İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni tarixçi alimin dediyi “xəstə azlıq” – Onlar “6-cı palata”ya köçürülməyincə...

1551 25.02.2023 16:16 Yazarlar A A

Ruben Vardanyan yəqin hələ bir müddət Qarabağda sülənəcək. Guya heç nə baş verməyibmiş kimi, özünü göstərməyə, rəy yaradıb dikbaşlıq eləməyə çalışacaq. Amma çifayda, “qələmi” qırılıb, özü isə sındırılıb.

Ağlı olsa, ərazimizdə bir gün də qalmaz. Yenə aranı qarışdırmağa boşuna cəhdlər eləməz. Hər necə olmasa, indi onun qəfil PUA zərbəsinə tuş gəlmə ehtimalı xeyli artıb. Çünki Rusiyanın “vurulmuş agenti” statusundadır, Moskvaya bir elə gərək deyil. Rusiya üçün belələrindən birdəfəlik əlcək və ya şpris kimi istifadə edib tullatmaq adi haldır.

Elə şeylər var ki, orada pul-para keçmir. O ki ola çirkli pul. Vardanyanlara əfsus ki, bunlar çatmır. Çirkli pullarla təmiz “suyu bulandırmaq” isə təhlükəli məşğuliyyətdir – həm də özünə qarşı...

Diqqətçəkidir ki, erməni oliqarx-dələduz “istefaya” göndəriləndən bir gün sonra Azərbaycan nümayəndələri ilə erməni icmasının təmsilçiləri arasında görüş xəbəri yayılıb. Görüşün Rusiya sülhməramlı kontingentin vasitəçiliyi ilə baş tutduğu deyilir.

Rəsmi şərh verilməsə də, aydındır ki, bu qəbildən təmaslar daha intensiv xarakter alacaq. Ona görə ki, qaçılmazdır. İllah da öz gələcəyini təhlükəsiz və müəyyən görmək istəyən erməni əhali üçün.

İş ondadır ki, Qarabağ erməniləri artıq fərqi öz gözləri ilə görüb, dəriləri ilə yaşayıblar. Vardanyan və təlimatçıları isə onları təzədən ötən əsrin 80-ci illərinin sonundakı eyforik əyyama - əvvəlki bataqlığa qaytarmağa çalışırlar. Separatçılığın hansı faciələrə gətirdiyi isə bütün çılpaqlığı ilə, əyani şəkildə ortada...

Vardanyan kimilər və onların ipini oynadanlar aranı qarışdırmasa, bişəkk, barışıq proses sürətlənər. Necə ki, anklavdakı əhalinin “saqqızını” oğurlayan Ruben Qarabağda qanunsuz yolla peyda olanadək yerli ermənilərin cəmiyyətimizə inteqrasiyası yönündə əhəmiyyətli gəlişmələr qeydə alınmışdı.

Ancaq başı daşdan-daşa dəymiş sıravi ermənilər də gərək populist-avantüristlərə qulaq asmaya, onları boykot və iqnor edə, “aşının duzunu” verməyi bacara. Yoxsa çox çətin olacaq. Ən əvvəl də özləri, yaxınları üçün. Obrazlı desək, onlara arada bir “balıq” bağışlayan Vardanyan tipli saxta xeyriyyəçi zatlar yox, həmişə “balıq”larının olmasını təmin edəcək tilov vermək istəyən Azərbaycan lazımdır, Bakı ilə anlaşmaq gərəkdir. Bizdən demək...

Ermənilərin azsaylı ağıllı adamlarından biri, saxta erməni tarixini vaxtaşırı faş edən tarixçi-alim Filipp Ekozyans dünən AZƏRTAC-a müsahibəsində deyib ki, mənsub olduğu xalqın əsas bəlası nüfuzlu cinayətkar azlığın əsiri olmasıdır. Tam doğru.

“Erməni xalqı hər dəfə ondan ötrü faciəli hadisələrin burulğanına düşməzdən əvvəl bir dəstə erməni heç bir səlahiyyətə malik olmadığı halda tarix səhnəsinə çıxaraq bütün xalqın adından çıxış edir. Bu rolda məlikləri də görmüşük, keşişləri və siyasi xadimləri də. Onlar sadə insanların arzuları ilə hesablaşmadan, hətta bu insanların fikri ilə maraqlanmadan xalqın ziyanına qərarlar qəbul edirlər”, - tarixçi qeyd edib.

Ekozyans o sırada erməni diasporunun da dərsini verib: “Diasporun Ermənistanın sakinlərinin problemlərindən xəbəri yoxdur. Mən yəqin bilirəm ki, erməni diasporu tamam başqa erməni xalqıdır və həmin başqa erməni xalqının bəlaları da tamam fərqlidir”...

Problem də bundadır – ermənilərin öz soyundan olan ağıllı adamlara qulaq verməsi. Heç kəs demir ki, dialoq baş tutan kimi hər şey qısa müddətə qaydaya düşəcək. Reallıq belədir ki, oyuncaq rejimin bütün “qurumları”, özəlliklə “Şeytan yuvası”ndakı “milli təhlükəsizlik xidməti” daim “əcinnə ovu”na çıxaraq, Azərbaycan dövlətinə meylli olanları, vətəndaşlığıma keçmək istəyənləri gecə-gündüz təqib eləmək, izləməklə məşğuldur. Belə faktlar varsa, onları bildikləri kimi təqdim edirlər. Çünki bu cür presdenetlərin çoxalmasından it kimi qorxurlar.

Yadınıza gələr, ötən il Azərbaycan vətəndaşlığı almaq istəyən iki erməniyə qarşı dərhal Ermənistanda cinayət iş qaldırılmışdı. Hətta onların psixi sağlam olmadıqları iddia edilirdi. Halbuki əsl anormallar, psixlər elə özləridir - iki millətin genetik uyuşmazlığını sübut eləməyə çalışanlar!

Bu xəstələri “6-cı palataya” köçürüb təcrid eləmək ilk növbədə erməni xalqının problemidir, onun missiyasıdır, əgər gerçəkdən qonşularla əmin-amanlıq içində olmağı arzu edirsə. Ekozyansın dediyi kimi, əks halda cinayətkar və anormal azlıq hələ uzun müddət çoxluğun – erməni xalqının və regionun taleyi ilə oynayacaq...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR