Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə iyulun 27-də telefon danışığı İrəvan-Moskva münasibətlərində yaranmış gərginlik fonunda diqqət çəkib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, politoloq Suren Surenyants telefon danışığını şərh edərək Moskvanın Ermənistandan artıq daha konkret geosiyasi seçim gözlədiyini iddia edib.
Surenyants diqqəti Paşinyanın Putinlə danışmazdan əvvəl Almaniya kansleri Fridrix Merts və Fransa prezidenti Emmanuel Makronla təmaslarına yönəldib. Politoloqun fikrincə, Avropa tərəfdaşları ilə danışıqlar Ermənistan məhsullarının Rusiya bazarına çıxışındakı problemlərin həllinə kömək etmədiyindən Moskvaya müraciət zərurətə çevrilib.
İrəvanın rəsmi məlumatına görə, Paşinyan Putin qarşısında Ermənistan mənşəli məhsulların Rusiyaya ixracına tətbiq olunan məhdudiyyətlər məsələsini qaldırıb və problemin həlli üçün tədbirlər görülməsini istəyib. Surenyants isə Moskvanın əsas diqqətinin Ermənistanın gələcək geosiyasi kursuna yönəldiyini düşünür. Onun fikrincə, Rusiya İrəvandan Avropa İttifaqına inteqrasiya ilə Avrasiya İqtisadi İttifaqında üzvlüyün davam etdirilməsi arasında daha aydın seçim gözləyir.
Politoloq telefon danışığından sonra ixrac məhdudiyyətlərinin aradan qaldırılması və ya yumşaldılması barədə açıqlama verilməməsinə də diqqət çəkib. Surenyants bunu Ermənistan-Rusiya münasibətlərindəki fikir ayrılıqlarının davam etməsinin göstəricisi kimi qiymətləndirib: “Moskva artıq İrəvanın ‘iki stulda oturmaq’ siyasətinə dözmək niyyətində deyil”.
Erməni politoloq yazısını isə məşhur ifadə ilə yekunlaşdırıb:“Moskva göz yaşlarına inanmır”.
Musavat.com






