İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni və rus mediasında “Qarabağa Honkonq modeli” təklifinin pərdəarxası

1027 08.06.2023 12:44 Siyasət A A

Ermənistan hakimiyyəti və cəmiyyətinin müxtəlif təbəqələri bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan edir, digər yandan ərazi bütövlüyünü şübhə altına alan təkliflərlə çıxış edirlər, status məsələsi ilə bağlı ortaya müxtəlif modellər atırlar. Məsələn, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iki gün öncə bəyan etdi ki, Qarabağın erməni əhalisinin təhlükəsizliyi və hüquqları ilə əlaqədar bütün məsələlər Xankəndi-Bakı dialoqu çərçivəsində həll olunmalıdır, Ermənistan Qarabağın statusu barədə danışıqların aparılmasına iddia etmir, belə ki, bunun üçün mandatı yoxdur.

Ermənistan mətbuatında və Rusiyanın ermənilərin üstünlük təşkil etdiyi media orqanlarında isə siyasi analitiklərin dili ilə Qarabağ üçün yüksək muxtariyyət modeli haqqında fikirlər səsləndirilir, bu mövzuda məqalələr yayımlanır. Modellərdən biri kimi Honkonqun adı çəkilir. Böyük Britaniya imperiyasının tərkib hissəsi olan Honkonq Londonla Pekin arasındakı razılığa görə, 1997-ci ildə Çinin tərkibinə qatılıb. Ermənistan və Rusiya qəzetlərinin bəzilərində yayımlanan məqalələrdə Honkonq modelinin Azərbaycana təklif edilə biləcəyinə eyham vurulub.

Bəzi məqamlar hələ də açıq qalır”-İlyas Hüseynov

İlyas Hüseynov: “Hansısa modellər üzərində danışıqların aparılması da yalnız vaxt uzadılmasına gətirib çıxarır”

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Qarabağ iqtisadi rayonunda yaşayan etnik ermənilərin təhlükəsizliyi və hüquqları ilə bağlı məsələlər rəsmi Bakının da diqqətindədir. Vətən müharibəsindən sonra yeni geosiyasi reallıqlar kontekstində tərəflərin maksimalist mövqedən geri çəkilməsi və reallıqları qəbul etməsi halı mühüm addımdır. Çünki 44 günlük Vətən müharibəsindən sonra Ermənistan böyük iddialarda idi və hərbi-siyasi yolla məsələ həll olunduqdan sonra əlbəttə danışıqlar müstəvisində də bu gün başqa mənzərə müşahidə olunur. Yalnız təhlükəsizlik və hüquqlar müstəvisində məsələlər müzakirə olunur və problemin həlli ilə bağlı müxtəlif yanaşmaları görürük: “Bir zamanlar məhz bu ərazi ilə bağlı müxtəlif nümunələr irəli sürülürdü. Bu nümunələr, əlbəttə, bizim milli maraqlarımıza qarşı idi. Bu gün isə məhz Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini qəbul etməsi, Qarabağ da daxil olmaqla, 86,6 min kvadrat kilometrlik ərazini Azərbaycan ərazisi olaraq tanımaları şübhəsiz ki, sülh yolunda mühüm arqumentdir. Buna görə də burada Honkonq modelinin təklif olunması, bu model ətrafında müzakirələrin getməsi müzakirə mövzusudur. Amma rəsmi Bakının dəyişməyən bir haqlı mövqeyi var ki, Qarabağ iqtisadi zonasında yaşayan etnik ermənilər Azərbaycan Respublikasının Konstitusiyası, qanunvericiliyi və yurisdiksiyasına əsasən Azərbaycan vətəndaşlığını daşımalıdırlar və Azərbaycan vətəndaşlarına verilən hüquqlar, imtiyazlar çərçivəsində öz həyatlarını davam etdirməlidirlər. Eyni zamanda sülhə əngəl yaradan, sülhə qarşı müqaviməti formalaşdıran Ermənistanın Azərbaycanın daxili işlərinə qarışmasıdır, reinteqrasiya prosesinə mane olmasıdır, separatizmi təşviq etməsidir, separatçıların ayaqda qalmasına dair dövlət büdcəsindən maliyyə vəsaitləri ayırmasıdır, regiondan hərbi birləşmələrini çıxarmamasıdır. Belə olan halda əlbəttə ki, razılaşma əldə etmək çətinləşir, mümkünsüz olur, eyni zamanda hansısa modellər üzərində danışıqların aparılması da yalnız vaxt uzadılmasına gətirib çıxarır. Zaman itirildikcə dünyada da gedən proseslər fonunda bu əldə olunmuş sülh şansı da itirilir”. 

Elxan Şahinoğlu: "İrəvan indi də Fransaya yalvarır"

Elxan Şahinoğlu: “Qarabağ erməniləri müharibəyə qədər onlara təklif edilən yüksək muxtariyyət statusunu əldə etmək şansını itirdilər”

Politoloq Elxan Şahinoğlu isə bildirib ki, Honkonq modelini Qarabağ üçün təklif edənlər gecikiblər: “Azərbaycan Prezidenti İlham Əliyev müharibədən əvvəl Qarabağ üçün dünyada mövcud olan ən yüksək muxtariyyət modeli təklif edirdi. Belə modellər dünyada kifayət qədərdir. Ermənistan hakimiyyəti muxtariyyət modelini qəbul etmədi, separatçılarla birgə "müstəqillikdən" başqa heç bir “təklifi” qəbul etməyəcəklərini bildirdilər. Ermənilər Birinci Qarabağ müharibəsindən sonra özlərini qalib hiss etdiklərindən “şərtlərini” diqtə etməyə çalışırdılar. Minsk Qrupu həmsədrləri də yüksək muxtariyyət modeli təklifini müzakirə etməyə həvəsli deyildi. Ermənistanın baş naziri Nikol Paşinyan içkili şəkildə keçmişdə işğal altındakı Şuşada yallı gedərək “Qarabağ Ermənistandır” deyib dururdu. İkinci Qarabağ müharibəsi reallıqları dəyişdirdi. Azərbaycan qələbə çaldı və torpaqlarının böyük hissəsini azad etdi. Hazırda şərtləri diqtə edən tərəf Azərbaycandır. Bundan sonra ermənilərə heç bir xüsusi status verilməyəcək. Bunu özləri və beynəlxalq aləm də anlayır. Qarabağ erməniləri müharibəyə qədər onlara təklif edilən yüksək muxtariyyət statusunu əldə etmək şansını itirdilər. Nikol Paşinyan da reallığı qəbul etmək məcburiyyətində qalaraq artıq “Qarabağ Azərbaycandır” deməyə başlayıb.

Honkonq “bir ölkə, iki sistem” kursu əsasında Çinə birləşdirilib. Çində hakimiyyət birpartiyalı əsasda formalaşıb, Kommunist Partiyası ölkənin siyasi həyatına hakimdir. Honkonqda isə çoxpartiyalı sistem mövcuddur. Honkonq Çinin tərkibində xüsusi idarəetmə formasına malikdir. Maliyyə müstəqilliyinə malik olan Honkonqun xarici siyasət və ordu saxlamaq hüququ yoxdur. Bunlar Çinə aiddir. Bu model bir neçə səbəbdən Azərbaycanın işinə yaramır. Birincisi, Çində və Honkonqda yaşayanlar çinlilərdir, bu səbəbdən separatçı fəaliyyət üçün zəmin yoxdur. İkincisi, prezident İlham Əliyevin fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları mövcuddur, Azərbaycan qanunlarına tabe olacaq ermənilər bu çərçivədə idarəetmə hüquqlarına malik olacaqlar, hansısa geri dönüş mümkün deyil".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR