İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər Azərbaycan müxalifətinə hansı şansı verdi? – Şərh

5132 05.09.2013 01:23 Yazarlar A A
Ermənistan “planka”nı qaldırdı.  Erməni diasporu Sərkisyanı Putinin ayaqlarına itələdi: “Get, təslim ol”... Rəsmi İrəvan enində-sonunda Rusiyanın təzyiqlərinə, şərtlərinə boyun əydi və yeni SSRİ-yə -  Avrasiya İttifaqına “hə dedi”. 
Bununla da Rusiyanın rəsmi Bakı ilə münasibətlərində yaranmış yeni tarazlığı pozdu. İndi Kreml Azərbaycandan daha böyük güzəştlər istəmək üçün əlavə imkanlar əldə edir. Bundan əvvəl tərsinə idi -  Putun Bakıya səfər etməklə, Əliyev iqtidarına isti münasibət sərgiləməklə İrəvan iqtidarını indi gördüyümüz qərara itələyirdi; -  mesaj aydın verilmişdi: “Bizə qoşulmasan, tək qalacaqsan...” 

Təhdid işlədi. Həm də necə. Azərbaycan iqtidarına sərf edən, onu öz xalqı və müxalifəti qarşısında üstün qılan bir səfər, əslində strateji olaraq fəsadlı nəticələrə gətirib çıxartdı. Rəsmi Bakı Kremlin təhdidlərindən qurtulurmuş kimi nəticələr əldə etdiyi bir zamanda, iş tam tərsə döndü. Sərkisyanın təslimiyyəti, Rusiyanın ayağına üz sürtməsi Putin iqtidarının ambisiyasını, heç şübhəsiz, daha da qabardacaq. Azərbaycan iqtidarına seçki ərəfəsində təzyiq göstərməyib də, daha nə zaman göstərmək, onu bir sıra “mühüm” qərarlara nə zaman vadar etmək olar? İndi Kreml Azərbaycanı da analoji qərara sürükləməyə çalışsa, böyük ehtimalla belə də etməyə çalışacaq, ölkəmizdəki siyasi dəngələr yenidən və sürətlə dəyişəcək. 
Bəzi ekspertlər hesab edir ki, bu vəziyyət Azərbaycanın demokratik müxalifətinə, xüsusi ilə Milli Şuraya yenidən fantastik imkanlar açır. Bakıdakı tanınmış siyasət adamlarından biri dünən mənə sevincək dedi ki, onun fikrincə, Rusiya, yenidən əlindəki məlum rıçaq və adamları hərəkətə gətirib, Milli Şuranı Əliyev iqtidarıa qarşı real təhdid ünsürünə çevirməyə cəhd göstərəcək... 
Elçibəy iqtidarının və günümüzdəki siyasətin önəmli fiqurlarından olan dostumuz yaxın günlərdə Moskvada “Milyarderlər İttifaqı”nın təkrarən dirçələcəyini, hətta Rüstəm İbrahimbəyovun daha bir radikal həmləyə başlayacağını, bu dəstənin Azərbaycandakı və digər ölkələrdəki uzantılarının da fəallaşdırılacağını təxmin edir.
Biz onun təhlil və proqnozlarını bölüşsək də, sevincini, nikbinliyini heç cür bölüşə bilmirik. Çünki bu cür təzyiq və ölkənin vətənpərvər müxalifətinin yenidən təhdid vasitəsinə çevrilməsi Azərbaycan iqtidarını hamımız üçün qorxulu olan güzəştlərə məcbur qoyacaq. Rejim sahibləri Azərbaycan üzərindəki iqtidarı itirməmək üçün təbii ki, daha çox, hətta bütün güzəştlərə gedəcəklər. Bu da ölkəmizin Avrasiya və Gömrük İttifaqlarına girməsi, Qərbyönümlü siyasi kursun birmənalı və uzunmüddətli (hətta geriyədönməsi çətin olan şəkildə) dəyişməsi demək olacaq.
Ruslar Azərbaycanın demokratik müxalifətini heç zaman iqtidara gətirmək istəməz. Onlar demokratlardan təhdid aləti, təzyiq amili kimi istifadə edib, yenə də Əliyev iqtiarı ilə anlaşacaqlar və mən buna şübhə etmirəm. Hətta bu ölkədə iqtidarı dəyişmək qərarına gəlsə belə, qəbul etmək lazımdır ki, rusların quracağı yeni hökumətdə vətənpərvər demokratlar olmaycaqlar. Olsalar da, qısa müddət sonra fəlakətli yöntəmlərlə iş başından uzaqlaşdırılacaqlar... İşin başında Abbas Abbasov tipində sabiq məmurlar, azərbaycanlı mafiozlar, Rusiyaya bağlı zəngin iş adamlarımız dayanacaqlar...     Bu baxımdan, İlham Əliyevin iqtidarının bir az da davam etməsi demokratik düşərgənin iqtidar şansının 50/50 nisbətində təsirləndirirsə, rusların işə qarışması ilə bu şans büsbütün sıfırlanır. 
 Amma bütün bunların olub-olmaması da bizdən, istək və təpkilərimizdən asılı deyil. Bu baxımdan, qəbul etmək lazımdır ki, durum doğrudan da qısa zaman sonra kəskin şəkildə dəyişə bilər və bu, az müddət üçün keçərli olmaqla, Milli Şuranın, onun vahid namizədinin xeyrinə olan proseslərə çevrilə bilər. Demokratik düşərgə bu şansa və həmin qısa zamanın yarada biləcəyi avantajlara hazır olsa, məsləhətdir. İçəridə ilk gündən konflikt yaradan EL hərəkatı, ACP, ALP kimi (kənar güclərə birbaşa bağlı olan) qurumlarla çəkinmədən vidalaşa bilmək qətiyyəti olmalıdır. Əks halda, yenə qısamüddətli şanslar deyişmələrin, dedi-qoduların içində batıb gedəcək. 
  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR