İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğanın Soçi səfərinə hazırlıq başladı - Fidanla Lavrov nələri razılaşdıracaq?

528 31.08.2023 10:11 Siyasət A A

Bu gün Türkiyə və Rusiya XİN başçıları Moskvada görüşür - masada sülhməramlılar, antiterror əməliyyatı da var...

Rusiya xarici işlər naziri Sergey Lavrov avqustun 31-də (bu gün - E.S.) türkiyəli həmkarı Hakan Fidanla görüşəcək. “Yeni Müsavat” yazır ki, bu barədə Rusiya mediasının yaydığı xəbərdə bildirilir.

Görüşün Moskvada baş tutacağı gözlənilir. XİN başçılarının hansı məsələləri müzakirə ediləcəyi rəsmi açıqlanmasa da, qeyd olunur ki, görüşdə Azərbaycan-Ermənistan münasibətləri, sülhməramlı kontingentin nəzarətindəki ərazilərdəki mövcud vəziyyət, o cümlədən gözlənilən antiterror əməliyyatlarına dair fikir mübadiləsinin də aparılacağı birmənalıdır. Eyni zamanda Putin-Ərdoğan görüşü öncəsi XİN başçılarının bir sıra qlobal məsələlər, o cümlədən Afrika ölkələri ilə bağlı siyasətdə müəyyən razılaşmalar əldə edəcəkləri gözlənilir.

Putin və Ərdoğan arasında Soçidə planlaşdırılan danışıqlardan sonra bir neçə saziş imzalaya bilər. Bunu isə TASS-a Ankaradakı mənbə məlumat verib. “Ehtimal var ki, Türkiyə və Rusiya liderlər arasında aparılan danışıqlardan sonra Soçidə bir sıra sazişlər imzalaya bilər. Sözsüz ki, bu, iki ölkə arasında münasibətlərin inkişafına yeni təkan verə bilər. Lakin hər şey ikitərəfli danışıqların nəticələrindən asılı olacaq”, - deyə mənbə bildirib. Daha əvvəl Türkiyədəki diplomatik mənbə TASS-a Putinlə Ərdoğan arasında görüşün sentyabrın 4-ü Soçidə planlaşdırıldığını bildirmişdi. “Habertürk” telekanalı da bu tarixi Ərdoğanın Soçi səfəri üçün ehtimal olunan tarix kimi qeyd edib. Ekspertlərin qənaəti nədir, baş diplomatların görüşündə konkret hansı qərarlar verilə bilər? XİN başçılarının və ardınca Rusiya-Türkiyə prezidentlərinin görüşünün hansı nəticələri ola bilər?

Oxu.az - Ramiyə Məmmədova: “Türkiyə seçicisi başa düşür ki, Ərdoğan  xarizmatik liderdir”

 Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədova Lavrov-Fidan görüşünü Ərdoğanın Soçi səfərinə hazırlıq mərhələsi kimi qiymətləndirir. Türkiyə XİN başçısının rusiyalı həmkarı ilə əsasən “taxıl sazişi”ni müzakirə edəcəklərini söyləyən təhlilçinin sözlərinə görə, masada Cənubi Qafqaz mövzusunun olması da qaçılmazdır. Ekpert hesab edir ki, Lavrov G20 sammitində iştirak üçün Hindistana səfər etməlidir və bu ərəfədə Fidanla danışıqlar vacibdir: “Rusiya üçün Türkiyə hava-su kimidir. Heç zaman olmadığı qədər bir tarixi yaxınlaşma mövcuddur. Sadəcə, situativ bir haldır. Yəni mövsümi və dövri xarakter daşıyır. Unutmayaq ki, Türkiyə bir Avropa ölkəsidir, NATO dövlətidir. Təbii ki, Rusiya ilə bir sıra regional məsələlərin həllində "qızıl orta" tapa bilirlər. Ankara və Moskva artıq Suriya, Liviya, Qarabağ və Ukraynada konsensusa gələ biliblər. Deməli, sınaqdan çıxmış münasibətlərdir. Bu da çox mühüm mərhələdir. Əgər tərəflər əlaqələri bu templə davam etdirə bilsələr, strateji cəhətdən tərəfdaşa çevrilə bilərlər. İndiki münasibətləri isə tərəfdaşlıqdan daha çox maraqların uzlaşması kimi dəyərləndirə bilərik. Sözsüz ki, bu da Azərbaycanın istəklərinə adekvatdır. Bizim qardaş dövlətlə yaxın qonşumuz nə qədər isti əlaqələrə sahib olsalar, bir o dərəcədə Azərbaycan üçün faydalıdır".

R.Məmmədova Fidanla Lavrov görüşündə Cənubi Qafqaz mövzusunun aktual olacağını düşünür, lakin prioritet məsələ “Taxıl anlaşması”nı uzatmaqdır: “Rusiyanın incikliyi var idi. "Azov"çu komandirlərin Zelenskiyə verilməsi Moskvanın xoşuna gəlməmişdi. Amma Kreml özü o qədər anlaşmaları pozub ki... İndi onunla “rusca” danışmaq lazımdır, çünki başqa dildən anlamırlar. Ona görə lokal narazılıqları kənara qoyub vacib məsələləri müzakirə edəcəklər. Məncə, taxıl mövzusunda razılaşa biləcəklər, yaxud hansısa alternativ yol tapılacaq. Lavrovla Fidan həm də prezidentlərin görüşünə hazırlıq görəcəklər. Ərdoğan Soçiyə getməlidir və Putinlə hansı problemlərin danışılacağı nəzərdən keçiriləcək. Rusiya lideri Türkiyədən daha çox yapışmağa çalışacaq. Kreml rəhbəri nə BRİKS sammitinə getdi, videomüraciət ünvanladı, nə G20 sammitində iştirak edəcək, yerinə Lavrov gedir, anlayır ki, Haaqa məhkəməsinin həbs orderi hər nöqtədə, hətta müttəfiqlərin ölkəsində belə risklidir. Bu mənada Putin Ərdoğanla bir sıra məsələlərdə razılaşacaq. Azərbaycan isə bu iki dövlətin münasibətləri fonunda Qarabağda suverenliyin tam bərpasını yekunlaşdırmalıdır. Bundan əlverişli fürsət ola bilməz, Ukrayna cəbhəsi rusların başını qarışdırır". 

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR