diplomatlar Ermənistanı el dilində desək, “su yolu”na döndərib. Yada salaq ki, iyulun əvvəlində senator Rocer Uikerin başçılıq etdiyi nümayəndə heyəti İrəvana səfər edib. Onun ardınca USAİD rəhbəri Samanta Pauer Ermənistanda olub. Bundan sonra ABŞ dövlət katibinin müavini Uzra Zeyanın iyulun 13-dən 16-dək Ermənistanda bir sıra görüşlər keçirib. 

Dövlət Departamentinin məlumatına görə, Zeya yüksək vəzifəli hökumət rəsmiləri ilə görüşlərində “erməni-amerikan əməkdaşlığının gücləndirilməsi və Ermənistanın demokratiya, qanunun aliliyi, korrupsiya ilə mübarizə və məhkəmə islahatları sahələrində nailiyyətlərinin təbliği” məsələlərini müzakirə edib. Ermənistanın baş naziri Nikol Paşinyan Uzra Zeya ilə görüşündə Bakı və İrəvan arasında danışıqlar prosesini müzakirə edib. “Tərəflər Ermənistan və Azərbaycan arasında sülh prosesini müzakirə ediblər. ABŞ dövlət katibinin müavini vurğulayıb ki, ABŞ iki ölkə arasında həqiqi sülhün bərqərar olmasına və regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına töhfə verməkdə davam edəcək”, - deyə yayılan məlumatda qeyd olunub. O, həmçinin “din azadlığına hörməti təşviq etmək və mədəniyyətin qorunmasını dəstəkləmək” üçün ölkənin şimalındakı orta əsr Haqpat monastırını ziyarət edib. 

Paşinyan hökuməti qərbyönlü kursa sadiqliyini nə qədər nümayiş etdirməyə çalışsa da, xüsusən də ABŞ Ermənistan üçün mövcud olan bütün çağırışları və problemləri həll etməyə hazır deyil. İrəvan siyasi oriyentasiyanın dəyişdirilməsi ilə bağlı qarşısına strateji vəzifə qoysa da, Paşinyan hakimiyyətinin hərəkətlərində tərəddüd və manevr elementləri aşkar görünür. Ekspertlərə görə, Qərb Ermənistanın problemlərinin həllində yalnız məhdud məsuliyyəti öz üzərinə götürməyə hazır olduğu müddətdə Paşinyan hakimiyyətinin manevr taktikası davam edəcək. Söhbət ilk növbədə təhlükəsizlik problemlərindən gedir. Bu, hazırda Ermənistan üçün ən aktual məsələdir. Ancaq aydındır ki, Birləşmiş Ştatlar hələlik bu sahəyə xüsusi “toxunmamağa” üstünlük verir, yalnız hərbi tibbi əməkdaşlıq və ya sülhməramlı qüvvələrin birgə təlimləri şəklində əməkdaşlıqla məhdudlaşır. 

Rusiyada da bu səfərləri diqqətlə izləyirlər və ağrılı reaksiyalar verirlər. “Amerikalıların Cənubi Qafqazda peyda olması regionda qalan münaqişə potensialını gücləndirəcək və yeni ayırıcı xətlər yaradacaq”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan-ABŞ birgə hərbi təlimlərinə münasibət bildirərkən deyib. "Bu təlimlər təəssüfdən başqa heç nəyə səbəb olmur. Bu təlimlər İrəvanın KTMT-də iştirakını dondurması və təşkilata qarşı açıq şəkildə mənfi bəyanatları fonunda keçiriləcək. Qərb ölkələri sülhlə bağlı hədəflərinin olduğunu bəyan etsə də, onlar üçün əsas məsələ geosiyasi layihələr üçün platsdarm yaratmaqdır", - o vurğulayıb. Onun sözlərinə görə, Qərb bütün gücü ilə İrəvanı regionda və onun ətrafında müxtəlif qarşılıqlı fəaliyyət formatlarına cəlb edir: “Bunlar ilk növbədə Rusiya və İrana qarşı yönəlib”.

Ekspertlərimiz mövcud durumu necə şərh edirlər? ABŞ başda olmaqla, Qərbin Ermənistanla bağlı əsas planı nədir?

Sahib Məmmədov xəstəxanaya yerləşdirildi

Sahib Məmmədov

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov “Yeni Müsavat”a bildirdi ki, ABŞ Ermənistanla münasibətləri dərinləşdirmək, bu ölkədə təsirlərini artırmaq, Rusiyanın təsirini isə azaltmaq istiqamətində səylərini artırmaqda davam edir: “Səfərlərin intensivləşməsinin əsas səbəblərindən biri də budur. Gürcüstanla bağlı ABŞ və Avropa İttifaqının planları pozulduqdan sonra indi Cənub Qafqazda əsas müttəfiq kimi Ermənistanı seçiblər. Sülh prosesləri adı altında əslində ABŞ Ermənistanla bağlı öz niyyətlərini həyata keçirmək istəyir. Bu niyyətlərinə çata biləcək ya yox, bu, ayrı  məsələdir. Amma nə qədər ki, ABŞ məqsədlərinə çatmayıb, sülh proseslərinə mane olmağa davam edəcək. Tam əhatəli sülh müqaviləsi bağlanarsa və Azərbaycanla münasibətlər normallaşarsa, ikitərəfli əməkdaşlıq genişlənərsə, diplomatik münasibətlər qurularsa, əlbəttə, bu, regionda marağı olan dövlətlərin əlinə işləməyəcək. Bu baxımdan mən bu səfərlərə o qədər də optimist baxmıram”. S.Məmmədov onu da vurğuladı ki, əlbəttə, Ermənistan hakimiyyəti özündə güc tapıb, daxili və xarici müqaviməti qırıb, Azərbaycanla sülh proseslərini davam etdirəcəksə, bu halda ABŞ da, digər maraqlı dövlətlər də çalışacaq ki, prosesdə iştirak etsin və beləliklə, regiondakı proseslərə təsir imkanından məhrum olmasın: “Həm də onlar özlərini sülhün tərəfdarı kimi göstərməyə çalışacaqlar. Hazırkı Ermənistan rəhbərliyi də, fikrimcə, bu ölkədəki ABŞ (Qərb) ilə Rusiya arasında gedən maraqlar uğrundakı qarşıdurma və mübarizədən bəhrələnməkdə davam edir. Ermənistan Rusiyaya qarşı hələlik diplomatik və bəzi tədbirlərə qatılmamaq kimi demarşlardan o tərəfə getməyən addımlar atır. İstisna da var: Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Statutuna qoşulması... Amma iqtisadi münasibətləri nəinki azaltmır, əksinə, genişlədirir. Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan ən çox qazanan ölkə də məhz Ermənistandır. Bu biri tərəfdən də belə dərinə getməyən demarşlarla ABŞ və digər Qərb ölkələri üçün özünü cəlbedici edir və onlardan da həm iqtisadi, həm diplomatik, həm də siyasi dəstək almaqda davam edir. Bu, əsl Ermənistan siyasətidir. Erməniçiliyin bu sahədə yüz ildən çox təcrübəsi var. Amma bunu nə qədər edə biləcək, hara qədər düşmən mövqedə olan iki cəbhənin hər ikisi ilə müttəfiqlik edəcək, bu, məlum deyil”. 

Ekspert qeyd etdi ki, hələlik intensivləşməkdə davam edən Rusiya Ukrayna qarşıdurması Ermənistana belə manevrlər etməklə həm iqtisadi, həm hərbi vəziyyətini yaxşılaşdırmaq imkanı verir: “Amma çox da uzaq olmayan dövrdə Ermənistanın bu siyasəti iflasa uğraya bilər. ABŞ da, digər Qərb ölkələri də, Rusiya da əslində Ermənistanın manevr edərək iqtisadi, hərbi və siyasi dividentlər əldə etdiyinin fərqindədirlər. Amma bu uzun müddət davam edə bilməyəcək. Ermənistan qarşısında konkret seçim etmək məsələsi qoyulanda bu ikiüzlü siyasət davam edə bilməyəcək. ABŞ və digər Qərb ölkələrinin regionda güclənməsi Rusiyanın hələlik diplomatik səviyyədə etirazlarına gətirib. Bu siyasət gələcəkdə İranın etirazlarına səbəb ola bilər. Azərbaycan isə regionda heç bir kənar təsirin olmamasında maraqlıdır. Azərbaycan Ermənistanla münasibətləri ikitərəfli danışıqlar formatında davam etdirməkdə maraqlıdır və cəmi bir neçə ikitərəfli danışıq və təmasların da müsbət nəticələri ortadadır”.

Akif Nağı: “Əsas meyar din deyil, milliyətçilikdir”

Akif Nağı 

Azad Vətən Partiyasının sədri Akif Nağı isə hesab edir ki, Qərbin Ermənistanla bağlı mövqeyi aydındır: “Bu siyasətin konturları, cizgiləri aydın şəkildə görünür. Vaşinqton çalışır ki, Ermənistanı tam şəkildə nəzarətə götürsün. Çünki Ermənistanı Rusiyaya, eyni zamanda Fransaya güzəştə getmək istəmir. ABŞ tam şəkildə öz hökmranlığını bərqərar etmək, bu ölkəni təsir dairəsinə salmaq niyyətindədir. ABŞ-ın Fransa ilə münasibətlərində müəyyən gərginliklər də var. Çünki Ağ Ev Fransanı da sıxışdırmaq, rəsmi Parisin Ermənistanla bağlı istəklərinin üstündən xətt çəkmək istəyir. Hələ 19-cu əsrdə ABŞ öz ərazilərini genişləndirirdi, müəyyən ştatların ərazilərini müharibə ilə, pulla ələ keçirirdi. Luiziana bölgəsi isə Fransa ilə bağlı olan, fransızların müstəmləkəsi olan ərazi idi. O zaman Napoleona pul lazım idi və ABŞ pul müqabilində bu əraziləri Fransadan aldı, özünə birləşdirdi. İndiyədək fransızlarda Napoleonun bu hərəkətindən narazılıq ifadə olunur. Hətta Avropada belə yanaşma var ki, əgər Luiziana ştatının ərazisi Amerikaya satılmasaydı, bu gün Fransa başqa statusda olardı. İndi də Ermənistana münasibətdə həmin xətti müşahidə edirik. Baxmayaraq ki, Ermənistan Fransa ilə yaxındır, Beynəlxalq Frankofoniya Təşkilatında bir yerdədirlər, ermənilər fransızdilli olmasalar da.  Sadəcə, bu, Fransanın siyasətidir”. A.Nağı Rusiyanın müqavimətinə də diqqət çəkdi: “Mariya Zaxarova iki məqamı vurğuladı. Həm bölgəni ABŞ ilə münasibətlərdən çəkindirməyə çalışdı. Təxminən belə bir fikir səsləndirmiş olur ki, ABŞ regiona gələcəksə, münaqişə ocaqları yenidən alovlanacaq, münaqişələr bitməyəcək. Bu xəbərdarlıqlarda müəyyən məntiq var. ABŞ regiona gələcəksə, o halda təbii olaraq Ermənistan müəyyən öhdəliklərini yerinə yetirməlidir. Bu ölkənin isə Azərbaycan, Türkiyə, hətta Gürcüstana qarşı ərazi iddiaları var. ABŞ-dən ciddi dəstək alacaq erməni revanşistləri heç vaxt sakit oturmayacaqlar. Ermənistanda əsas xətt ondan ibarətdir ki, bu gün Azərbaycan, Türkiyə güclüdür, bu iki ölkəyə məğlub olsalar da, son deyil. İddialar, proqnozlar var ki, yaxın zamanlarda bu iki ölkə zəifləyəcək, hətta 2030-cu ilədək Azərbaycanın neft-qaz ehtiyatları tam tükənəcək, bütün bunlardan sonra ermənilər hərəkətə keçməyi planlaşdırırlar. Buna görə də həm silahlanırlar, həm də müəyyən gedişlər həyata keçirməyə çalışırlar. Keşiş Baqrat kimi adamların əli ilə revanşistləri gündəmdə saxlayırlar. Rusiyanın qoyduğu digər məsələ var ki, ABŞ regiona gələrsə, bu, qüvvələr nisbətini pozacaq, vəziyyəti dəyişəcək. Əmindir ki, ABŞ Ermənistandan meydança kimi istifadə etmək məqsədi güdür. Son 100 ildə Rusiya Ermənistandan Türkiyə, Azərbaycan, İrana qarşı platsdarm kimi istifadə edibsə, indi də ABŞ-ın belə bir marağı var. Özü də havayı pendir tələdə olur, bunu da ermənilər unutmamalıdır”. Partiya sədri ABŞ-ın sülh məsələsində niyə bu qədər maraqlı olmasını da səbəbsiz saymır: “Nümayəndə nümayəndə ardınca səfər edir regiona. Danışıqların gedişində hər dəfə sülh imzalanması ön plana çəkilir. ABŞ Ermənistanı sakitləşdirib, rahat şəkildə regiona gəlmək istəyir. Ağ Ev tezliklə sülhün əldə olunmasına çalışır, amma Rusiyanı kənarda saxlamaq şərtilə. Belə bir vəziyyətdə isə sülhün əldə olunması real görünmür”.

 E.PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR