İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni lobbisi Rusiya ilə sinxron işləyir: Avropa İttifaqı öz mənafeyini sərsəm iddialara qurban verərmi?

1023 01.08.2022 17:09 İqtisadiyyat A A

Rusiyanın Ukraynaya hücumu Avropanı idarə edənlərin gözlərini açmaq üçün yaxşı fürsət oldu: onlar anladılar ki, həqiqətən də müftə yemək yalnız tələdə ola bilər. İndi bütün Avropa bu tələdən çıxmaq üçün vurnuxur, əllərini ümid gələn bütün yerlərə uzadır. Bu gün Qoca qitə faktiki olaraq Rusiyadan qaz nəqlinin tamamilə dayanması riski ilə üzləşib. Avropa Birliyi rəsmiləri indilik Rusiyadan davam edən kiçik nəql həcmlərinin dayanması variantını real görməklə, ona hazırlaşmaq üçün bütün güclərini, əlaqələrini işə salıblar.

Son 10 ildə Avropada müxtəlif yollarla (onların arasında korrupsiya, rüşvət, şəxsi varlanma hərisliyi də var) Rusiyanın təsir dairəsinə düşən liderlərin sayəsində Avropanın bu ölkədən 20 faizə çatmayan qaz asılılığı 40 faizin üzərinə qalxıb. Almaniyanın, Avstriyanın, Fransanın dövlət adamlarının Rusiyaya səbəbsiz olmayan sevgisi bütün Avropanı donmaq təhlükəsinə atıb. Avropa Birliyi öz tarixi ərzində heç olmadığı qədər parçalanmaq, vahid mövqeyini itirmək perspektivi ilə üz-üzədir: Rusiya Macarıstanın timsalında müxtəlif dövlətləri belə əlində saxlamaqla, Avropanın vahid müdafiəsinə mane olmağı bacarır. Bütün bunlar qalıb bir tərəfdə, Avropanın erməni sevdalı bəzi siyasətçiləri qitənin enerji təminatında özünəməxsus payı olan Azərbaycana qarşı hücuma keçiblər. Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin ölkəmizə səfər edərək enerji sahəsində əməkdaşlığa dair yeni saziş imzalaması erməni lobbisini qıcıqlandırıb. Lobbi öz ənənəvi müstəvisindən – Fransa mətbuatından istifadə etməklə, Avropa Komissiyasını Bakıda imzalanan sazişi ləğv etməyə, Avropa Birliyi dövlətlərinin rəhbərlərini onu təsdiqləməməyə sövq etmək istəyir.

 

39f50d34-950e-39f5-b161-9dd54d515e52_850.jpg (107 KB)

Məlumat üçün qeyd edək ki, iyulun 26-da “Le Figaro” qəzetində erməni publisist və tədqiqatçı Nerses Kopalyan (Las-Veqas, Nevada Universitetinin politologiya kafedrasının dosentidir) tərəfindən “Niyə Avropa İttifaqı təchizatın şaxələndirilməsi üçün Azərbaycana müraciət etməməlidir?” adlı məqalə dərc olunub. Kopalyan Aİ-nin Azərbaycanla razılaşmasına qarşı bütün “arqumentləri” gətirir: Azərbaycan Rusiya ilə müttəfiqlik sazişi imzalayıb; Bakı ilə razılaşma Rusiyaya qarşı qəbul edilmiş sanksiyalara zərbə vurur, çünki “Lukoyl” şirkəti bu ilin əvvəlindəki satışdan sonra Azərbaycanın ən vacib qaz yatağı olan “Şahdəniz”in 20 faizinə sahiblənib; Azərbaycandan lazım olan həcmdə qazın tədarükü real görünmür; Azərbaycan qazı Rusiya və Əlcazair qazından bahadır; “Freedom House” demokratiya indeksi Azərbaycanı “dünyanın ən repressor ölkələrindən biri” kimi qiymətləndirir; Əliyev rejimi Azərbaycanın 2020-ci ildə hücum etdiyi qonşu dövlət Ermənistan üçün təhlükədir və s.

İyulun 29-da isə Fransanın “Le Monde” qəzetində məqalə şəklində Fransanın 50 müxtəlif rəsmi şəxsi (deputatlar, senatorlar, merlər və digər şəxslər) tərəfindən imzalanmış çağırış dərc edilib. Məqaləyə imza atanlar Rusiya qazından asılılığı Azərbaycan qazından asılılıqla dəyişməyə gətirib çıxaran Bakı ilə imzalanmış Sazişi qınayır. Məqalədə səslənən “arqumentlər”: Azərbaycanı qaz təchizatçısı seçməklə Ursula fon der Lyayen Avropa İttifaqını zəiflədir; Azərbaycanda “diktatura hökm sürür”; Aİ üçün “hərbi ambisiyaları olan dövlətdən yeni asılılıq” yaranır.

3ae4c8aa-64d5-34f9-8b39-fa015a81dcce_850.jpg (144 KB)

Müraciətdə onu imzalayanların əsl “qarın ağrısı”nın nə olduğunu göstərən “arqument”lər diqqəti cəlb edir: Ermənistan və Qarabağda ermənilərin “məhvi” (hətta Prezident İlham Əliyevin işğalçı qüvvələrdən danışarkən onları “it kimi qovmaq” haqda fikri ilə Osmanlı imperiyası dövründəki qondarma “erməni soyqırımı” arasında paralel gətirilir); Ərdoğan və Əliyev öz hərbi güclərindən istifadə edərək... Avropa İttifaqında sülh və təhlükəsizliyə təhdid olacaq bloku yaradaraq, Ermənistanın suveren ərazisində Türkiyə və Azərbaycanı birləşdirən dəhlizin açılmasına çalışır.

Bu “arqumentlər” əslində müraciət müəlliflərinin, həmçinin digər narazıların Avropanın deyil, ermənilərin maraqlarını müdafiə etdiklərini, Avropanın enerji təhlükəsizliyini sərsəm erməni şovinizminə qurban verdiklərini göstərir. Xüsusilə Ermənistanla bağlı iddialar gülüş doğurur: ərazisində Rusiyanın hərbi bazasını saxlayan, Ukraynaya qarşı kütləvi etiraz aksiyalarının arası kəsilməyən Ermənistanın təhlükəsizliyinə Azərbaycan tərəfindən olmayan təhlükələri qabartmaqla mövcud durumda Avropa Birliyinin 27 üzv dövlətinin enerji təhlükəsizliyinə zərbə vurulmasını istəyirlər.

Bakıda Prezident İlham Əliyevlə Avropa Komissiyasının sədri arasında Azərbaycandan Avropaya təbii qaz və yaşıl enerji ixracını nəzərdə tutan saziş imzalananda Rusiyanın buna cavab verəcəyi gözlənilirdi.

71aa08d4-907a-3c82-af4b-cc699e6634d2_850.jpg (71 KB)

Və cavabın birbaşa Rusiyanın özündən olacağı fikri üstünlük təşkil edirdi. Lakin cavab Avropadan – özü də Rusiyanın Cənubi Qafqazdakı forpostunun yardımı ilə gəldi. Erməni lobbisi Rusiya ilə sinxron işlədiyini bir daha sübut etdi.

Avropa siyasətçilərinin Rusiya tərəfindən ələ alınması halları buna qədər də kifayət qədər geniş yayılıb: Almaniyanın keçmiş kansleri Gerhard Şröyder, Avstriyanın sabiq kansleri Kristian Kern, Avstriya hökumətində yüksək vəzifə tutan, Putinlə rəqsi ilə gündəmə gələn Karin Knaysl, İtaliyanın sabiq baş naziri Silviyo Berluskoni... Bu şəxslərin hamısının Rusiya və onun rəhbəri ilə yaxın “dostluq” münasibətləri olub. 2013-cü ildən indiyədək bu əlaqələr sayəsində Avropanın qaz təchizatının diversifikasiya olunması planı irəliləyə bilməyib, qitə Putinin ucuz qaz siyasətinin ağuşuna atılıb. İndi Azərbaycanla enerji sazişinə qarşı çıxan “siyasi xadimlər” haradaydılar onda görəsən? Axı Rusiya onda da avtoritar rəhbər tərəfindən idarə olunurdu, Ukraynanın bir hissəsini işğal altında saxlayırdı... Niyə indi Rusiyanın özəl “Lukoyl” şirkətinin “Şahdəniz”dəki 20 faizə çatmayan payını Avropaya təhdid kimi qabardanlar “Şimal axını 1”, ardınca “Şimal axını 2” kəmərləri planlaşdırılan, çəkilən zaman səslərini çıxartmadılar, axı bu kəmərlər bilavasitə Rusiya qazını nəql etmək üçün çəkilirdi? Yeri gəlmişkən, 20 faizə yaxın pay “Lukoyl” üçün “Şahdəniz” layihəsində hər hansı qərarverici səlahiyyət yaratmır. Layihə üzrə imzalanmış hasilatın pay bölgüsü sazişinə əsasən, “Lukoyl” passiv sərmayədardır, hasil olunan məhsulun hara, kimə satılmasına qərarı layihənin operatoru olan bp irkəti və Azərbaycan dövləti verir...

Azərbaycanın Avropaya sazişdə nəzərdə tutulan həcmdə qaz vermək imkanının olmaması iddiasına gəlincə, illik 20 milyard kubmetr qazı Azərbaycanın yalnız “Şahdəniz” yatağından təmin etmək mümkündür və yaxın 3 ildə bu həcmə nail olunacaq. “Şahdəniz” layihəsi imzalanan vaxt planlaşdırılan, layihənin ikinci mərhələsində tam təsdiqlənən ehtiyatlar buna rahat imkan verir. Üstəlik, Azərbaycanın “Abşeron”, “Şəfəq”, “Asiman”, “Ümid-Babək” və “Azəri-Çıraq-Günəşli” yataqlarında da təsdiq olunmuş ciddi qaz ehtiyatları var. Nəhayət, Azərbaycanın İran üzərindən Türkmənistan qazını alaraq Avropaya çatdırmaq imkanı artıq əməldə sübut olunan faktdır.

azeri_chirag_guneshli_oil_rig_300816.jpg (50 KB)

Avropa İttifaqı ilə imzalanan enerji sazişinin yalnız təbii qazla bağlı hissəsini qabartmaqla diqqəti ekoloji tələblərə yönəltməyə çalışan ermənipərəst siyasətçilər sazişin digər komponentləri – Azərbaycandan Avropaya hidrogen, günəş və külək enerjisinin timsalında yaşıl enerjinin ixracını görməzliyə vururlar. Halbuki saziş imzalanarkən Azərbaycan Prezidenti və Avropa Komissiyasının rəhbəri məhz bu kompnonetləri daha çox qabartdılar. Çünki yaxın gələcəkdə Azərbaycanın Xəzər dənizindəki 157 giqavatlıq enerji potensialından Avropanın mənafeyi naminə istifadə imkanları genişdir...

Bu imkanları Avropa Komissiyası, Bakı ilə yanaşı Rusiya da görür. Bakıda imzalanan sazişin reallaşması Rusiyanın Avropanı qaz-enerji asılılığında saxlamaq planları ilə daban-dabana ziddir. Bu gün Rusiya Əlcəzairi, Afrika ölkələrini Avropaya qaz nəqlini artırmaq planlarından kənarlaşdırmaq üçün əlində olan bütün rıçaqlardan istifadə edir: onlara buğda, gübrə satışını azaldır, yaxud qiymətləri qaldırır. Azərbaycana birbaşa tələb qoya bilmir, çünki Avropaya qaz nəql edən Cənub Qaz Dəhlizi tikilərkən hər hansı etiraz bildirməyib: çünki illik 20 milyard kubmetri özünün Avropaya tədarük etdiyi 150 milyard kubmetrə rəqib görmürdü. Üstəlik, Azərbaycan qazı Rusiyanın əsas bazarı olan ölkələrə deyil, Avropanın cənubuna gedəcəkdi. İndi şərtlər tamamilə dəyişib: Avropaya axacaq hər milyon kubmetr qaz da Rusiyanın zərərinədir. Çünki Avropa bu gün dama-dama göl olar prinsipi ilə hərəkət edir: mümkün olan bütün istiqamətlərdən qaz alışını artırır. Nəticədə 2022-ci ilin birinci yarısında Avropa maye qaz, Norveç, Əlcəzair, Azərbaycandan boru qazı qismində ümumi qaz alışını 38 milyard kubmetr artırıb. Bu, Rusiyanın kəsdiyi 28 milyard kubmetrdən 10 milyard kubmetr çoxdur. Moskvanı təlaşlandıran məhz budur. Azərbaycan hazırda Cənub Qaz Dəhlizinin TAP seqmenti ilə Avropaya gündəlik qaz nəqlini 37 milyon kubmetrə çatdırıb.

c6bdc6c1-ce3e-3985-950f-c769e672b04a_850.jpg (127 KB)

Bu, illik 13,5 milyard kubmetr – nəzərdə tutulandan 3,5 milyard kubmetr artıq həcm deməkdir. Azərbaycan qazı Avropa İttifaqının təchizat şəbəkəsi ən az şaxələnmiş hissəsinə - Balkanlara gedir. Bolqarıstanla Yunanıstanı birləşdirən interkonnektorun işə salınması Avropanın zəif bəndi olan ölkələrin qaz təchizatına böyük töhfə verməkdədir. Bununla bağlı real təsəvvür yaransın deyə bildirək ki, Bolqarıstanın illik qaz istehlakı 3 milyard kubmetr təşkil edir.

Azərbaycan 30 ilə yaxın müddətdə ETİBARLI tərəfdaş olduğunu isbat edib. Avropa İttifaqı əmindir ki, Azərbaycan öz imzasına sadiq dövlət olaraq qaz nəqlini artırmaq üçün bütün imkanlarını səfərbər edib, edəcək. Məhz buna görə Avropa Komissiyasının rəhbəri Bakıya təşrif buyurarkən “daha etibarlı” tərəfdaşdan qaz almaq üçün gəldiyini yazmışdı...

 

photo_2022-07-19_12-51-09 (2).jpg (105 KB)

İndi ermənipərəst siyasətçilər Azərbaycanda diktatura olduğunu iddia edərək Avropanı ölkəmizlə əməkdaşlıqdan çəkindirməyə çalışırlar. Amma unudurlar ki, “demokratik” Ermənistan hazırda Rusiyanın əsas dəstəkçilərindən biridir. Erməni biznesi Rusiyanın sanksiyalardan yayınmaqla Avropadan qadağan olunan məhsulları əldə etməsində vasitəçiliyi getdikcə genişləndirir. Belə bir situasiyada erməni lobbisinin qaldırdığı hay-küy elə hay-küy olaraq qalacaq. Vaxtilə Cənub Qaz Dəhlizinə də eyni hücumlar təşkil olunmuşdu, nəticəsi göz önündədir...

Nəhayət, erməni havadarlarının müraciətini işıqlandıran Fransa mediası öz ölkələrinin vəziyyətini düşünsə, daha yaxşı olardı: Rusiya qaz nəqlini tamamilə dayandırdığı zaman soyuq havada enerjisiz qalan fransız xalqı heç də erməni havasına oynamayacaq...

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR