İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni icması ilə dialoq separatçıların tərəf kimi tanınmasına gətirə bilər? - 2 rəy

509 18.03.2023 10:09 Gündəm A A

“İndi heç nə etməsək, gələcəkdə böyük müharibə olacaq. Hazırda Xankəndidə antiterror əməliyyatı keçirməklə ərazi bütövlüyümüzü bərpa edə bilərik. Bunun üçün Rusiya ilə ciddi danışıqlar aparmaq, Laçında dövlət sərhədini bərpa etmək lazımdır”.

Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev xalqcebhesi.az saytına müsahibəsində söyləyib.

Onun sözlərinə görə, Ermənistanın və onu himayə edən Qərb ölkələrinin münaqişəyə dair mövqeyi 44 günlük müharibədən sonra dəyişməyib və heç kim Azərbaycanın ərazi bütövlüyü çərçivəsində münaqişəyə son qoyulmasını səmimi olaraq istəmir. “Ona görə danışıqlar yolu ilə ərazi bütövlüyümüzün bərpası mümkünsüzdür. Separatçılarla mənasız danışıqlar aparmaqla onları tərəf kimi legitimləşdirmək yanlış yoldur. Hansı ki, bizi buna sövq edirlər”, - deyə o qeyd edib.

Artıq məlumdur ki, Xocalıdakı təmaslardan sonra erməni icması ilə ikinci dəfə danışıq cəhdi baş tutmayıb. Kriminal-separatçı rejim erməni icması adına Bakıda görüş təklifini rədd edib. Mifik “dövlətin” qondarma “xin”i yenə köhnə havanı çalıb. “Bakı ilə yalnız bərabərhüquqlu, iki müstəqil tərəf kimi danışıq mümkündür”, “hansı erməni icması, biz artıq müstəqil dövlətik”, “təklif KİV vasitəsilə deyil, bizə və rəsmən göndərilməlidir” - bu kimi sarsaq şeylər səsləndiriblər.

Növbəti görüşün nə vaxt, harada baş tutacağı hələlik məlum deyil. Lakin aydındır ki, rəsmi Bakı bununla hər şeydən öncə dünyaya, ələlxüsus erməni havadarlarına bir daha sülhpərvər, tolerant və polietnik dövlət olduğumuzu göstərir. Paytaxtımıza gələcək erməniləri kriminal separatçı rejim sarıdan hansı təhlükə gözlədiyinə diqqət yönəltməklə Azərbaycanın anklavdakı quldur dəstələrə qarşı güc tətbiqində tam haqqı çatdığını nümayiş etdirir.

BAXCP sədri isə burada dövlətimiz üçün təhlükə görür, separatçılarla təmasları vaxt itkisi sayır. Belədirmi? Erməni icması ilə dialoq gerçəkdənmi separatçıları tərəf kimi tanımaq riski yarada bilər? Politoloqlar partiya sədrinin narahatlığını bölüşürmü?

Politoloq Murad Sadəddinov "Yeni TV"nin CANLI YAYIMINDA - YouTube

Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a açıqlamasında bu iddialarla razılaşmadığını bildirdi. Səbəbini isə belə izah etdi: “Bizim Qarabağla bağlı dövlət konsepsiyasına baxsaq, bu konsepsiya çərçivəsində biz əlbəttə ki, işğal olunmuş əraziləri azad etmişik, amma Qarabağın bəzi yerlərində kompakt yaşayan ermənilərlə bağlı bütün dünyaya öz siyasətimizi bəyan eləmişik ki, onlar bizim vətəndaşlarımızdır və Azərbaycan onlara qanunlarımız çərçivəsində öz vətəndaşı kimi davranır, təminatlar verir. Bütün beynəlxalq təşkilatlara, bütün dövlətlərə bunu rəsmən bəyan etmişik. Bu konsepsiya çərçivəsində Azərbaycan istər-istəməz öz vətəndaşları kimi həmin ermənilərlə təmaslar qurmalıdır. Bu təmasların həmin erməniləri tərəf kimi tanımaq olduğunu düşünmürəm. İstər Ermənistanda, istər bir sıra xarici ölkələrdə bir çox qüvvələr var ki, bu cür təmasların həyata keçirilməsini istəmirlər. Həmin qüvvələr Azərbaycanı çəkindirmək üçün qəsdən belə fikirləri dövriyyəyə buraxırlar ki, Qarabağdakı ermənilərlə təmaslar, danışıqlar onların tərəf kimi tanınmasıdır. Azərbaycanda da bu təbliğata inanan şəxslər var. Azərbaycan bu təbliğatın təsiri altına düşüb erməni vətəndaşları ilə təmaslardan imtina etsə, həmin qüvvələr bunu dərhal bütün dünyada Azərbaycan əleyhinə çevirəcəklər. Azərbaycan da bizi istəməyən qüvvələrin əlinə arqument düşməməsi üçün qeyd etdiyim konsepsiyaya uyğun olaraq erməni vətəndaşları ilə danışıqlardan imtina etmir.

Bu cür məsələlər bütün dünyada dialoq vasitəsilə həyata keçirilir. Ona görə də Azərbaycan öz dövlət maraqlarına uyğun şəkildə danışıqları davam etdirməlidir. Separatçıların Qarabağda mövcudluğu isə xarici faktorla bağlıdır. Məhz o xarici faktoru aradan götürmək, zəiflətmək, zərərsiz hala gətirmək üçün biz öz fəaliyyətimizi həyata keçirməliyik. Lakin bu heç də o demək deyil ki, biz ancaq danışıqlar yolunu seçəcəyik. Danışıqlar yolu bir elementdir. Nəticə verməyəcəyi halda daha təsiredici elementlərdən istifadə edə bilərik. Azərbaycanın bu hüququ da var".

Politoloq Elxan Şahinoğlu isə bildirdi ki, Qarabağ erməniləri ilə danışıqlar aparılmasında Azərbaycan üçün təhlükə görmür: “Mən hesab edirəm ki, bu danışıqlar əlimizi gücləndirir. Çünki illər uzunu Qərb, beynəlxalq təşkilatlar bizdən tələb edirdilər ki, vətəndaşınız dediyiniz Qarabağ erməniləri ilə təmas qurun, onları dinləyin. Biz isə bunu haqlı olaraq etmirdik. Ona görə ki, torpaqlarımızı Ermənistan işğal etmişdi və biz Ermənistanla danışıqlar aparırdıq. Minsk Qrupu da buna görə fəaliyyət göstərirdi. Amma ikinci Qarabağ müharibəsindən sonra vəziyyət dəyişdi. Biz elan etdik ki, artıq Minsk Qrupuna ehtiyac qalmayıb, Qarabağ məsələsini isə həll etmək üçün biz özümüz məhz Qarabağdakı erməni icması ilə təmaslar qurub danışacağıq. Artıq bir neçə təmaslar qurulub-Sərsəng Su anbarı ilə, Laçın şəhərinin və bir neçə kəndlərinin boşaldılması ilə bağlı təmaslar olub, ötən ay Xocalıda görüş keçirilib. Azərbaycan bu yolu davam etdirmək üçün erməniləri Bakıya dəvət etdi, lakin gəlmədilər. Gəlməməkləri ermənilərin özlərinin zərərinədir. Amma biz dünyaya nümayiş etdiririk ki, təmaslardan qaçmırıq, müzakirələrə açmırıq. Ona görə də burada Azərbaycan üçün təhlükə görmürəm. Bu təmaslar separatçıların tanınması deyil, tanınma anlamına gəlmir”.  

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR