İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni havasına “rəqs edən” Rasmussen: - Dramla yox, dollarla...

541 28.03.2024 11:56 Gündəm A A

NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin rəhbərlik etdiyi, keçmiş baş nazirlər, parlamentarilər və diplomatların daxil olduğu “Ermənistanın Dostları Şəbəkəsi” yüksək səviyyəli qrup hesabat hazırlayıb.

Sənəd Ermənistanla Avropa İttifaqı arasında münasibətlər, onların daha da gücləndirilməsinin zəruriliyi, Ermənistanın bu ittifaqa üzvlüyü məsələlərinə həsr olunub.

Bundan başqa, hesabatda Cənubi Qafqazdakı vəziyyət və Ermənistana qarşı təhdidlərin olduğu araşdırılır. Hesabat müəllifləri Ermənistana qarşı mövcud problemləri və təhdidləri nəzərə alaraq, Avropa İttifaqının atmalı olduğu addımlarla bağlı təkliflər irəli sürüb. Sənəddə Ermənistan Respublikasına əhəmiyyətli dəstək verməyin və cəsarətli addımlar atmağın vaxtının çatdığı qeyd edilir. Hesabatda deyilir ki, Aİ keçmişdə təşkilat vasitəçilik rolunu saxlamaq istədiyi üçün Ermənistanla təhlükəsizlik məsələsində əməkdaşlıq etməkdən çəkinirdi. “Lakin Azərbaycanın Ermənistanla bağlı siyasəti göstərdi ki, Bakı problemlərin danışıqlar yolu ilə həllində o qədər də maraqlı deyil.

Əksinə, “Dağlıq Qarabağ”a hücum onun yenidən hərbi varianta müraciət edə biləcəyi ilə bağlı fərziyyələri gücləndirdi. Ona görə də Aİ vasitəçilik əvəzinə regionda iştirakını yenidən diqqət mərkəzində saxlamalı və ermənilərin müqavimətini gücləndirməli və yeni müharibənin qarşısını almalıdır. Məhz buna görə də Avropa İttifaqı ilə Ermənistan arasında həm qısa, həm də uzunmüddətli perspektivdə təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsinə ehtiyac var”. Müəlliflər Aİ Ermənistana münasibətlərin genişləndirilməsi üçün mərhələli, lakin dəqiq yol xəritəsi təklif etməli olduğunu yazıb. Bura Ermənistana Aİ-yə namizəd statusunun verilməsi daxildir.

Qeyd edilir ki, bu təklif real, əsaslı dəstəklə müşayiət olunmalıdır. Ermənistanın özünü guya olduqca qeyri-sabit təhlükəsizlik mühitində gördüyü bildirilir. Azərbaycanın Ermənistana təhlükə yaratmaqda davam etdiyi və hücuma hazırlaşdığı vurğulanır.

Hesabata görə, 2021 və 2022-ci illərdə Azərbaycan tərəfindən Ermənistanın suveren ərazisinin təxminən 200 kvadrat kilometri “işğal” edildiyi göstərilir. Sənəddə həmçinin, “işğal”ın Ermənistanın suverenliyinə birbaşa təhlükə yaratdığı bildirilir.

Qeyd olunur ki, Azərbaycan Ermənistan ərazisindən quru dəhlizinin yaradılması tələbini davam etdirir və buna nail olmasa, Ermənistanın əngəzur vilayətini “işğal” etmək üçün hərbi gücdən istifadə edəcək. Hesabat müəllifləri vurğulayır ki, Ermənistanla sərhədləri açmaqdan imtina edən və ona təzyiq göstərən Türkiyə də bu prosesdə iştirak edə bilər. Çünki o, Azərbaycanla sıx əlaqələri davam etdirir. Həmçinin, hesabatda Türkiyənin bölgədəki rolunun vacibliyindən və Ermənistanla münasibətlərin yüksək səviyyəyə çatdırılmasının zəruriliyindən bəhs edilir.

Göründüyü kimi, sözügedən hesabat Azərbaycana və Türkiyəyə qarşı qərəzli olmaqla yanaşı, eyni zamanda Ermənistanın siyasi ritorikasını özündə əks etdirir. Ancaq bu “sənəd”in daha çox Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında maraqlı olmayan erməni radikal millətçi qüvvələrinin və Avropadakı bir sıra dairələrin siyasi direktivləri əsasında hazırlandığı müşahidə olunur.

Söhbət erməni diasporu, erməni lobbisi və Avropada Ermənistana havadarlıq edən ölkələrdən gedir.

Ancaq həm Anders Foq Rasmussenin, həm də onun rəhbərlik etdiyi “Ermənistanın Dostları Şəbəkəsi”nin Azərbaycana qarşı qərəzli münasibəti ilk dəfə baş vermir. Yəni bu qurum Azərbaycanda hər kəsə yaxşı tanışdır.

Xatırladaq ki, Anders Foq Rasmussen bir il öncə Ermənistana səfər etmişdi. O, 2023-cü il martın 14-də Laçın rayonu ilə şərti sərhədə gələrək “Qarabağa qayıda bilməyən” ermənilərlə görüşmüşdü.

Rasmussen ermənilərin Qarabağa buraxılmamasına dair verdiyi bəyanatların arxasında dayanan gizli məqamlar isə qısa az sonra aydın oldu. Halbuki, həmin vaxt yoldan mülki şəxslərin və yüklərin keçməsinə heç bir problem yox idi. Hətta Rasmussenlə görüşən ermənilərin əksəriyyətinin o dövrdə Qarabağda yaşayan ermənilər olmadığı da üzə çıxmışdı. Rasmussen Azərbaycanla bağlı absurd fikirlər söyləyərək guya Laçın-Xankəndi yolunun bağlı olduğuna dair iddialar səsləndirmişdi. Əslində isə yol humanitar məqsədlər üçün açıq idi. Buna baxmayaraq, Danimarkanın sabiq baş naziri Azərbaycanı mümkün “qırmızı xətti” keçməməklə təhdid etmişdi. Həmçinin, Avropa İttifaqının Azərbaycana qarşı sanksiyalar tətbiq etməsinin vacibliyini bəyan etmişdi. Lakin Rasmussenin Ermənistan səfəri başa çatmamış onun Azərbaycan qərəzinin əsl səbəbləri məlum oldu. Be məlumatı isə elə ermənilər açılqadı.

ABŞ-də yaşayan erməni fəal Alison Taxmizyan özünün “X” səhifəsində Ermənistan hökumətinin NATO-nun keçmiş baş katibinə bu ölkəyə səfəri üçün pul ödədiyini açılqadı:“Elə bilirsiniz ki, Anders Foq Rasmussen Ermənistana ürəyi yandığından, altruizm hisslərindən, NATO-nu hər hansı bir statusda təmsil etmək üçün gəlmişdi? Ermənistan hökuməti ona bunun müqabilində pul ödəyib”.

Qeyd edilir ki, NATO-nun keçmiş baş katibinin gəlir deklarasiyasına əsasən, onun müştəriləri arasında Avropa İttifaqının Yaponiya və Tayvandakı missiyaları, “Equinor”, “Viasat” və s. kimi Ermənistan da var. Göründüyü kimi, Rasmussen maddi maraqları naminə, yəni pul müqabilində erməni havasına “rəqs edib”. Bunu sübut etmək üçün onun Ermənistana səfəri zamanı müdafiə naziri Suren Papikyanla keçirdiyi görüşdə verdiyi açıqlamaya diqqət yetirmək lazımdır. “Mən gözəl Cermuxda (İstisu) oldum və mer mənə azərbaycanlıların hücumlarının şəhərin turizminə necə mənfi təsir göstərdiyini söylədi”, - deyə Anders Foq Rasmussen bildirib. “Bu blokada nə insani, nə də qanunidir. Mən “Dağlıq Qarabağ”da yaşamış insanlarla görüşdüm və onlar “Dağlıq Qarabağ”da hökm sürən böhranlı vəziyyətdən danışdılar. Blokada o deməkdir ki, “Dağlıq Qarabağ”a yalnız çox cüzi miqdarda ərzaq və ya dərman verilə bilər. Bu da “Dağlıq Qarabağda qida çatışmazlığı və ya həyat qurtaran dərmanların olmaması deməkdir. Bu, fəlakətə çevrilə biləcək humanitar böhrandır. Bu blokada qanunsuzdur”.

Məlum oldu ki, Andreas foq Rasmussenin rəhbərlik etdiyi “Rasmussen Global” siyasi konsaltinq təşkilatı məhz Ermənistandan, Qərb dövlətlərindəki erməni diasporundan maliyyələşir. Baş ofisi Kopenhagen şəhərində yerləşən qurumun Brüssel, Berlin, London və Vaşinqton şəhərlərində ofisləri var. Ermənilər Rasmussen vasitəsilə Avropa İttifaqının aparıcı təşkilatlarında Azərbaycan əleyhinə sərt qərarların qəbul edilməsi müqabilində, görünür, ona pul vəd ediblər. Çox güman ki, erməni diasporunun və lobbisinin məqsədi iftiralardan ibarət hesabatı Avropa Parlamanetinə çıxartmaqla Azərbaycana qarşı beynəlxalq təzyiq və sanksiyaların tətbiqinə nail olmaqdır.

Bundan başqa, Rusiya ilə hərbi müttədfiqliyə son qoymağa çalışan Ermənistan hakimiyyəti böyük ehtimalla Rasmussenə Avroatlantik məkana inteqrasiya kursunu tutacağını, əvəzində sabiq NATO rəhbərinin təşkilatının İrəvanda ofisini açacağını vəd edib. Ancaq Ermənistanın Avropa İttifaqına üzv kimi namizəd statusu alması, yaxud Rusiyanı NATO ilə əvəz etməsi Rasmusseninin düşündüyü qədər asan deyil. Bunun üçün ən azı iki amili nəzərə almaq lazımdır.

Birincisi, Ermənistan Rusiyanın liderlik etdiyi Avrasiya İqtisadi Birliyi, Avrasiya Gömrük İttifaqı və Müstəqil Dövlətlər Birliyinin üzvüdür. Bu qurumlarda təmsil olunan ölkə paralel şəkildə Avropa İttifaqına daxil ola bilməz. Çünki Avropa İttifaqına üzvülük statusu qazanmaq və qəbul olunmaq üçün Ermənistan adıçəkilən qurumlardan çıxmalıdır.

İkincisi, Ermənistan uzunmüddətli islahatlar paketi həyata keçirilməlidir. Yəni indiki şəriatdə Ermənistanın guya Avropa İttifaqına daxil olacağına dair Rasmussenin verdiyi vəd çox güman ki, ianə adı altında rüşvət qoparmaq məqsədi daşıyır. Rasmussen onu da bilir ki, Ermənistanın 2044-cü ilə qədər Rusiya ilə hərbi müqavilələrə xitam vermək imkanı yoxdur.

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmasına gəlincə, Qərb bu məsələdə rəsmi İrəvanı tələsdirir. Lakin Qərb Ermənistanın təhlükəsizliyinə təminat vermir. Ermənistanın qoşulduğu müqavilə-hüquq baza təhlükəsizliyin məhz Rusiya və KTMT tərəfindən təmin edilməsini nəzərdə tutur. Ona görə də Ermənistan ilk növbədə, bu sahədə hüquqi bazanı yeniləməlidir. NATO-ya üzvlük isə on illərlə vaxt tələb edən hüquqi, hərbi, siyasi və iqtisadi islahatlar paketinin reallaşmasını tələb edir. Ermənistan buna hazır deyil. Ona görə də Rasmussenin hesabatı korporativ maraqlara xidmət edən blefdən başqa bir şey deyil.

“Cebhe.info”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR