İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər dəhliz təklifini qəbul etmir... - Detallar

1743 28.02.2023 22:18 Siyasət A A

İrəvan “Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələrinin” yaradılmasına razılaşmır

İrəvan “Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələrinin” yaradılması təklifini qəbul etməyib. Musavat.com qeyd edir ki, Prezident İlham Əliyev bu təklifi ilk dəfə 2021-ci ilin dekabrında NATO-nun Baş katibi Yens Stoltenberqlə  Brüsseldə keçirdiyi birgə mətbuat konfransında səsləndirmişdi. “Zəngəzur dəhlizi ilə bağlı demək istərdim ki, regionda bu kommunikasiyaların açılması təklifi ötən il noyabrın 10-da Rusiya Prezidenti, Ermənistanın baş naziri və mənim tərəfimdən imzalanmış üçtərəfli bəyannamədə öz əksini tapıb. Zəngəzur dəhlizinin hüquqi rejiminə gəlincə, o, Laçın dəhlizinin eynisi olmalıdır. Çünki üçtərəfli Bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir. Beləliklə, bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də, Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik. Bu, məntiqidir və qərar Ermənistan tərəfindən qəbul edilməlidir. Biz hər iki varianta hazırıq, ya hər ikisində heç bir gömrüyün olmaması, ya da hər ikisində hər iki gömrüyün olması”, - dövlət başçısı vurğulamışdı. 

İ.Əliyev bu təklifi Münhen görüşündə rəsmi şəkildə verəndə Ermənistanın qəbul etməyəcəyi gözlənilən idi. Çünki bu təklif “Zəngəzur dəhlizi və Laçın dəhlizinin eyni rejimlə işləməsi” prinsipinə əsaslanır və İrəvanın bunu qəbul etməsi Bakının qarşısında 1:2 geri düşmək deməkdir. Güman edilir ki, Rusiyanın da bu məsələdə “barmağı” ola bilər. O mənada ki, bu prosesin ABŞ-ın vasitəçiliyi ilə irəliləməsi Moskvaya sərf etmir. İrəvanın hazırda əsas diqqət verdiyi istiqamət Laçın yolundakı aksiyanın başa çatdırılmasıdır. Vardanyanın “vəzifəsindən” çıxarılmasından sonra Bakının “tələbinin qəbul edildiyi” rəyini yaradır və Haaqa Məhkəməsinin son qərarını əsas tutaraq, genişçaplı kampaniya aparırlar. Məqsəd Laçın yolundakı aksiyanın qarşısını almaqla Bakının “Zəngəzur və Laçın dəhlizləri eyni rejimlə işləməlidir” mövqeyini zəiflətmək, eyni zamanda, erməni əhali ilə təmasların qurulması prosesində separatçıların əlini gücləndirməkdir. Bu baxımdan, aksiyanın ən azı Laçın yoluna nəzarət-keçid məntəqəsinin qurulmasına qədər davam etməsi əhəmiyyətlidir. İkinci bir yandan, tərəfləri sülhə yaxınlaşdırmaqda və regionda gərginliyin azaldılmasında maraqlı olduğunu bəyan edən ABŞ İrəvana təzyiq etməlidir. 

Onu da demək lazımdır ki, Zəngəzur koridorunun açılması regionun digər ölkələri kimi Ermənistan üçün də faydalı olacaq. İlk növbədə koridorun açılması Ermənistana illər boyu mövcud olan blokadadan azad olmaq imkanı yaradır. Türkiyə və Azərbaycanla sərhədlərin bağlı olması Ermənistana özünün əsas iqtisadi tərəfdaşı olan Rusiyaya təhlükəsiz və davamlı şəkildə fəaliyyət göstərən quru yolu əldə etməyə imkan vermirdi. Ermənistan-Azərbaycan münaqişəsi başladıqdan sonra Ermənistandan Rusiyaya və ya əks istiqamətdə hərəkətə imkan verən heç bir dəmiryolu fəliyyət göstərməmişdi. Mövcud olan yeganə quru yolu Gürcüstan ərazisindən keçən Yuxarı Lars yoludur. Bu yol isə coğrafi baxımdan çətin relyefi olan ərazidən keçdiyindən və pis hava şəraitində bağlandığından Ermənistandan Rusiyaya və əksinə daşınmaların həyata keçirilməsində fasiləllərin yaranmasına səbəb olurdu. Eyni zamanda Gürcüstan ilə Rusiya arasında olan siyasi narazılıqlar da bəzi hallarda bu yolun bağlanmasına gətirib çıxarırdı.

Bir müddət əvvəl Moskvaya Laçın yolunda hərəkətə birgə nəzarət təklifi verilib, amma əsas məsələ yola daxil olan yüklərin və insanların yoxlamadan keçməsidir. Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayevin Musavat.com-a bildirdiyinə görə, Prezidentin təklifləri kifayət qədər aydın şəkildə ifadə olunub: “Dövlət başçısının bu ideyasına böyük dövlətlərin heç biri etiraz etməyib. ABŞ, Rusiya, Fransa həmin təklifləri pis qarşılamayıblar, yalnız Ermənistan qəbul etmir, çünki prosesi acı bağırsaq kimi uzatmağa istəyirlər. Bu yolla onlar Qarabağın Azərbaycanın tam nəzarətində olmasını qəbul etmirlər, həm də Ermənistan ərazisindən dəhliz verməkdən boyun qaçırırlar. Nə Rusiya, nə ABŞ etiraz etməyəcək ki, Laçınla Ermənistan sərhədində, o cümlədən Zəngəzurun hər iki başında postlar qurulsun. Paşinyan və komandası başa düşməlidir ki, regionda sülhün yaranması üçün dəhlizin açılması mütləqdir. Məncə, Ermənistan bu cür qərarları tək başına almır. Zəngəzur dəhlizinin açılması həm regionda sülhə töhfə verəcək, həm də digər dövlətlərin yük daşımalarında önəmli rol oynayacaq. Hazırda top Ermənistanın meydanındadır, Qərb isə ədalətli hakim olarsa, Paşinyan hökumətinə cığallıq etməyə imkan verməyəcək. Necə ki, Baş nazir əvvəlcə Münhen konfransında Azərbaycan lideri ilə görüşməyə, Cənubi Qafqaz panelində iştirak etməyə razılıq verməmişdi. Amma ABŞ, Avropa İttifaqının təzyiqi ilə masada oturmağa məcbur oldu. Paşinyanın dəyişkən mövqeyi qeyri-müəyyənlik dövründə işinə yarayır, amma bu dəfə beynəlxalq güclər də sülh müqaviləsinin imzalanmasını, ortaya konkret mövqe qoyulmasını diqtə edir. Ermənistan rəhbəri vəziyyətini düzgün qiymətləndirə biləcəksə, prosesi irəli aparacaq. Əks təqdirdə, Qərbdə qazandığı dividentləri də sürətlə itirərək ölkəsini yeni, qaçılmaz məğlubiyyətlə üz-üzə qoyacaq”. 

Asif Nərimanlı: “Zəngəzur dəhlizi ifadəsinin Bəyənnaməyə salınmasının  strateji hədəfləri var” – JURNALİST ARAŞDIRMA MƏRKƏZİ

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Ermənistanın mövqeyi gözlənilən idi: “Çünki Naxçıvana “maneəsiz keçid” öhdəliyindən yayınmaq imkanı əldə edirlər, əvəzində Bakı Laçının yolunun Ermənistana çıxış hissəsində nəzarət-keçid məntəqəsi qurur və ermənilər hələ də istifadə etdikləri “Qarabağ kartından” imtina etmiş olurlar, buna paralel olaraq, Aİ missiyasını bölgəyə gətirməklə rusları qəzəbləndirən Paşinyan Moskva ilə yenidən üz-üzə qalır. Ermənistan imtina edir, Rusiya masasındakı razılaşmaları icra etmədiyi kimi, prosesin ABŞ-ın vasitəçiliyi ilə irəliləməsinə də mane olur. Bu, mümkün praktiki addımlara zərurət yaranarsa, hər iki platformada Bakının arqumentini gücləndirir. Bu baxımdan, aksiyanın ən azı Laçın yoluna nəzarət - keçid məntəqəsinin qurulmasına qədər davam etməsi əhəmiyyətlidir”.

Emil SALAMOĞLU   
Musavat.com 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR